Modern.az

Yaradıcı ruhlu insan – Qafar Əsgərzadə 55 - FOTOLAR

Yaradıcı ruhlu insan – Qafar Əsgərzadə 55 - FOTOLAR

Ədəbi̇yyat

18 Aprel 2018, 11:57

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş qərargahında yeni işə başladığım dövrdə Qafar müəllim məni tanışlıq söhbətinə çağırdı və mənim söhbət əsnasında otaqdakı kitab rəfinə gözüm sataşdı.  Kitab oxumağa olan sonsuz sevgimdən irəli gələn bir hissiyatla, özümdən ixtiyarsız bu kitabların nədən bəhs etdiyini soruşdum. O da mənə təbəssümlə əsasən şeir kitabları olduğunu dedi. Mənim də şeiriyyata olan bağlılığımı bildikdən sonra bizim görüşlərimizin sayı daha da artdı. Qafar müəllim də şeiriyyata, sənətə və sənət adamlarına maraqlı olduğu üçün onunla söhbətimiz alınırdı. Demək olar ki, imkan düşdükcə onun otağında qızğın yaradıcılıq mübahisələri aparırdıq. Nə vaxt ki, söhbət poeziyadan, sənət adamlarından düşürsə ruhunun təzələndiyini hiss edirəm. Onunla söhbət edəndə insan özünü başqa bir möcüzəli aləmdə hiss edir. Sənət adamlarından kiminsə haqqında söhbət düşəndə əgər şəxsən tanıdığı şəxsiyyətdirsə onunla bağlı bütün xatirələrini sevə-sevə danışır. Bir yaradıcı insan kimi Qafar müəllimin ən gözəl xüsusiyyətlərindən biri və bəlkədə birincisi həmkarlarına qarşı olan səmimi münasibəti, rəğbətidir.

Gənclik ilərində uzun müddət radio və televiziya jurnalisti kimi fəaliyyət göstərdiyi vaxtlarda müxtəlif səpkili ədəbi-bədii və musiqili verilişlər hazırlayarkən dəvət etdiyi ən böyük sənətkarlardan müsahibə götürüb onlardan veriliş hazırlaması özü bir fitrətdən doğan böyük istedadın göstəricisi idi. SSRİ xalq artisti, dövlət mükafatı laureatı, dünya şöhrətli Zeynəb Xanlarova, SSRİ xalq artisti Arif Məlikov, Lütfiyar  İmanov, xalq artistləri- Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə, İlhamə Quliyeva, Nisə Qasımova, Əminə Yusifqızı, Laləzər Mustafayeva,  İlham Əsgərov, xalq şairləri- Nəbi Xəzri, Cabir Novruz ,Qabil, xalq yazıçısı-Hüseyn Abbaszadə, Xalq rəssamları- Kamil Əliyev, Fərhad Xəlilov,  əməkdar rəssam- Hacıağa Nəzərli, əməkdar artistlər- Mətanət İsgəndərli, Nüşabə Ələsgərli kimi söz-sənət xiridarlarından müsahibələr götürmək, verilişlər hazırlamaq hər bir qələm adamına nəsib olmayan bir xoşbəxtlikdir. Onun müəllifi olduğu verilişlərə baxanda məni valeh edən, ssenariyə uyğun olaraq, bütün şeirləri, qəzəlləri,  musiqi parçalarını, aktyor və müğənniləri zərgər dəqiqliyi ilə seçməsidir. Onun yaradıcılığına bələd olduqca bu insanın daxildən gələn istedadının vurğunu olmamaq mümkün deyil. Mənə elə gəlir ki, onun qədər uğurları olan hansısa bir qələm əhli bəlkə də onun qədər təvazökar ola bilməz.  Qafar müəllim tutduğu vəzifəsindən asılı olmayaraq, insana dəyər verməyi və hörmətlə yanaşmağı bacaran humanist bir ziyalıdır.


Musiqi mədəniyyətində öz ifa tərzi ilə xüsusi yeri olan xalq artisti İlhamə Quliyeva haqqındakı xatirə yazısında oxuyuruq:


“O, özünü çox istəyirdi. Çünki, özünü sevməyən, qiymət verməyən adam ətrafdakıları sevib qiymət verə bilməz”.


Mənə elə gəlir ki, Qafar müəllimin xarakterində olan bütün müsbət cəhətlər onun insana və insanlığa olan böyük məhəbbətindən irəli gəlir. Qafar müəllim müxtəlif səpgili yazılarında şairlərin, ziyalıların, sənət adamlarının nəsildən-nəsilə ötürülərək yaradıcılıqlarının araşdırılmasında çox böyük əməyi vardır. Qar, yağış, soyuq, isti demədən istər Bakıda, istərsə də digər bölgələrimizdə keçirilən tədbirlədə Qafar müəllim böyük bir məhəbbət hissi ilə iştirak edir. Mütəmadi olaraq, hər il Mikayıl Müşfiq, , Cabir Novruz, Mirmehdi Seyidzadə, Nizami Rəmzi kimi şair və yazıçıların il dönümünə həsr edilmiş tədbirlərin təşkilatçılığını üzərinə götürərək, sanki bu sənət adamları haqqında silsilə yazılar yazmağı özünə mənəvi bir borc hesab edir. Bu gün Qafar müəllim demək olar ki, məhsuldar qələm adamlarından biridir. Tutduğu vəzifəsindən və işinin çoxluğundan asılı olmayaraq ona tapşırılan hər bir işin öhdəsindən yüksək səviyyədə gəlir. Hər zaman tutduğu vəzifənin və bir yaradıcı insan kimi üzərinə düşən mənəvi borcun məsuliyyətini hiss edən Qafar müəllim bir gün də belə olsun qələmdən ayrılmır. O 40 ilə yaxındır ki, ömrünü qələmə bağlayıb. Qələmlə dostluq edib, qələmlə dərdləşib, heç kimə deyə bilmədiyini zamanın sınağından çıxmış 40 illik dostuna, sirdaşına, həmdəminə, könül pıçıltılarını duyan - qələmə söyləyib. Qafar müəllim dostluqda sadiqdir. Onun bu sadiqliyini 40 ildir ki, bağlandığı, bütün dərdinə-sərinə bələd olduğu, qayğılı-qayğısız günlərinin həmdəmi olan qələm qədər duyub hiss edən kimsə ola bilərmi?!  

Onun şəxsiyyətinə və qələminə böyük hörmət hissi ilə qeyd etmək istəyirəm ki, Qafar müəllimin müəllifliyi ilə 200-ə yaxın bədii, publisistik və 10 elmi məqalə, bir neçə hekayə və esse çap olunub. Bir çox yumoristik yazıların müəllifi olan Qafar müəllim bu gün də yorulmadan yazıb yaradır. Onun yaradıcılığını bir bahar fəslinə oxşatsam yanılmış olmaram. Çünki onun yaradıcılığı da bir yaza bənzəyir, orada hərəsinin öz ətri olan müxtəlif güllər, çiçəklər vardır. Verilişlərinin tarixin bir səhifəsinə çevrilməsində, o verilişlərin işıq üzü görməsində, televiziya və radio efirində özünü təsdiq etməsində, tanınmağında, populyarlıq  qazanmağında ona imkan yaradan, dəstək verən, əməkdaşlıq edən insanların adlarını istər söhbətlərində, istərsə də qatıldığı verilişlərdə çəkməyi unutmur, Qafar müəllim. Bu da onun təvazökarlığından, yaxşılığı unutmadığından, çox böyük qəlbə sahib olduğundan xəbər verir.  Mən Qafar müəllimi yaxından tanıdığım üçün deyə bilərəm ki, onun çox böyük qəlbi var. Məncə, belə olmasa idi o, tam başqa bir sahənin adamı ola bilərdi. Mən elə fikirləşirəm ki, yaradıcı adam pis insan ola bilməz, əgər belə olsa idi o, heç zaman yazıb yarada bilməzdi. Sevimli sənətkarımız, xalq şairi Fikrət Qocanın təbirincə desək: “Şair olmaq elə yaxşı adam olmaq deməkdir. Pis adam şair ola bilməz”.

 Azərbaycanın Əməkdar jurnalisti, tərcüməçi, dramaturq, publisist, AYB və AJB-nin üzvü Mailə Muradxanlı haqqında qatıldığı verilişlərin birində Qafar müəllim deyirdi: Mənim həyatımda, jurnalist yaradıcılığımda Mailə xanımın xüsusi rolu olmuşdur. Jurnalistikada, xüsusilə də radio və televiziya jurnalistikasında hələ ilk peşəkar addımlarımı atanda məhz, Mailə xanım mənə dəstək durmuş, düzgün istiqamətləndirmişdir. O, mənə sənətin sirrlərini öyrətməklə yanaşı, bu sənət yolunda necə hərəkət etməyi də məndən əsirgəməmişdir. Bu sənətdə mənim ilk müəllimim, ustadım məhz, Mailə Muradxanlı olub. Əgər məni televiziyaya ilk dəfə Mailə xanımın də müəllimi olmuş Firudin Ağayev gətiribsə, mənə böyük efir etibar edən, sonradan televiziya jurnalisti kimi yetişdirən elə Mailə xanım olub. Firudin Ağayev haqqında dedikləri:


“İlk dəfə məni Azərbaycan televiziyasına, belə demək mümkünsə, əlimdən tutub gətirən Firudin bəy Ağayev olub. Mənim televiziya jurnalisti kimi formalaşmağımda, inkişaf etməyimdə xidməti olan insandır. Mən jurnalistikada, elmdə nələr qazanıramsa qazanım, hansı titullara layiq görülürəmsə görülüm, mən hər bir zaman Firudin müəllimin şagirdi olaraq qalacam və Firudin müəllim mənim həyatımda hər zaman ustadım kimi, müəllimim kimi olacaq və qalacaq”. 


Firudin bəy haqqında Qafar müəllimin söhbət etdiyi bir xatirəni də qeyd etmək istərdim: Firudin Ağayev radioda uşaq verilişləri redaksiyasının baş redaktoru olur və o zaman bir gənc xanım jurnalist işə qəbul olunur və ona bir ssenari yazması Firudin müəllim həvalə edir. Az bir vaxtdan sonra bu xanım jurnalist ssenarini gətirir Firudin bəyə. Firudin müəllim baxir və üzərinə yazır “istilik”. Bu hal iki dəfə, üç dəfə təkrar olunur. Bundan təsirlənən jurnalist həmin ssenarini götürərək çaydanın qapağını açıb onun üstünə qoyur. Çaydanın buxarının təsirindən kağız üzərindəki yazılar bir-birinə qarışır. Elə bu vəziyyətdə də bu kağızı Firudin bəyə təqdim edir. Firudin bəy çox təəccüblə bunun nə olduğunu soruşanda, xanım ona cavab verir ki, “Firudin bəy neçə vaxtdır ki, “istilik, istilik” deyirsiz, mən də ona istilik verdim”. Firudin müəllim gülür və deyir: “Get, səndən yaxşı jurnalist olacaq” və sonralar bu belə də olur. Bu yaxınlarda Qafar müəllim dəvət olunduğu bir televiziya verilişində bu hadisəni qeyd etdi, məndə bir vəchlə bu xanımın kimliyini öyrənib tarixdə qalması üçün öz yazımda istifadə etmək istədim və Qafar müəllimə bu xanımın kimliyi haqqında sual verdim. Adını biləndə özümə də həm təəccüblü, həm də maraqlı gəldi. Bu xanım Azərbaycanın əməktar jurnalisti Mailə Muradxanlı idi.

Qafar müəllim əldə etdiyi uğurlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı  Novruz Aslanovun danılmaz xidmətləri olduğunu hər zaman böyük məhəbbət hissi ilə söyləyir.

İnsana düzgün istiqamət verən şəxslərə minnətdarlıq bildirmək hər kəsin borcudur. Çox şairləri dərindən tanımağımda, həmçinin sənət adamlarını, müğənniləri, rəssamları, ümumilikdə yaradıcı insanlara və ruh adamlarına bələd olmağımda mənə dəstək verən insanlara öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bunu isə etiraf etməyim mənim mənəvi borcumdur.

Bir çox ədəbi-bədii səviyyəli tədbirlər Qafar müəllimin təşkilatçılığı və təklifi ilə araya-ərsəyə gəlib.  Mirmehdi Seyidzadənın şeirlər toplusu olan bir kitabını vərəqləyərkən ‘’Xatırlayarsan’’  adlı şeiri diqqətini çəkib, onu mahnı kimi görüb və ilk ağlına gələn sima Məmmədbağır Bağırzadə olub. Ona telefon açaraq elə telefondaca bu mahnını zümzümə edib və ondan bunu Mirmehdi ilə bağlı hazırlayacağı verilişdə oxumasını xahiş edib. Yeri gəlmişkən şair-dramaturq  Davud Aslan haqqında ‘’Qılsa bu ömrüm vəfa’’ adlı verilişində Məmmədbağır Bağırzadə şairin şeirinə yeni bir mahnı yazıb və ifa edib.

Qafar müəllim həm də bədii qiraətlə də məşğul olur. Məncə şeir demək bacarığı da fitri istedaddır. Mən bu fikrə onun “ Əməkdar ali məktəb işçisi” Kövsər xanım Tarıverdiyeva haqqında yazdığı yazıdakı bir xatirəni oxuduqdan sonra tam əmin oldum. Bu yazıdan bir hissəni diqqətinizə çatdırmaq istərdim: “Günlərin birində bizim sinifdə təcrübə keçən bir tələbənin sınaq dərsi – açıq dərsi keçirilirdi. Kövsər xanım və mənim dil-ədəbiyyat müəllimim Bəhriyyə xanım Məmmədova həmin təcrübəçinin dərsini dinləyirdilər. Mövzu Məhəmməd Füzulinin “Meyvələrin söhbəti” şeirinin təqdimatı idi. Tələbə əruzu yaxşı bilmədiyi üçün şeiri pis günə qoydu. Mən dərhal əl qaldırıb, yazı lövhəsi önünə gəldim və şeiri əruz vəznində ifa etdim. Dərs qurtardı. Hamı kimi mən də tənəffüsə çıxdım və dəhlizdə var-gəl etməyə başladım. Kövsər xanım isə dəhlizdə tələbələri bir yerə toplayıb, açıq dərslə bağlı müzakirələr aparırdı. Birdən mən onun diqqətini çəkdim. O, məni çağırdı, əhsən, oğlum dedi. Üzünü təcrübəçi tələbəyə tutub, bu balaca oğlan şeiri səndən yaxşı oxudu deyib ona irad tutdu”.  Qafar müəllimdə  bu istedad uşaqlığından artıq biruzə vermişdi. Fikrini gözəl, aydın, düzgün və inandırıcı sözlərlə ifadə etmək, natiqlik istedadı, bəlağətli və fəsahətli səs tonu ilə mavi ekranlardan onu izləyən izləyicilərinin qəlbini oxşamamaq mümkün deyil. Bir dəfə Qafar müəllimə “ailədə sizdən başqa yaradıcı şəxs varmı” sualıma, “hələ ki xeyir” cavabını vermişdi.  İnanıram ki, gələcəkdə bu yaradıcılıq yolunu davam etdirəcək kimsə olacaq bu ailədə. Çünki Nəzərlilər şəcərəsi mədəniyyət tariximizə bir neçə tanınmış sima bəxş etmişdir. Uzeyir Hacıbəyov, Bülbül, Cabbar Qaryağdıoğlu kimi korifey sənətkarlar tərəfindən dəyərləndirilən və onların yaxın dostu olmuş məşhur qarmon ustası Ələkbər bəy Nəzərli, nəfəs alətlərinin məşhur ifaçısı Mehdi Nəzərli, məşhur rəssam Nəcəf Rasim Nəzərli olmuşdur.

40 ilə yaxındır ki, sözün sehrinə düşən Qafar Əsgərzadə bu illər ərzində saysız-hesabsız tədbirlərə təşkilatçılıq edərək, neçə-neçə televiziya və radio verilişlərinin də aparıcısı, müəllifi olmuşdur. Onun imzası sevilən və seçilən imzalardan biri kimi daim rəğbətlə qarşılanıb. Mənə elə gəlir ki, Qafar Əsgərzadənin yaradıcılığı araşdırılaraq, onun özünəməxsus dəstixətti və üslubu gənc jurnalistlər tərəfindən bir nümunə kimi öyrəniləcək. Əməkdar jurnalist, AYB və AJB-nin üzvü Qafar Əsgərzadənin yaradıcılığı barədə çox yazılıb və bundan sonrada yazılacaq. Mənim isə bu kiçik yazım Qafar müəllimin yubileyi ərəfəsində bir dost təbrikidir. Ömür vəfa etsə, onun yaradıcılığını bundan sonra da izləyəcəyəm. Ümid edirəm ki, bu kiçik yazım isə haqqında yazmaq istədiyim dəyərli bir dostun, tanınmış bir jurnalistin, ömrünü sözə-sənətə həsr etmiş bir insanın ömür yolundan bəhs edən kitab səhifələrinin birində öz yerini tapacaq. Qafar müəllimə bu çətin və şərəfli işində can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

 

Əzizimiz Qafar müəllim!

Tanrı sizi bizə, qələmi isə sizə çox görməsin!

Yubileyiniz mübarək!

 
Emil Seyidəliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi