Modern.az

Bizimkilər: “100.5 FM”in aparıcısı: “Televiziya efirinə qayıtmaq istəyirəm” - FOTOLAR  

Bizimkilər: “100.5 FM”in aparıcısı: “Televiziya efirinə qayıtmaq istəyirəm” - FOTOLAR  

25 Aprel 2018, 10:23

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Uzun müddət üçün fikirləşdiyimiz bu rubrika istər tanınmış olsun, istər tanınmamış - “jurnalist ordusu”nu tanıtmağa hesablanıb... Bir sözlə, həmkarlarımızı “Bizimkilər”də daha yaxından tanıyaq... Beləliklə...

“Bizimkilər”in növbəti qonağı 100.5 FM radiosunun aparıcısı Rəhman Rəsulovdur.

Rəhman Rəsulov  1987-ci il fevralın 7-si Sumqayıtda  anadan olub. Orta məktəbi doğulduğu şəhərdə 26 saylı məktəbdə  oxuyub. 7 il musiqi məktəbində skripka üzrə təhsil alan radioaparıcı  həmçinin pianinoda ifa etməyi də bacarır.

Rəhman Rəsulov 2004-cü ildə Azəbaycan Dövlət Mədəniyyət Və Incəsənət Universitetinin  Dram və kino aktyoru fakültəsinə daxil olub.

Ailəlidir. Ayla adında  bir qızı var.

“Elə onda anladım ki, mən bu sahədə daha rahatam”


Rəhman Rəsulov deyir ki, uşaqlıqda aparıcı olmaq kimi bir arzusu olmayıb:

“Azərbaycan Mədəniyyət və Incəsənət Universitetinin 2-ci kursunda oxuyarkən təsadüfən qatıldığım müsabiqədən keçdim. Sonra “Space” televiziyasında  “Dubl Bom”,  “Lider” TV-də “Tap, dostum”  layihələrində  işlədim. Elə bu zaman anladım ki, mən aparıcılıq sahəsində daha rahatam. Paralel olaraq radioda da işləyirdim.

Hazırda da radio fəaliyyəti ilə məşğulam. “Xəzər” Media Mərkəzində 100.5 FM-in “Multivitamin” səhər şousunda aparıcılardan biriyəm”.

“Sevdiyin işdən qaçıb asan işlə məşğul olmaq məsələnin həlli deyil”


Müsahibimiz radio sahəsinə olan  sevgisini  ifadə edərkən efirdə dinləyici ilə birbaşa ünsiyyət faktorunu da vurğulayıb:

“Qeyd etdiyim kimi dinləyici ilə  birbaşa ünsiyyət və mahnılar məni bu işi görmək üçün  davam etməyə biraz da həvəsləndirdi. İş olan yerdə təbii ki, çətinlik olur. Buna görə sevdiyin işdən qaçıb daha asan işlə məşğul olmaq fikrimcə, məsələnin həlli deyil. O çətinlikləri öz gücünə həll edib, daha yeni şeylər öyrənib, daha peşəkar ola bilərsən”.

Aparıcının gələcək planları...


Radioaparıcı həmçinin sosial şəbəkələrdə müxtəlif layihələrdə  də iştirak edir:

“O cümlədən reklam səsləndirmələri də işimizin ayrılmaz hissəsidir. Bu gün çox vicdanlı, qərəzsiz jurnalistlərimiz var. Onların çox olmasını arzulayıram. Həmişə bitərəf qalıb, həqiqəti deyəcəklərini fikirləşirəm”.

Rəhman Rəsulov saytımızla gələcək planlarını da bölüşüb:

“Qismət olsa, daha müasir, daha maraqlı və baxılacağına əmin olacağım bir layihə ilə televiziya efirinə qayıtmaq istəyirəm.Və layihənin müəllifi də, aparıcısı da özüm olacam. Belə fikirləşirəm və planlaşdırıram”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir