Modern.az

Həkim səhvinin qurbanı olan məşhur aktrisa - Münəvvər Kələntərli deputat olmaq istəyirmiş - FOTOLAR

Həkim səhvinin qurbanı olan məşhur aktrisa - Münəvvər Kələntərli deputat olmaq istəyirmiş - FOTOLAR

Mədəni̇yyət

20 Aprel 2018, 08:35

Milli kinomuzun və teatr sənətimizin inkişafında bir çox sənətkarların müstəsna xidmətləri olub. Onlar ən ağır zamanlarda və ən ağır şərtlərdə belə bu sənətin inkişafı üçün əllərindən gələni əsirgəməyiblər. Bu baxımdan Azərbaycan filmlərində kifayət qədər yaddaqalan obrazlar var.

Modern.az saytında “Azərbaycan filmlərinin ana obrazı” rubrikasına davam edirik. Rubrikada adından bəlli olduğu kimi, yerli filmlərimizin ana obrazlarından yazır, onlar haqqında müasir oxuculara daha dolğun məlumat veririk... Beləliklə...

“Azərbaycan filmlərinin ana obrazı” rubrikasının növbəti qəhrəmanı tanınmış teatr və kino aktrisası, Əməkdar artist Münəvvər Kələntərlidir.

Arayış: Münəvvər Kələntərli 1912-ci ildə Lənkəranda anadan olub. 17 yaşında ikən Bakıya gəlib. 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. O,  əvvəlcə Opera Teatrında, sonra isə arzusunda olduğu Musiqili Komediya Teatrında fəaliyyətə başlayıb. Müxtəlif səpgili rollar yaradan Münəvvər xanım çalışdığı teatrların ən aparıcı aktrisasına çevrilib. Münəvvər Kələntərli "Muzkomediya"nın səhnəsində "Hacı Kərimin Aya səyahəti"ndə Kəblə Fatma, "O olmasın, bu olsun"da Sənəm, "Gözün aydın"da Gövhər, "Qızılaxtaranlar"da Xədicə, "Ulduz"da Tamam və s. obrazları ustalıqla, sevə-sevə yaratmış, bununla da adını teatr tariximizin yaddaşına həkk etməyi bacarmışdı. Aktrisa həmçinin 10-a yaxın filmə çəkilib: “Ağasadıq Gəraybəyli” (1974),  “Arşın mal alan” (1945), “Bakının işıqları” (1950), “Bəxtiyar” (1955),  “Əmək və qızılgül” (1962), “Görüş” (1955) “"Kazbek" qutusu” (1958), “Kölgələr sürünür” (1958), “Qızmar günəş altında” (1957), “O olmasın, bu olsun” (1956), “Onun böyük ürəyi” (1958), “Yeni il gecəsində” (1958).

Münəvvər Kələntərli kinostudiyada ən rahat aktrisalardan sayılıb. Həmişə bir dubla çəkilib. Ona görə də Adil İsgəndərov deyərmiş ki, “Mina, bu camaat (çəkildiyi filmlərin rejissorlarını, rejissor assistentlərini, operatorları nəzərdə tuturdu) ən çox səninlə istirahət edir”.
Münəvvər Kələntərli 1953-cü ildə "Vətən" kinoteatrına direktor müavini təyin olunub. Bundan sonra teatrdan çıxıb, ancaq filmlərəçəkilib. Aktrisa  5  fevral 1963-cü il tarixində 51 yaşında dünyasını dəyişib.


Münəvvər Kələntərlinin həyat yoluna onun bacısı qızı Nanə Kələntərli  ilə nəzər salacağıq. Müsahibimiz Münəvvər Kələntərlinin bir məktəb olduğunu və gənclərə örnək ola biləcəyini deyərək söhbətə giriş etdi:

“Biz Münəvvər Kələntərliyə “Mina” deyirdik. Onlar  ailədə  6 uşaq olublar.  Münəvvər xanımın soyadı böyük, köklü-köməcli bir nəsildən idi - Kələntərlilərdən. Onların ulu babası təxminən, üç yüz il öncə İrandan Lənkərana köçüb, “Böyükbazar” deyilən məhəllədə yurd salıb və ticarətlə məşğul olublar. Münəvvər xanım ulu babamızın törəmələrindən olan Səməd bəyin sonbeşiyi idi. Babam Səməd bəyin uşaqlarının sayı çox olub. Ancaq onlardan altısı sağ qalıb - Haşım, Xanımbacı, Humra, Məmmədhüseyn, Cabbar və Münəvvər. Cabbar müharibədən qayıtmayıb. Daha sonra mən çox yerə yazdım, axtardıq, amma  heç bir məlumat tapa bilmədik. Minagil Cabbardan çox danışardı. Onun həyat yoldaşı ilə əlaqədə idilər”.


Evin böyük övladı Haşım Kələntərli Bakıya gələndən sonra bacısı Münəvvər xanımı da öz yanına gətirib:

“Kələntərlilərin gəlini Yavər Kələntərli dayım Haşımın səsini Lənkəranda eşidəndə onun mütləq Bakıya gəlməli olduğunu deyib. Bacısının həm oxuyub, həm də oynadığını görən, istedadının fərqinə varan Haşım Münəvvəri də Bakıya öz yanına gətirib. O zaman ailədə dayımın sözünün kəsəri var idi. Ona görə də Minanın səhnəyə çıxması ilə bağlı ailədə heç vaxt söz-söhbət olmayıb”.

Ailəsini sənətinə qurban verən aktrisa...

Nanə Kələntərlinin sözlərinə görə, sənətdə bəxti gətirən, böyük ehtiram və məhəbbətlə qarşılanan Münəvvərin taleyi o qədər də üzünə gülməyib:

“O, 25 yaşında Ənvər adlı ləzgi biri ilə ailə qurmuşdu. Bir qız anası idi. Təəssüf ki, bu izdivacın ömrü çox uzun olmadı. Həyat yoldaşı Bakıda deyil, məhz Qusarda yaşamağa üstünlük verdi, Münəvvər Kələntərli isə "Mən sənətimi atıb, heç hara gedə bilmərəm" - bağlılığından qopa bilmədi. Bu səbəbdən də qızı Validə ilə paytaxtda qalmalı oldu. Uşaq vaxtı ötəri olaraq Ənvəri görmüşdüm.  Deyirlər çox yaxşı insan idi. İntəhası Münəvvərin səhnələrdə çıxış etməsini istəmədiyinə görə  başını götürüb getdi.  Mina ailəsini sənətinə qurban verdiyi üçün heç zaman peşman olmayıb. Çünki o, sənətini dəlicəsinə sevirdi. Onun üçün rolun böyük və ya kiçiyi olmazdı”.

Taleyi anasına bənzəyən Validə...

Müsahibimiz deyir ki, Münəvvər Kələntərli qızına ana olmaqla yanaşı, həm də yaxın dost olub:

“Münəvvər həyat yoldaşından ayrılandan sonra heç kimlə ailə həyatı qurmağı düşünmədi. Həmişə  “mənim ərim də var, qızım da”-, deyirdi. Bir-iki dəfə Ənvər Bakıda olanda onun bacısı Validəni gəlib görmüşdü.
Ənvər dünyasını tez dəyişdi. Validə hüquqşünas idi. Təəssüf ki, onun da taleyi anası Minanınkından fərqlənmədi. Şəkəri yüksək olduğu üçün uşağı doğulan kimi tələf oldu.  Bundan sonra Validə həyat yoldaşı ilə yollarını ayırdı. Baxmayaraq ki, gözəl qız idi, anası kimi ikinci dəfə evlənmək haqqında düşünmədi. Çünki yenə uşaq üstündə eyni şeyin olacağını bilirdi. Yenidən evlənəsi olsaydı, gərək  həmin adamın uşağını qəbul edəydi. Bunu da ağlından belə keçirməzdi. Validə  itbaz idi. Bir də görürdün, zəng edirdi ki, qapını açın itim sizə gəlir. (gülür). Biz bir ailə idik. Ona görə də o, heç zaman tək qalmayıb. 50 yaşında şəkər xəstəliyindən vəfat etdi və anasının yanında  dəfn olundu”.



Ana qəlbli xala...

Nanə xanımın anası dünyasını tez dəyişdiyi üçün xalası Münəvvər Kələntərli onlara analıq edib:

“Onların ailəsində əksəriyyət 40-50 yaşlarında dünyasını dəyişib. Anam rəhmətə gedəndən sonra Mina bizə anasızlığı hiss etdirmədi. Bununla  bağlı bir məqalə də yazmışdım: “Ana qəlbli xala”. Doğrudan da Mina ana qəlbli idi.

Biz həm də yaxın yaşayırdıq. Ailədə ayrılıq, kin ya da uzun müddətli fasilələrlə görüşmək məsələsindən söz belə gedə bilməzdi. Mina teatrdan  çıxanda gərək mütləq qardaşı Haşımgilə gedəydi.  Heç yadımdan çıxmaz o vaxtı qat-qat bulkalar olurdu. Onun dadı indi də ağzımdadır. Münəvvər xanım 10 dənə bulku alıb bizə, ya dayımgilə  gedirdi. Hamımız yığışıb çay içirdik, söhbət edirdik.

Mina komediya aktrisası olmasına baxmayaraq, kifayət qədər ciddi xarakterə sahib idi. “Bunu etməlisən” dedisə, etməli idin. Adətən komediya artistlərinə “əşi arsız adamdır, bundan nə olacaq” deyirlər.  Amma Mina elə deyildi”.

“Elə bilirdim , onlar bir ailədir”

Aktrisanın bacısı qızı tez-tez Münəvvər Kələntərlinin evində olub. Müsahibimiz elə həmin günlərin xatirələrindən də söz açır:

“Yadımdadır ki, Şövkət Ələkbərova, Nəcibə Məlikova, Gülxar Həsənova, Rübabə Muradova – bunlar hamısı hər zaman bir yerdə idilər, ayrılmazdılar. Dayım Haşıma “adaşı” deyirdilər.  Mina yaxşı biş-düş edərdi. Ona görə də qastrol səfərlərindən qayıdanda  hamı onun başına yığılırdı. Mən bir kərə onların “filankəs yaxşı deyil, bəhmənkəs pisdi” dediklərini eşitməmişəm. İndi televiziyaya baxanda dəhşətə gəlirsən. Elə bilirdim , bir ailədilər. Sonradan onlara Nəsibə Zeynalova da qoşuldu. Nəsibə xanım hər zaman Münəvvər Kələntərlinin müəlliməsi olduğunu deyirdi. Hərçənd Nəsibə Zeynalova sonradan Münəvvərdən də güclü aktrisa olub. Bilirsiniz, onlar ac deyildilər, amma möhtəşəm də yaşamırdılar.  İndi yadıma düşəndə öz-özümə deyirəm ki, onlar necə belə yaşa biliblər. Minanın evində çox şey yox idi. Amma bununla da xoşbəxt idilər. İndi nəyimiz olsa da, azlığından şikayətlənirik”.

Minanın arzusu..

Münəvvər Kələntərli  həyatının sonuna kimi  sənətinə bağlı olub. Onun bütün istəkləri də teatrla, kino ilə əlaqəli idi. Nanə xanım deyir ki, iş rejimi çətin olsa da, aktrisa bundan heç vaxt şikayətlənməyib:

“Kino onun həyatının bir parçasını çevrilmişdi, çəkilişlərdə aldığı zədələrə belə fikir vermirdi. "O olmasın, bu olsun" filmindəki məşhur epizodu bilməyən tapılmaz: "Gəlin" qaçarkən qəfildən qapını açır və yengə obrazını yaradan Münəvvər Kələntərli qapının açar deşiyindən baxarkən kəllə-məyyallaq yerə yıxılır. Bu zaman Mina barmağını sındırmışdı. Buna baxmayaraq işinə davam edib. O səhnədə  Münəvvər əslində ağrıdan ağlayırdı.

Münəvvər bütün kinolarda öz paltarlarında çəkilib. Hətta “Arşın mal alan”ın birinci variantı çəkilən zaman Münəvvər Lənkərandan çoxlu pal-paltar gətirib camaatı geyindirmişdi. O kinoya çəkiləndə Minanın 31 yaşı var idi. Amma xala rolunu canlandırmışdı. Ətli-canlı biri olduğu üçün Minanı seçmişdilər. Amma çəkisi ilə bağlı heç zaman kompleksi olmayıb. 

Səhnəyə o qədər bağlı idi ki, çəkilişləri olmayan zaman darıxar və teatra gedərdi. Mina siyasətlə maraqlanmasa da, həm də deputat olmaq istəyirdi”.


Müsahibimiz xalası ilə bağlı yadında qalan xatirəsini də bizimlə bölüşüb:

“Mina bir dəfə mənə görə çox bərk hisrlənmişdi. Həyətimizdə bizdən aşağıdakı qonşu kabab bişirirdi. O vaxt məktəbdən gəlib həyətə girəndə o iy mənə dəydi. Deyirlər, filankəs iydən şişər. Bax məndə də elə oldu. Qızdırmam 40-a qalxdı, tez Minaya zəng etdilər. Münəvvərin qalmaqalla işi yox idi. Amma məsələni biləndən sonra qonşunun yanına getdi və mübahisə etdi.

Mina bizə heç kəsi pisləməməyi məsləhət görürdü. “Sən filankəsdə nöqsan tapırsan, amma ondan 10 qat artıq olub-olmadığını bilmirsən. Adamdan xoşun gəlmirsə, “salam - əleykum salam”  de, bununla da qurtar”-, deyərdi”.

Münəvvər Kələntərli nə qədər şən, nikbin, xoşbəxt görünsə də, xəstəliklər ondan da uzaq düşməyib. Müxtəlif cərrahi əməliyyatlara məruz qalıb. Belə əməliyyatların birində həkimin səhvi ucbatından dünyasını dəyişib:

“Minanın kor bağısağı ağrıyırdı. Çəkiliş olmalı idi. Həmin vaxt ağrısının tutacağından çəkinib əməliyyata girdi. Təəssüf ki, əməliyyatdan  2 gün sonra dünyasını dəyişdi. O zaman Mina deputatlığa namizədliyini irəli sürmüşdü. Nəticənin qəzetdə çıxmasını gözləyirdi. Namizədlikdən keçmişdi, amma biz qəzeti  gətirəndə əməliyyata görə artıq başı yaxşı işləmirdi, hallüsinasiyalar  görürdü”.

Nanə xanımın dediyi kimi, əməliyyatından sonra Münəvvər Kələntərli cəmi 2 gün yaşayır, onu da huşsuz vəziyyətdə. Aktrisanı əməliyyat edən həkim böyük səhvə yol verib, əməliyyat düzgün aparılmayıb. Korbağırsaq kəsiləndən sonra düzgün tikilməyib, eyni zamanda digər sağlam böyrək də zədələnib...

5  fevral 1963-cü il... O gün hamı 30 illik yaradıcılığı boyu hər kəsi ürəkdən güldürən və 51 yaşında həyata əbədilik vida edən böyük sənətkarın Musiqili Komediya Teatrı səhnəsindəki tabutuna baxıb, hönkür-hönkür ağlayırmış... 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?