Modern.az

"Ən çətin oyun Şəhriyara qarşı olacaq" - Dünya şahmatının lideri

"Ən çətin oyun Şəhriyara qarşı olacaq" - Dünya şahmatının lideri

18 Aprel 2018, 23:17

Shamkir Chess 2018 turnirinin iştirakçılarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Modern.az xəbər verir ki, iştirakçılar jurnalistləri maraqlandıran suallara maraqlı cavablar verməklə yadda qalıblar.

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə Play Station aparmaq istədiyini bildirmişdi. Bəs bu dəfə Şəhriyar turnirə nə gətirib? O bu suala “nərd” cavabı verib. Daha sonra o, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenlə görüşlərdən danışıb:

“Karlsenlə oyunların çoxunda uduzmuşam. Bu turnirdə ondan bütün heyflərimi almağa çalışacağam (gülür). İddiaçılar Turnirində Azərbaycandan sosial şəbəkələr vasitəsilə böyük dəstək almışdım.

Hətta stadionlarda belə, şahmata baxılırdı. Şahmat futbol qədər məşhurlaşmışdı. Sadəcə, turnirin keçirildiyi Berlindəki azərbaycanlılardan daha çox dəstək gözləyirdim.

Mən Dinq Lirenə həmin turnirdə uduzmuşam deyə, onunla oyuna xüsusi yanaşmalıyam deyə bir fikir yoxdur. Ona qalsa, burdakı iştirakçıların hər birinə nə vaxtsa uduzmuşam (gülür).

Mən doğrudan da Berlindəki turnirdən sonra Moskvaya getmişdim. Ancaq deyildiyi kimi, Sergey Karyakinin evində qonaq olmamışam. Sadəcə olaraq, hər turnirdən sonra fikirlərimin dağılması üçün gəzməyə üstünlük verirəm. Berlindən sonra Moskva və Tiflisə getmişdim”.

 

Norveçli şahmatçı Maqnus Karlsen isə ən çətin görüşünün turnirdə Şəhriyar Məmmədyarova qarşı olacağını bildirib:

“Burda bütün iştirakçılarla görüşlərim çətin olacaq. Ancaq ən çətini, təbii ki, Şəhriyara qarşı olacaq. Norveç səyyahı Tur Heyedalın Azərbaycan haqqında fikirləri ilə tanışam. Bilirəm ki, o, Norveç və Azərbaycan xalqları arasında bağlılıqları olması barədə fikirlər bildirib.

Bəlkə də bu yaxınlığa görə hər dəfə bu turnirə gəlirəm (gülür). Zarafat bir yana qalsın, hər dəfə mənə dəvət gəlir və mən də təşkilatçıların dəvətini yerə salmıram”.

İlk dəfə bu turnirdə iştirak edəcək, Vladimir Kramnikin yerinə yarışa dəvət almış çexiyalı şahmatçı David Navara isə utancaq olması ilə bağlı suala belə cavab verib:

“Açığı, uzun müddətdir ki, bu tip mötəbər şahmat turnirlərində iştirak etməmişəm. Bəlkə də bu üzdən digər şahmatçılarla müqayisədə utancaqlığım görünür. Ancaq çalışacağam ki, turnir zamanı oyunumda bunu biruzə verməyim və rəqiblərimə qarşı çətin anlar yaşadım”.

Azərbaycanın digər iştirakçısı Teymur Rəcəbov isə qarşıda onu başqa turnirlər gözlədiyini bildirib. O, qeyd edib ki, Şəhriyar Məmmədyarovla son vaxtlar heç-heçə etməsi ənənəsi bu turnirdə də davam etdirilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir