Modern.az

Abituriyentlərin “Azərbaycan dili” fənnindən imtahan nəticələri açıqlandı

Abituriyentlərin “Azərbaycan dili” fənnindən imtahan nəticələri açıqlandı

23 Aprel 2018, 15:38

Dövlət İmtahan Mərkəzi aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı keçirib.

 

İmtahanın nəticələri aprelin 23-də saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

 

Bildirilib ki, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 6172 (520+5652) abituriyentdən 274 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 5896 (305+5591) abituriyentdən 5247 (172+5075) nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

 

Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

 

Aprelin 22-də keçirilən imtahanda “qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) 2018-ci il iyunun 10-da keçiriləcək ikinci “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər. 11 apreldən 30 aprel tarixinədək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri də ikinci Azərbaycan dili imtahanında iştirak edəcəklər.

 

İmtahan nəticələri ilə əlaqədar yaradılmış Apelyasiya Komissiyası Mərkəzin Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Abituriyentlər Apelyasiya Komissiyasına 24-26 aprel tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi