Modern.az

Prezident: “Seçkilər zamanı çıxış edən antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

Prezident: “Seçkilər zamanı çıxış edən antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

Aktual

18 Aprel 2018, 14:17

Son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur. Prezident seçkiləri kampaniyası bunu bir daha göstərdi.

Modern.az-ın xəbərinə görə, bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. 

Dövlət başçısı bildirib: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və böyük dərəcədə buna nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

O ki qaldı antimilli qruplaşmaya, onlar tam marginallaşıb və bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərdi ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun”.


Prezident vurğulayıb ki, Azərbaycan bundan sonra da demokratik inkişafla bağlı səylərini artıracaq, onun gələcək fəaliyyətində də bu istiqamət önəmli yer tutacaq.

İlham Əliyev deyib ki, Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub.


"Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları təmin etmişik – söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir, seçkilər və onun nəticələri bunu bir daha təsdiqləyir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır