Modern.az

“Facebook”un yaradıcısının Konqresdə məhkəməsi

“Facebook”un yaradıcısının Konqresdə məhkəməsi

17 Aprel 2018, 18:40

Bakının bahalı ərəb xalçaları ilə döşənmiş sütunlu salonlarında ATƏT-in demokratiya savaşı verdiyi günlərdə Amerikanı və dünyanı özünün dahi ixtirası ilə dəyişən Mark Zukkerberq mənsub olduğu ölkənin parlamentarilərinin qurduğu tatami üzərində bilək yarışına çıxmışdı.

 

Doğrusu, Suriya və Skripal davasına belə informasiya nəhənginin qoşulmadığına çoxları təəccüb edirdi.Hər halda facebook və İnstaqram kimi alternativ qitə yaratmağı bacaran gənc macərapərəstlərin sorğu-sual ediləcəyini hamı gözləyirdi.İndi raket zərbələri və sanksiya yağışı altında qalan dünyanın növbəti qayğıısı informasiya məkanında Markın da qoşulmağa məcbur qaldığı antirusiya hücumlarıdır.

Amerika senatorları məhkəmə səlahiyyətlərini öz üzərlərinə götürərək, təhlükəsizlik və milli maraqlar adı altında Tomas Cefersonun, Corc Vaşinqtonun qoyub getdikləri mirası dəyişdiririrlər.Culian Asanjdan sonra növbəti qaçaq mücahid dünya insanlarının məlumat azadlığı uğrunda mübarizədə səfirlik və ev dustaqlığına atılsa, qətiyyən gözlənilməz olmayacaq.


Əlbəttə,Konqresdə əyləşən qoca deputatlar sıravi milyarderin ABŞ Müdafiə naziri Cim Mattisdən daha böyük hakimiyyətə, pula və nüfuza malik olduğunu yaxşı anlayırlar.Ona görə də Silikon vadisindəki ənənəvi məhkəmələrdən fərqli olaraq, daha yumşaq ton və ehtiramlı müraciət formaları seçilmişdi.Hər halda paralel hakimiyyət olan və əsil dövlətdən daha böyük kontingenti arxasınca aparan Mark Zukkerberg bir vaxtlar Musa peyğmbərin dalınca gedən yəhudilərdən milyon dəfə çox saya, gücə və təsir imkanlarına malikdilər.

 

Ona görə də konresmenlər yeni imperiya sahibindən açıq-aşkar çəkinirdilər.Digər tərəfdən, Maykl Pompeo hələ dövlət katibi vəzifəsinə əyləşməyib, lakin Kəşfiyyat İdarəsinin sabiq şefinin əlindəki informasiyalardan daha güclü silahlar fb-də və onun satın aldığı İnstaqramda varsa, onunla hesablaşmaq(bütün mənalarda) hər bir public şəxsin sadəcə borcudur.Adam NKVD doprosuna gəlmədiyini yaxşı bilirdi.Müttəhim stulunda əyləşən şəxs hakimdən daha böyük səlahiyyətlərə və titullara malikdir.Hərdən elə mənzərə yaranırdı ki, sədarətdə hazır mətnləri oxuyan və müasir informasiya texnologiyalarının incəliyini bilməyən adamlar, məsələn, Komitə sədri mister Qresley və ya madam Klobuçar bütün hökmran ədaları fonunda daxillərindəki qorxunu boğmağa çalışırdılar.Birdən elə vəziyyət yaranar ki,tamaşaya hazırlıqlı gələn Markın özü və komandası qarşılarındakı şəxsin konfidensial sirlərini açıb tökər və onları rüsvay edərdirlər.Məgər fb rəhbərindən hansı hoteldə gecələdiyini soruşanlar özləri saray daxilində müqəddəs həvarilər kimi gəzib dolşmırar ki?

Onların yüzlərlə dolaşıq biznes əməliyyatı, yaxud gizli lobbiçilik fəaliyyəti haqda bəlgələr təkcə Federal Kəşfiyyat Bürosunun deyil,yeni informasiya qiqantlarının da əlindədir.Yəqin, unutmamısız, Pan gi Munu-BMT-nin sabiq baş katibini izlətmək üçün xanım Klintonun tapşırıqları nədən ibarət idi.Dünyanın təhlükəsizliyi ilə məşğul olan adamı ayaq yolunda da izləyirdilər.
Belə total elektron casusluq fonunda Mark Zukkerberq yaxşı anlayır ki, onun ərsəyə gətirdiyi nəhəng maşın Corc Oruelin vahid televizoru kimi ilahi nəzarəti həyata keçirərək hamını xofda saxlamaqla yanaşı,həm də güclü siyasi silahdır.

 

Doğrudur,o heç bir hakimiyyət iddiası ortaya qoymayıb.Zatən ona “inhisarçı” adını qoysalar da o faktiki olaraq, istənilən iqtidarı seçə və ya onu taxt-tacdan aşıra bilər.Hər halda son seçkilər onun imkanlarını kiçik bir ada ölkəsində deyil,dünyaya hakimiyyətləri təyin edən mərkəzin özünə göstərdi.
Əlbəttə,Markı Donald Trampa görə cəzalandırmaq istəyənlər çoxdur.Onun Hillari Klintonun məğlubiyyətinə səbəb olan Rusiya botlarına,trol ordusuna və reklam xidmətlərini seçki mübarizəsinin həlledici mərhələsində xalqın əvəzindən Putinin maraqları alətinə çeviridiyinə görə çarmıxa çəkmək istəyənlər uzun müddətdir hazırki hakimiyyətin ağır çəkili fiqurlarını qurban verməyə məcbur edirlər.Maykl Flinn onun ən paralq nümayəndəsidir.Facebookda milli və irqi ayrıseçkilik,nifrət təbliğatı və uşaqların məruz qaldığı psixoloji hücumlar gerçəkdən də dünyanın bir nömrəli problemidir.Ona görə kütləvi informasiya vasitələri kütləvi qırğın silahından önə keçib.


Lakin rusdilli seqmentə qarşı ABŞ siyasi elitasının planlarını gətirib Markın üzərinə qoymaq, onu Federal Kəşfiyyat və mərkəzi xəfiyyə orqanlarının bir vintinə çevirmək istəyi reallaşması qeyri-mümkün olan ssenaridir.Belə ki,günün birində amerikalılar elektron hökumət və süni intellekt idərəçiliyinə səs verib hamının təzimə məcbur edildiyi Ağ Ev hökumətini tanımaqdan imtina edə bilərlər.

Ona görə də Big dataların-təxminən 87 milyon istifadəçinin şəxsi sirlərinin hansısa Cambridge Analytica şirkətinin əlinə keçməsi Konqresdə məhkəmə qurmaq üçün yalnız bəhanə sayıla bilər.Məgər Wikileaks dünyada hansısa əlçatmaz sirr qoyub ki?
Bir ölkənin seçki kampaniyasında əsas namizədin hesabına Mərakeş şahzədəsi 22 milyon dollar cib xərcliyi köçürür və bu sıravi vətəndaşda heç bir sinir tərpənməsi yaratmırsa, çox unikal bir dövrə gəlib çatmışıq.


Dünyanın məxfi hücrələrdən idarə olunduğu dövr arxada qalıb.İndi müharibələr də,qətllər də, dünyaya gələn körpələr da canlı yayım-real zaman rejimində cəmiyyətlərə təqdim olunur.
Ona görə də Mark Zukkerberqin Putin əleyhinə savaşa cəlb edilməsi çox ucuz layihədir.Onsuz da beyin işğalı istənilən ölkə vətəndaşını facebook imperatorunun sərəncamına verib da..
Hamı keçmiş Bakı tramvaylarının qoşulduğu xətdən asılı qalıb.Dünya markların hökmranlğı altındadır.

 

Konqres yalnız keçmişə sərəncam verə bilər.Avraam Linkolnun ləğv etdiyi köləlik indi yeni texnologiyalarının təbəəliyi ilə əvəzlənib.Ona görə də Amerikada Stalinin senzura alətləri işləmir.Adamlar “virtual oksigen balonu”ndan ayrı yaşaya bilməzlər.

Böyük rezidentsiyaların kiçik planşetlərin içərisinə yerləşdiyi eraya xoş gəlmisiz.

 

ZAHİD ORUC

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir