Modern.az

Bir milli vicdan oldu Bəxtiyar Vahabzadə...

Bir milli vicdan oldu Bəxtiyar Vahabzadə...

15 Avqust 2011, 15:58

Müstəqil yazar
[email protected]

Onun kimi dahilər Azərbaycanla həmyaşıddır

... Azərbaycanın XX əsrin 80-90-cı illərindəki müstəqillik uğrunda mübarizə arxivində iki ecazkar səs var: Bəxtiyar Vahabzadə və Mirzə Xəzərin səsi... Yalnız bir epizodu – 20 Yanvar faciəsi zamanı  Mirzə bəyin “Azadlıq” radiosundan bu faciə haqqında dünyayaya  ilk xəbəri car çəkməsindən sonra Bəxtiyar müəllimin qəhərdən boğula-boğula Azərbaycan xalqına müraciətini yadınıza salsanız, həmin iki səsin qüdrətini özlüyünüzdə isbatlamış olarsınız (Mirzə Xəzər “Azadlığ”ı  tərk edəndən mən həmin radioya, demək olar ki, qulaq asmıram)...

Bu yazımda damarlarımızdakı qanı oynadaraq bizi mübarizəyə çağıran  o səs sahiblərindən biri – rəhmətlik Bəxtiyar Vahabzadə haqqında  danışacağam....

....”Payız düşüncələri”.... Tələbə çağlarımda  sevə-sevə  oxuduğum kitablardan biri idi... Qarabağın işğalı zamanı torpağımla bərabər o kitabı da itirdim. Amma yaxşı ki... O vaxt heç ağlıma gəlməzdi ki, “Payız düşüncələri”nə köklənmiş düşüncələrimdən də maya götürən taleyim məni həmin kitabın müəllifi Bəxtiyar Vahabzadə ilə görüşdürəcək, onunla həmsöhbət, yol yoldaşı, məsləkdaş edəcək. İnanmazdım ki, nə vaxtsa bu gözəl insan-şairlə bir masa arxasında  çörək kəsəcək, onunla yan-yana Xan sarayını gəzəcək, Şəkidəki ata evində, Marxalda çay içə-içə millətin, Vətənin, Qarabağın taleyindən uzun-uzun söhbətlər edəcəyik...

Son 15-20 ildə bu fani dünyanın Qarabağsız Azərbaycanında gündəlik qida və adi məişət əşyalarından başqa heç  bir mal-mülk qazanmamışam, heç qazanmaq fikrim də olmayıb... Ən böyük qazancım Allahı, Azərbaycanı, türkü sevən, haqq uğrunda təmənnasız çarpışan fədakar ziyalı və döyüşçülərlə, qəhrəmanlarla tanışlığım ünsiyyətim olub...
“Təzadlar” qəzetində qələm çaldığım günlərdən Bəxtiyar Vahabzadə dünyasıyla gerçək təmaslarımı isə taleyimin ən xoşbəxt çağları sanıram. Bu hikmət dəryasının öz yaradıçı əlləri ilə “...Övladım qədər istədiyim fikirdaşım Sultan Laçın üçün...” kimi  sözlər yazıb bağışladığı kitabları yer üzünün ən qiymətli cəvahiratına belə dəyişmərəm...

...Ustadın bizdən cismən ayrılığndan iki ildən çox zaman ötür... Amma...  Bizdən ayrı qalan “...ürək deyil, bədən oldu”... Şairin vəfatının  birinci ildönümü ulu Peyğəmbərimizin(s.ə.s) və onun nəvəsi İmam Həsənin (ə.s.) şəhadət günü ilə eyni vaxta düşmüşdü... Bu, bir təsadüf deyildi... Bəxtiyar müəllimlə son görüşümdə o, astaca yerindən qalxıb titrək  əllərilə qarşı masadakı Qurani-Kərimi  göstərib dedi:”Hər gün oxuyuram, dəryadı, oğul... Gərək cavanlarımız hamısı oxuya Quranı...” İctimai telekanaldakı son canlı çıxışında da xalqımıza, gənclərimizə xitabən dinimizi dönə-dönə öyrənməyi, Allah yolu ilə getməyi nəsihət etdi dahi ağsaqqal...

“...İnsan! Təpədən dırnağa sən arzu, diləksən,

Nəfsində doyumsuz, fəqət eşqində mələksən,

Zülmün üzünə haqq deyilən şilləni çəksən!

Şilləndə möhürlənmiş o qeyrətdədir Allah!..”

Fevralın 13-ü ... 1988-ci ilin həmin günü nankor hayklar Xankəndində Azərbaycanın, türkün əleyhinə çıxışlara başlamışdı... Qarabağı ürəyində bir qara yara kimi apardı şair:

...Düşmən əlindəykən Qarabağ, mənim

Şikəstə deməyim – şikəstliyimdir...

...Ayrılıqdan cəmi 3 gün qabaq  qara “Türkmənçay”ın ildönümüydü. Şairin Vətəni kimi ürəyini də parçalayan bu bədnam müqavilədən öncə  1813(!)-cü ildə  “Gülüstan” bölmüşdü Azərbaycanı... Yenə də unutqanlıq etdik:   2009-cu il başlananda xatırlamadıq ki, Bəxtiyarın “Gülüstan”ı qələmə almasından düz  50 il  - yarım əsr keçir...

Tək bir  əsrin deyil,   əsrlərin, minilliklərin  Şəri, ədalətsizliyi ilə  savaşda idi şair... Yanırdı, doğranırdı,  haqsızlıqla vuruşda lap başda idi şair...

Onun bir şerini belə sonacan oxumamış, onu yaxından tanımayan cahillər, qulbeçələr, rejimin “Müxalifət” Nazirliyinin əməkdaşları müasir dövrün haqsızlıqlarına göz yummaqda suçlayırdılar ustadı...

...Millətin yarısı yad ölkələrdə,

Yarısı doğmaca vətənində qul...(1998)

****

Qanun kürsüsündə ağ yalan - hakim,

Dövlət rüşvət ilə  qafiyələnmiş(1998)

****

Rüşvət boynumuza keçən bir halqa!

Rüşvət azadlığı!Azadlığa bax!(2000)

****

Vallah, azad deyil, əsarətdədir

Doğru da, oğru da, əyri-üyrü də.(2003)

***

Gözə kül üfürüb uca kürsüyə

Əqidə paltarı geyindirdilər.(1999)

***

“...Bəlkə bu milləti qul eləməkçün

Biz qan bahasına müstəqil olduq?..”(1998)

***

İstiqlalı danan dünənki  nadan

Bu gün bu ölkəni talayıb yedi.(2000)

Bundan artıq nə deməliydi ahıl şair?..  

Dəfələrlə mənzilində, telefonla etdiyimiz söhbətlərdən şairin nələr  çəkdiyini gözəl bilirdik...

“Bircə ondan razıyam ki, Özümdən narazıyam...” – deyən Bəxtiyar müəllimin bir böyüklüyü də onda idi ki,   öz nöqsanlarını etiraf etməyi bacarırdı.  Söhbətlərində də, şerlərində  o, Vətənimizdəki  İblis rejimindən qorxduğunu da etiraf  edirdi:

 İndi, düzü budur  ki,  qorxuram, qorxuram  mən,

Yalan desəm Tanrıdan, doğru desəm bəndədən(22 noyabr, 1993)

Ancaq bu, şairin şəxsi  can qorxusu  deyildi; ailəsi, övladları, yaxınları ilə bağlı idi. Amma şair heç qorxana da bənzəmirdi. Çünki   İblis canişinlərini gah açıq, qah da sətiraltı qamçılayırdı... Onsuz da kütlənin xüsusiyyətidir; həmişə ziyalısından narazı qalır, istəyir ki, şair Haqq yolunda Nəsimi kimi soyulsun, asılsın, güllələnsin, özü isə çanağına qısılıb  ömrünü “bir təhər” yaşasın...

Bir sözlə, hər şeyə rəğmən biz Bəxtiyar Vahabzadəni Haqq yolunda mümkün olan fədakarlığa hazır bir insan kimi tanıdıq...

...2002-ci il... Bakının soyuq fevral günləri idi. Qarabağ Əlillər Cəmiyyəti onlara qarşı edilən sosial haqsızlıqlarla bağlı  aramsız mitinq və nümayişlər, aclıq aksiyaları keçirirdi. Vəziyyət artıq kulminasiya nöqtəsinə çatmışdı. Neçə gün idi ki, daxili qoşunlar Cəmiyyətin qərargahını mühasirədə saxlayırdılar. Ölüm aclığına baş vurmuş bir neçə Qarabağ əlili   son nəfəslərini alırdı. Qərargahın qarşısına toplaşmış yüzlərlə keçmiş döyüşçü isə  Prezident Aparatına  yürüş keçirmək əzmində idi. Döyüşçü-jurnalist Rey Kərimoğlu Milli Məclisdə damarını doğramışdı... Xülasə, 1995-ci ilin martına bənzər bir durum yaranmışdı. Hər an  qardaş qarşıdurması ola, qan tökülə,, ermənilər bir daha şadlana bilərdi...

Redaksiyadan Bəxtiyar müəllimə zəng vurub durumu nəql etdim, ağsaqqal müdaxiləsinə ehtiyac olduğunu bildirdim. Heç bir etiraz-filan etməyən ustad  ahıl, naxoş çağına, şaxtalı, küləkli havaya rəğmən dediyi dəqiqədəcə evinin qarşısında gözləyirdi. Birlikdə QAC-ın Dərnəgüldəki qərargahına gəldik... Şairin hər iki tərəflə səmimi söhbəti paytaxtda yenə də qardaş qanı axıdılmasına imkan vermədi...

Bəxtiyar müəllim haqqında hələ çox yazılacaq. Biz də çox yazacağıq... Onun haqqında yaza bilməyin özü bir bəxtiyarlıqdı...

Avqustun 16-da şairin anadan olmasının 86-cı ildönümüdü. Amma insanın yaşını illərlə ölçmək düzgündürmü? Belə düşünürəm ki, Bəxtiyar müəllim kimi  ruhunu, canını Vətəniylə, bəşərlə bir hiss edən, insanlığın hər bir kiçik problemini özünə dərd edən dahilər elə Azərbaycanla, dünya ilə yaşıddırlar...

 Özümü qane etməyən bu yazımı şairdən cismən ayrıldığımız gün qəlbimin göz yaşlarından süzülmüş misralarla bitirirəm:

Tanrının hikmətindən gəldi fani dünyaya,

 Qərq etdi millətini  hikmətli bir dəryaya.

O, qaranlıq  qəlblərə gəlmişdi ki, nur yaya,

Hər gecədə dan oldu Bəxtiyar Vahabzadə!

Bir milli vicdan oldu Bəxtiyar Vahabzadə!

****

Haray çəkdi, dad etdi millətin dar günündə

Kremlin asıb-kəsən o cəhandar günündə

Durdu “Gülüstan”iyla  cəlladların önündə

Sözü gülüstan oldu Bəxtiyar Vahabzadə!

Dillərdə dastan oldu Bəxtiyar Vahabzadə!

****

Hay çəkdi: Ana dilim evimdə olub dustaq!

Özün  etdilər dustaq evində - çıxmaq yasaq,

Hamı dedi, yazma da, hamı dedi, gəl susaq-

Susmadı, odla doldu Bəxtiyar Vahabzadə!

Qeyrətə meydan oldu Bəxtiyar Vahabzadə!

****

O, millətin, Vətənin düşündü hər dərdini,

Gördü namərd edirlər yurdun igid, mərdini-

Qılınca baş əymədi,  bu dərd əydi qəddini

Dərdlərə xırman oldu Bəxtiyar Vahabzadə!

Dərdliyə dərman oldu Bəxtiyar Vahabzadə!

****

Aldı cəsarətini Nəsimi babasından,

Müdrikliyi həzm etdi Füzuli dühasından.

Kəlamıyla yapışdı İblisin yaxasından-

Dedi: “bu, doğru yoldu” -Bəxtiyar Vahabzadə!

Xəlqinə sarvan oldu Bəxtiyar Vahabzadə!

****

Sevmədi yaltaqları, quyruq bulayanları,

Qamçıladı Şeytana yuxa sulayanları

Qarabağda görüncə qara xaçlı yanları-

Ürəyi qan-qan oldu Bəxtiyar Vahabzadə!

Püskürdü, vulkan oldu Bəxtiyar Vahabzadə!

****

Dözmədi kafirlərin Qara Yanvar dağına,

“Tfu!”- dedi imperiyanın general yalağına,

“Şəhidlər”lə ucaldı şəhid ucalığına-

Vətənə qurban oldu Bəxtiyar Vahabzadə!

Haqqa xiyaban oldu Bəxtiyar Vahabzadə

****

Cahillər anlamadı onun fəlsəfəsini,

Min yerə yozdurdular şairin haqq səsini,

O dözdü, Haqqı sevdi alınca nəfəsini.

Demə: qeybi-can oldu Bəxtiyar Vahabzadə!

Azəribaycan oldu Bəxtiyar Vahabzadə!

Azəribaycan oldu Bəxtiyar Vahabzadə!..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir