Modern.az

Bakı Nəqliyyat Agentliyi beynəlxalq təşkilata üzv oldu

Bakı Nəqliyyat Agentliyi beynəlxalq təşkilata üzv oldu

18 Aprel 2018, 14:55

Bakı Nəqliyyat Agentliyi (BNA) dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumlarını özündə birləşdirən İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport)  üzv qəbul edilib.

 

Agentiyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.

 

Təşkilata üzvlük Bakı Nəqliyyat Agentliyinə dünya təcrübəsinə birbaşa çıxışı təmin edəcək, dünya şəhərlərində çalışan müvafiq sahə mütəxəssisləri ilə sıx işgüzar əlaqələrin qurulmasına yardım edəcəkdir. Bununla yanaşı, Agentliyin mütəxəssislərinin təşkilatın müxtəlif seminar və proqramlarında iştirakı da mümkün olacaq ki, bu da kadrların peşəkarlıq səviyyəsinin artırılması baxımından vacib amildir.

 

Məlumat üçün bildirək ki, İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (International Association of Public Transport) 17 avqust 1885-ci ildə təsis edilib. Baş qərargahı Brüssel şəhərində yerləşən təşkilat 14 regional filial və əlaqələndirmə mərkəzini birləşdirir. Təşkilatın 96 ölkədən 1400 üzvü var. İctimai nəqliyyatın təbliğ edilməsi, ən yaxşı praktikaların yayılması, dünya üzrə nəqliyyat mütəxəssislərinin əlaqələndirilməsi, nəqliyyat sahəsində kurs, təlim və seminarların təşkil edilməsi, beynəlxalq forum və konfransların təşkili təşkilatın əsas fəaliyyət istiqamətlərindəndir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir