Modern.az

Vüsal Hüseynovun təyinatı Dövlət Miqrasiya Xidmətinə nə verəcək...  

Vüsal Hüseynovun təyinatı Dövlət Miqrasiya Xidmətinə nə verəcək...   

Aktual

24 Aprel 2018, 12:25

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında əlavə sərəncam imzalayıb. Sərəncama əsasən hökumət üzvləri arasında xeyli dəyişiklik edilib.

Dəyişikliklərdən biri Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi ilə bağlıdır. Milli Məclisin deputatı Vüsal Hüseynov quruma rəhbər gətirilib, Firudin Nəbiyev işdən azad olunub.

 

Milli Məclisin deputatı Elmira Axundova Modern.az-a açıqlamasında həmkarı Vüsal Hüseynovun bu vəzifəyə təyinat almasını yüksək qiymətləndirib:

“Vüsal Hüseynov yüksək təhsillidir, Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib. Eyni zamanda Milli Məclisdə özünü çox yaxşı göstərib. Mən ümumilikdə çox şadam ki, təkcə Dövlət Miqrasiya Xidmətində deyil, digər mühüm vəzifələrdə də deputatlarımız irəli çəkilib. Bu baxımdan əminliklə deyə bilərik ki, Milli Məclisin potensialı yüksəkdir, həmişə dövlətçiliyə sadiq orqan kimi ən dəyərli, layiqli insanları yuxarı çəkə bilir. Budəfəki hökumətin formalaşması zamanı da bunun şahidi olduq.

Təbii həmin deputatlar bizim sıralarımızda olmayacaq. Amma əminəm ki, biz onlarla daha aktiv, daha məhsuldar əməkdaşlıq edəcəyik".

 

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov Modern.az-a şəxsən tanımasa da, potensial baxımından Vüsal Hüseynovun bu sahədə daha böyük uğurlara imza atacağına inandığını bildirib:

“Bildiyim qədər Harvard Universitetində təhsil alıb. Ən önəmlisi, bacarıqlı, peşəkar, savadlı, ölkə rəhbərinə sadiqliyilə seçilən şəxsdir. Mən bütün bunları Dövlət Miqrasiya Xidmətinin İctimai şurasının sədri kimi deyil, proseslərin iştirakçısı olan bir şəxs kimi deyirəm. Təbii ki, təyinatın əsas məqsədi Dövlət Miqrasiya Xidmətinin işinin bir qədər də təkmiləşdirilməsi, yeni çağırışlara cavab verməsi məqsədi daşıyır. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin hansısa sahəsilə bağlı insanlar vaxtaşırı təklif və iradlarla çıxış edirlər. Son 11 ildə Dövlət Miqrasiya Xidməti böyük inkişaf yolu keçərək,bir çox nailiyyətlərə imza atıb. Əminəm ki, Vüsal Hüseynov təyinatı həmin nailiyyətləri daha da inkişaf etdirməyə, insanları narazı salan məqamlar tamamilə aradan qalxacaq. Çünki hazırda Xidmətin daha çevik formada fəaliyyət göstərməsi tələb olunur”.

A.Allahverənov eyni zamanda qeyd edib ki, Vüsal Hüseynovun ictimai fəaliyyəti də təqdirə və diqqətə layiqdir:

“Belə ki, Vüsal Hüseynov bir sıra qeyri-hökumət təşkilatlarının yaradılmasında və fəaliyyətində yaxından iştriak edib. Məsələn, Vüsal Hüseynov Avropa Tələbələri Formu (AEGEE-Europe) qeyri-hökumət təşkilatının yerli nümayəndəliyi olan “AEGEE-Bakı” qeyri-hökumət təşkilatınının həmtəsisçisi olub və yaradılmasından etibarən iki ərzində təşkilata rəhbərlik edib. Hətta 2008-2010-cu illər arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının eksperti kimi idarəçilik və korrupsiyaya qarşı mübarizə sahələrində bütün qrant müraciətlərinin dəyərləndirib. Bu o deməkdir ki, Vüsal Hüseynov həm də vətəndaş cəmiyyəti üçün yaxın olan bir şəxsdir və bu səbəbədən DMX yanında İctimai Şura olaraq əminik ki, yeni rəisin bu kimi ictimai xidmətləri İctimai Şuranın fəaliyyətində də özünün müsbət təsirini göstərəcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür