Modern.az

Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”  

Elmira Axundova vəzifəyə gedən deputatlara səsləndi: “Milli Məclisi unutmasınlar”   

Aktual

24 Aprel 2018, 15:15

“Son bir neçə ay ərzində biz Milli Məclis üçün çox əlamətdar hadisələrin şahidi olmuşuq. Ondan başlayaq ki, mart-aprel seçki marafonunda prezidentliyə namizədlər sırasında 4 həmkarımız iştirak etmişdi. Onların çıxışları, seçkiqabağı platformaları konstruktiv, aktual və maraqlı oldu. Cənab prezident inauqurasiya günü namizədlərin bir çox fikirlərini müsbət dəyərləndirərək qeyd etdi ki, gələcək fəaliyyətində onlardan mütləq istifadə edəcək. Biz bu sözləri iftixar hissi ilə qarşıladıq və prezidentliyə namizəd olan həmkarlarımızı bu münasibətlə ürəkdən təbrik edirik”.

Modern.az xəbər verir ki, bu fikirləri  Milli Məclisdə deputat Elmira Axundova səsləndirib.

E.Axundova deyib:


“Bu günlərdə isə Milli Məclis üçün digər xoş hadisələr baş verməkdədir, bu da ondan ibarətdir ki, bir sıra millət vəkillərimiz yüksək vəzifələrə çəkilərək, prezidentin komandasında öz yerlərini tutublar. Mən bu şad xəbəri çox böyük sevinclə qarşılamışam. Bu hadisələr onu göstərir ki, Milli Məclisin kadr potensialı, intellektual səviyyəsi çox yüksəkdir və bu potensial istənilən vaxt dövlətimizə, quruculuq işlərimizə yeni dəyərli töhfələr verə bilər və verir. Mən bu münasibətlə dövlət strukturlarında rəhbər vəzifələrə çəkilmiş həmkarlarımı ürəkdən təbrik edirəm, onlara işlərində böyük uğurlar diləyirəm və demək istəyirəm ki, onlar öz gündəlik işlərində həmişə bizim dəstəyimizi hiss edəcəklər. Öz növbəmdə onlardan xahiş edirəm ki, onlar da, öz alma-mater olan Milli Məclisi unutmasınlar, bizim xahiş və təkliflərimizə həssaslıqla yanaşsınlar və əməkdaşlığımız davam olunsun. Hər halda ümid etmək olar ki, onlar bəzi nazirlərə rəğmən bizim zənglərimizi görərək telefon dəstəyini özləri götürəcəklər.

Mən şəxsən hörmətli sədr Oqtay Əsədovu da bu münasibətlə təbrik etmək istəyirəm. Çünki o hər zaman biz millət vəkillərinə dəyər verərək fəaliyyətimizi yüksək qiymətləndirir, cavanların potensialını görərək onları məsul vəzifələrdə sınayır və respublika ictimaiyyətinə tanıdır. Ona görə hesab edirəm ki, bir neçə deputatımızın Nazirlər Kabinetinin təzə strukturunda yüksək vəzifə tutması Milli Məclis rəhbərliyinin və şəxsən Oqtay müəllimin də qələbəsidir. Mən bir daha həmkarlarımızı və Nazirlər kabinetinin yeni təsdiq olunmuş bütün tərkibini təbrik edir və vətənimizin tərəqqisi naminə  onlara möhtəşəm uğurlar diləyirəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?