Modern.az

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Rusiya və NATO generallarını qəbul etdi - YENİLƏNİB

19 Aprel 2018, 16:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və bu seçkiləri xalqın dövlətimizin başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirib.

 

Azərbaycan Respublikasının Prezidenti təbriklərə görə minnətdarlığını bildirib.

 

Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.

 

Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlət başçısına minnətdarlıq edib.

 

 

Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.



***

Prezident İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı (SACEUR) Körtis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Körtis Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdi.

Azərbaycan Prezidenti təbrikə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edildi.

Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycan ilə NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.

 

NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd etdi. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğuladı.

 

Körtis Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkəmizin ev sahibliyi etdiyi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Azərbaycan Prezidenti ümidvar olduğunu bildirdi ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı