Modern.az

Hökumətdə dəyişiklik oldu, bəs müxalifətdə? - Partiyalardan CAVAB  

Hökumətdə dəyişiklik oldu, bəs müxalifətdə? - Partiyalardan CAVAB   

25 Aprel 2018, 08:59

Ölkə başçısının  sərəncamlarına əsasən, hökümətdə dəyişikliklər gerçəkləşib. İqtidarda baş verən proseslər fonunda müxalifətin susqunluğu diqqət cəlb edir. 

Ölkədə fəaliyyət göstərən siyasi partiyalar hər hansı dəyişikliklərə imza atacaqlarmı?

Modern.az saytı bu sualla bir neçə partiyalara müraciət edib:

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov:

Təbii, zəruri tələbatlar yarananda partiya özünün  daxilində müəyyən dəyişikliklər edir. Hazırda bu məsələlərlə əlaqədar biz  ciddi addım atmağı düşünmürük. Çünki  müxalifətdə olan partiya icra strukturuna malik olmadığı üçün hər hansı zərurət yoxdur. Buna baxmayaraq  partiyanın təşkilatlanması, yerlərdə bir qədər qeyri-fəal olan rəhbərlik orqanlarının    işçilərinin dəyişməsi və ya başqası ilə əvəz edilməsi, yaxud  Mərkəzi Komitənin  tərkibində olan müəyyən yoldaşların əvəz olunması normal  prosesdir. Bu kampaniyadan kampaniyaya yox, mütəmadi  həyata keçirilən məsələlərdir. Əgər hər hansı rayon təşkilatındakı rəhbər işçinin fəaliyyəti aktiv deyilsə, nəzərə çarpmırsa yaxud işdə geriləmələr varsa, əlbəttə, həmin adam partiyanın müvafiq qərarı ilə dəyişdirilə bilər.

Axırıncı dəfə  seçkilərdən öncə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ciddi dəyişikliklər oldu. Zəif  fəaliyyətlərinə görə komitənin müəyyən əməkdaşları uzaqlaşdırıldı, aktiv yoldaşlar rəhbər orqana təyin edildilər. Ölkədə baş verənlərdən asılı olmayaraq onsuzda partiyaların öz daxilində həmişə yeniləşmə prosesi gedir”.

Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli:

“Hökümətdəki dəyişikliyin partiyadakı dəyişikliklərə hansı təsiri ola bilər ki? Əslində düşünürəm ki, ölkədə hər hansı ciddi dəyişiklik baş verməyib. Məsələ bundadır ki, fərqli ideoloji-siyasi baxışlara malik olan şəxslər hakimiyyətə gətirilən zaman dəyişikliklərdən söz açmaq olar. İndiki halda bütün vəzifələr YAP-ın çərçivəsində seçilib və sistem eyni olaraq qalır.

Digər tərəfdən, Ədalət Partiyasının bu ilin yanvar ayında qurultayı keçirilib. Orda müəyyən dəyişiklər olub. Partiya sədri olduğu kimi qalsa da, müavinlərin sırasında azad olunanlar var və müəyyən vakant yerlər də mövcuddur. Xüsusilə Ali Məclisin tərkibində yeniliklər  baş tutdu. Yəni kənardan gələnlərin hesabına hər zaman yeniləşmə  həyata keçirilir. Bu baxımdan  hesab edirəm ki, öz daxilində yerdəyişmə ilə hər hansı  yenilikdən söz gedə bilməz. Bu yalnız kənardan gələnlərin hesabına  reallaşır”.

Azərbaycan Demokratik Partiyasının sədri  Sərdar Cəlaloğlu:

“Partiyamızda əsas təşkilatlanma işimizin yenidən qurulmasına çalışacağıq. Amma ciddi bir dəyişiklik olmayacaq. Azərbaycan iqtidarının atdığı addım status-kvonun saxlanmasına istiqamətlənib. Ona görə də müxalifət  elə həmin status-kvonun bir tərəfi kimi  ənənəvi fəaliyyətini davam etdirəcək. Bu baxımdan müxalifətdən ciddi bir şey də gözləmirəm. Biz sadəcə olaraq seçkilərdə seçdiyimiz yolu genişləndirmək, inkişaf etdirmək fikrindəyik. Bu ola bilsin, cəmiyyətdə müəyyən dəyişilmələrə səbəb olsun.

Xüsusilə də radikal müxalifətçilikdən çəkinən insanların müxalifətə cəlb olunmasına, təşkilatlanmasına, müxalif kəsmin yanında dayanmasına çalışacağıq. Bu nə dərəcədə müvəffəqiyyətli olacaq, gələcək göstərəcək”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi şurasının üzvü Əli Orucov:

“Hökümətdə  struktur, idarəçilik deyil, kadr dəyişikliyinin şahidi olduq. Lakin gənclərin seçimi müsbət haldır. Çox istərdik ki, bu islahatlar köklü olsun. O ki qaldı, partiyadakı dəyişikliyə, deyə bilərəm ki, yeniləşmə hər zaman lazımdır. Bu, dinamik inkişafa təkan verən amildir. Düşünürəm ki, bu tələbatı təkcə AMİP yox, digər müxalif  düşərgələr də dərk etməlidir. Digər tərəfdən hələki tələsməyə ehtiyac duymuruq. Ölkədə nələrin olduğunu, nələrin baş verdiyini izləyirik.

Bizim ölkədəki prosesləri qiymətləndirmədən, əhalinin tələbatını bilmədən, xüsusilə də kütləvi aksiyalar istiqamətində addım atmağımız düzgün olmaz. Etiraz aksiyaları mübarizənin son həddidir. Dialoq  və ya digər qəbul olunmuş vasitələr bitərsə, o zaman təzyiq vasitəsi kimi  mitinqlər gündəmə gəlir. Ölkədə dialoqların başa çatdığını düşünmürəm. Ümid edirik, yeni simalar  yeni yanaşma ilə fəaliyyət göstərərək nəyəsə nail olacaqlar. Ümumiyyətlə isə ölkədə baş verən proseslərə uyğun olaraq partiyalar, o cümlədən AMİP hər hansı addım ata bilər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı