Modern.az

Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ

Ekspert: “Mark Zukerberq, İlon Mask innovasiyaya ac olduqları üçün bu səviyyəyə çatıblar” – MÜSAHİBƏ

24 Aprel 2018, 14:58

Qlobalizasiyanın gətirdiyi dəyişikliklər, internetin, xüsusən, sosial medianın yeni imkanları günü-gündən artmaqdadır. Burada yeni yaranan və vacib sahə olan rəqəmsal marketinq də müəyyən önəm təşkil edir.

Müsahibimiz rəqəmsal marketinq üzrə ekspert Yusif Qasımovdur. Modern.az Yusif Qasımovla söhbəti təqdim edir.

 

- Gəlin belə bir sualla başlayaq. Sizə görə, sosial media nədir?

 

- Belə təsvir edə bilərik ki, müəyyən bir cəmiyyət quruluşu var, sosial media isə həmin quruluşun rəqəmsallaşmış versiyasıdır. Yaşadığımız cəmiyyətdə özümüzü necə göstəririksə, sosial mediada da yerimiz var. Özümüzü orada müəyyən formada ifadə edir, fikirlərimizi bildirir, informasiya mübadiləsi aparırıq. Bəs nəyə görə rəqəmsallaşma irəli gedir? Çünki bu, dövrün tələbidir. İnternetə qoşulma zamanı biz ənənəvi durumdan rəqəmsala keçid edirik. Üstəlik sosial media artıq adi ünsiyyət məkanından biznes yönümlü mühitə çevrilib.

 

- Biznes dediniz. Sosial media bir biznes kimi özündə nələri birləşdirir?

 

- Sosial media biznes kimi Azərbaycanda aktiv olaraq 2012-ci ilin ortalarından bəri istifadə edilir. İnsanlar dünyada baş verən qabaqcıl tendensiyaları təqib edərək ölkəmizdə də bunu tətbiq etməyə başlayıblar. Ölkədə sosial media bir biznes kimi əsas olaraq marketinqlə bağlıdır. Şirkətlər, qurumlar və müxtəlif təşkilatlar öz məhsul, bilik və fikirlərini sıravi əhali ilə sosial mediadan istifadə edərək bölüşür. Kənd təsərrüfatı, bank, tikinti sektorları kimi önəmli sahələrin biznesində sosial media böyük rol oynayır.

 

- Bir az da rəqəmsal marketinqlə sosial medianın qarşılıqlı əlaqələrindən danışaq. Hansı hansının tərkib hissəsidir?

 

- Sosial media marketinqindən danışarkən bunun rəqəmsal marketinqin bir hissəsi olduğunu əminliklə qeyd edə bilərik. Rəqəmsal marketinq Azərbaycanda yeni bir termindir. Hal-hazırda bu sahədə  yeni biliklər əldə edirik. Sizə deyim ki, bu gün, 2018-ci ildə ölkədə kifayət qədər bilikli və bildiklərini digərləri ilə paylaşmağa hazır olan mütəxəssislər var. Çox da uzağa getmədən deyə bilərəm ki, Facebook-da “Digital Marketing Azerbaijan” qrupu var və həmin qrupun 6 mindən çox üzvü mövcuddur. Hər bir şəxs öz suallarını verərək rəy, tövsiyə və konkret bir həll ala bilər. Bu da onun göstəricisidir ki, biz hər zaman biliklərimizi paylaşmağa hazırıq. Sosial media marketinqi isə digital media marketinqinin ən çox işlənən vasitəsidir. Hələ ki (gülür).

 

- Dünya təcrübəsi ilə qarşılıqlı təhlil etsək, Azərbaycanın bu sahədə hansı çatışmazlıqları var?

 

- Biz bu istiqamətdə gəncik, lakin yeniliklərə açığıq, dünyanın istənilən yerindən gələn praktikanı qəbul edirik. Tam olaraq çatışmazlıq deməyək, sadəcə, bilik azlığından əziyyət çəkirik. Bir sıra akademiyalar, kurslar, internetin verdiyi imkanlar, qaynaqlardan maksimum faydalanmağa çalışırıq. Bugünkü statistikaya uyğun olaraq, deyə bilərəm ki, 2020-ci ilə qədər dünya bazarın 85%-i rəqəmsal olacaq. Bizim ən yaxın qonşumuz olan Türkiyəyə baxsaq, çox gözəl digital marketinq bazarının olduğunu görərik: böyük oyunçular, mütəxəssis bazası və başqaları bura daxildir. Üstəlik məktəblərdə belə sosial medianın nə olduğu qısaca olaraq məktəblilərə izah edilir. İlk növbədə oradan öyrənməyə başlamalıyıq və təbii ki, beynəlxalq səviyyəyə çıxmaq üçün maksimum dərəcədə səy göstərməliyik. Bu sahədə də iş gedir. Bu gün Azərbaycan mütəxəssisləri var ki, xaricdən sərmayələr də alıblar. Məsələn, “GetnSmile” şirkəti Azərbaycan məhsullarının ABŞ-da satışı ilə məşğuldur. Bu həm Azərbaycan oyunçusunun Amerika bazarına çıxışıdır, həm də ümumən Azərbaycanın gözəl təbliğidir. Digər bir nümunə kimi “Buglance” şirkətini göstərə bilərik. Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən bu şirkət həmyerlilərimizdən ibarət komanda tərəfindən qurulub və “crowdtesting” platforması kimi minlərlə tester və qurğular üçün çıxış təmin edir.

 

- Sosial medianın marketinq və digər sahələrə gətirdiyi müsbət cəhətlərdən əlavə, onun hansı mənfi yönlərini qeyd etmək olar?

 

- Hər bir sferada müsbət və mənfi yönlər olur, çalışmaq lazımdır ki, onların qızıl ortası tapılsın. Qeyd edim ki, biz faktiki olaraq nə müasir menecment, nə də sosial mediaya keçid etmişik, sadəcə, keçid fazasındayıq. Mən, ümumiyyətlə, innovasiyaya mənfi yanaşa bilmirəm. Çünki bu, yeni baxış deməkdir və gərəkdir ki, yeniliklərdən qaçmamalıyıq. Sosial medianın cari vəziyyətində ola bilsin ki, bir qisim ondan düzgün istifadə etmir, lakin bu hər yerdə olan bir şeydir.

Belə deyək, sosial şəbəkələrdə sərt qayda-qanunlar yoxdur, lakin düzgün istifadə qaydaları var. Burada bir sıra sahələrin nümayəndələri təmsil olunurlar.

 

- Bəs menecment sferasında sosial mediadan düzgün istifadə etməmək nə ilə nəticələnir?

 

- Çox maraqlı məqama toxundunuz. Bayaq da dediyim kimi, müasir menecment keçid dövrüdür və bəzi menecerlər bununla ayaqlaşa bilmirlər. Ona görə də çoxu özünə sosial media ilə məşğul olan ekspert tapıb, komanda yığıb, işi onlara həvalə edir. Amma menecerin sosial mediadan anlayışı olmasa, işin içində nə qədər mütəxəssis iştirak etsə də, effekt istədiyi kimi olmayacaq. Hər bir menecer innovasiyalara açıq olmalı, sosial medianın necə qurulduğuna qədər bilməli və daim axtarış aparmalıdır. Məsələn, menecerlərin konfransları, təlimləri, “workshop”-ları olur, onlar görüşüb fikir mübadiləsi aparırlar və bu zaman fikir ayrılıqları da yaranır ki, həmin fərqliliklər özlüyündə problemin həlli üçün vacibdir. Sosial media vasitəsilə menecer öz biznesi və dünyagörüşünü tənzimləyə bilər.

Mark Zukerberq, İlon Mask kimilər innovasiyaya ac olduqları üçün bu səviyyəyə gəlib çatıblar, ona görə də menecer innovativ olmalıdır. Onun ən azından müasir durumdan xəbəri olmalıdır. Məsələn: sosial mediada nədən danışılır, bizim haqqımızda nə deyirlər, mənfi rəylər nədir? Mənfi rəylərlə işləmə bacarığı çox həssas məsələdir. İşini bəyənən insanla işləmək çox asandır, lakin narazı insanı razı salmaq artıq sənətdir. Həmin vəziyyətdə də menecerin nə dərəcədə peşəkar olduğu ortaya çıxır.

 

- Sizcə, bu sahədə yaş stereotipi olmalıdır?

 

- Zənnimcə, burada heç bir yaş həddi yoxdur. Elə gənclər var ki, gündəmə heç fikir vermirlər, elə yaşlılar da var ki, mən onlardan nəsə öyrənirəm. Atam bu yaxınlarda telefonuna bir tətbiq yükləyib ki, ondan heç mənim xəbərim yoxdur (gülür). Yaşın fərqi olmur, hər şey insanın özündən asılıdır. O, innovasiyaya açıqdırsa, yenilikləri izləməyi və qəbul etməyi xoşlayırsa, onun neçə yaşı olması önəmli deyil. Onu da deyim ki, bu gün insanların maraqları da böyüyür və tendensiya müsbət hal alır. Odur ki, məncə, Azərbaycan 2020-ci ilə qədər innovasiya, sosial media, rəqəmsallaşma sektorunda öz sözünü deyəcək.

 

Nurlan AĞA,
BDU Beynəlxalq jurnalistika

 kafedrasının magistrantı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu