Modern.az

Sabiq nazirlərdən hökumətdəki dəyişikliklərə REAKSİYA: “Onu yaxşı tanıyıram” 

Sabiq nazirlərdən hökumətdəki dəyişikliklərə REAKSİYA: “Onu yaxşı tanıyıram” 

23 Aprel 2018, 13:47

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb. Yeni Baş nazir Novruz Məmmədov təyin olunub.  Yeni hökumətdə bəzi gözlənilməz təyinatlar var.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yerinə iqtisadiyyat nazirinin müavini  Sahil Rafiq oğlu Babayev təyin edilib.

 

Kənd təsərrüfatı naziri Heydər Əsədovun yerinə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyinat alıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yerinə Milli Məclisin deputatı Rövşən Rzayev gətirilib. 


Bu təyinatlara cəmiyyətdə müxtəlif reaksiyalar müşahidə olunur. Bəs sabiq nazirlər, vaxtilə yüksək strukturlarda çalışanlar prezidentin struktur islahatlarını necə qiymətləndirirlər?

 

Milli Məclisin keçmiş deputatı Elton Məmmədov Modern.az saytına açıqlamasında qardaşının - keçmiş nazir Ziya Məmmədovun Nazirlər Kabinetinin tərkibinin dəyişdirilməsinə münasibətindən danışıb.

 

“Ziya müəllim də, mən də İlham Əliyevi növbəti 7 il üçün prezident seçilməsi münasibətilə təbrik edirik. Bütövlükdə həm də Azərbaycan xalqını təbrik edirəm. Nazirlər Kabinetində aparılan dəyişikliklərlə onu deyə bilərəm ki, cənab prezident güman ki, hər bir təyinatı süzgəcdən keçirərək, vəzifələrə təyinat edib. Bu, çox yaxşı haldır. Ümumiyyətlə, islahatlar zamanı gedən modernləşmə uğurlu inkişafın göstəricisidir. Aparılan islahatlar hər halda davam etdiriləcək. Ölkə rəhbərinin strategiyasına uyğun olaraq bu işlər aparılır və təqdirəlayiqdir. Ziya müəllim də, mən də bu məsələdə eyni fikirdəyik”.

 

Keçmiş təhsil naziri Misir Mərdanov  yeni təyinatlarla olan tanışlığından da söz açıb.

 

“Prezidentin bu dəyişikliklərini yüksək qiymətləndirirəm. Yeni təyin olunanların hamısını çox yaxşı tanıyıram və hər birini təbrik edirəm. Yeni kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimovu çox yaxşı tanıyıram. Qabiliyyətli insandır. ASAN xidmətə rəhbərlik edib. Yüksək tərbiyəyə və biliyə malik biridir. Bundan sonrası ancaq cənab prezidentin etimadını doğrultmalıdır.

Rövşən Rzayevi də çox yaxşı tanıyıram. Vətənpərvər insandır. Milli Məclisdə təmsil olunurdu. Bundan sonra isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri kimi fəaliyyət göstərəcək. Ümumiyyətlə, ölkədə aparılan bütün struktur dəyişiklikəri çox yüksək dəyərləndirirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər