Modern.az

Ənvərlərin oxşar HEKAYƏTİ - Osmanlı paşası və azərbaycanlı bəyin oğlu...

Ənvərlərin oxşar HEKAYƏTİ - Osmanlı paşası və azərbaycanlı bəyin oğlu...

26 Aprel 2018, 09:36

Osmanlı  dövlətinin  müdafiə naziri  Ənvər paşanın əmri  ilə  Azərbaycana  gəlmiş  Qafqaz İslam Ordusunun komandanı , 29 yaşlı  cəsur sərkərdə Nuru paşanın  yolu  günlərin bir günü  Masallının axarlı-baxarlı  İsioba kəndinə  düşür. Burada   öz dövrünün  sayılıb-seçilən  nüfuzlu  simalarından olan Mirmusa bəyin malikanəsində  qonaq  olur.

        
Mirmusa bəy  Əmiraslanbəyov  Nuru paşanın  şərəfinə böyük  ziyafət  verir.  Qonağın  general-leytenant  qiyafəsinə  uşaq marağı ilə  baxan və ona  çoxlu sual  verən  azyaşlı  oğluna səslənərək  Mirmusa bəy deyir: 

“Ənvər, möhtərəm qonağımızı çox yorma, get həyətdə uşaqlarla oyna”.  Nuru paşa  bir an duruxur, sonra  deyir: “Bəy, siz  Ağabəyin  isminin Ənvər olduğunu bilə-bilə  cocuğunuza  nədən Ənvər deyə xitab etdiniz?”.

 
Mirmusa  bəy  cavab verir  ki, “əfəndim,  mən qardaşınızın ismini oğluma dostluğumuzdan  nişanə olaraq i qoymuşam... Və  ümid edirəm gələcəkdə  bizim  Ənvər də  sizin kimi  mötəbər dostların adına layiq  hərbçi olacaq...”.  Nuru paşa  razılıq hissi ilə gülümsünüb: “İnşallah” deyir...  Aradan illər ötüb  keçir.

     
Mirmusa bəyin  oğlu  Ənvər  böyüyüb boya-başa  çatır. İlk təsilini  milliyyətcə alman olan  tərbiyəçidən almış Ənvər alman  dili ilə yanaşı,  yeniyetmə  çağlarında  rus və fransız dillərini  də mükəmməl öyrənir.

   
 ...37-ci illərdə   NKVD –nin  Lənkaranda  meydan sulayan  Arakelyan soyadlı zabiti  Cənub bölgəsindəki bəyləri  “xalq düşməni” adı  ilə  “gedər-gəlməzə”  yollayırdı.   Mirmusa bəy başda olmaqla,  bütün  İsi  bəylərinin  mülkləri şura höküməti  tərəfindən müsadirə edilir.  Bir çoxları tutulub  Qazaxsatana sürgün edilir. Gənc  Ənvər  təqibdən yayınıb   Bakıya  üz tutur və burada   Ənvər  Cavadzadə  soyadı ilə təhsil alıb işə düzəlir. Lakin NKVD işçiləri  günlərin bir günündə  onun  izinə düşür, keçmişini  araşdırmaq  məqsədilə sənədlərini yoxlayıb,   sorğu-sual  edirlər. Onu atası  Mirmusa bəyin,  əmiləri Miradulla bəylə  Mirmahmud bəyin  və əmisi oğlanlarının  otuzuncu illərin əvvəllərində şura hökümətinə  qarşı dağlara çəkilib  mübarizə  apardıqlarına görə  ittiham etmək istəyirlər.

      
Belə həyacanlı  günlərdən  birdəfəlik  yaxasını qurtarmaq üçün Ənvər  çıxış yolunu könüllü olaraq müharib əyə  getməkdə  görür... Stalinqrad  müharibəsində  əsir düşəndə  o,  artıq yüksək  çinli  sovet zabit idi. Alman dilini  yaxşı bildiyinə görə hərbi düşərgədə  ona  türk əsilli  sovet əsirlərinin təlimi  ilə  məşğul  olan  şöbədə vəzifə verilir.

        
Almaniyada   general  rütbəsinəcən  yüksələn  Ənvər  Aslanbəyov  (Əmiraslanbəyov –N.Ə.)  məhşur el qəhrəmanı  Məcid ağa  Şəkibəyovun oğlu  həkim  Ənvər ağa ilə  rastlaşır.  



1918 –ci  ildə  erməni paşası Andronikin  bir  neçə silahlı quldur dəstəsini məhv etmiş Yaqublu Məcid ağa   1930 –cu ilin mart  ayınacan öz kiçik dəstəsilə Gədəbəydə dağlara çəkilərək  Şura hökumətinə  qarşı  silahlı müqavimət  göstərmişdi. Silah- sursatı tükənəndə  Məcid ağa  tüfənginin qundağına "Məcidi Məcid vurdu" sözlərini yazıb, son  gülləsini özünə vuraraq, intihar etmişdi.  Deyilənlərə  görə onu  sağ ələ keçirmək əmrini verən Micəfər Bağırov  vaxtilə erməni daşnaklarına qan udduran   Məcid ağanın  tüfənginə yazdığı sözləri oxuyanda  çox  məyus  olub... Buna baxmayaraq, Məcid ağanın böyük oğlu Cəmşid ağa həbs edilərək  Bayıl türməsində güllələnir.  Kiçik  oğlu Ənvərsə  Bakıda  internata  göndərilir. Burada  yaxşı təhsil alaraq  1935-ci ildə Azərbaycan Tibb İnstitutunun  Cərrahiyyə fakültəsinə  qəbul  olunur.


1939 –cu  ildə  “Fin müharbəsi”nə  aparılan   Ənvər ağa   dörd il sonra   - 1943 –cü  ildə  almanlar tərəfindən əsir alınır.  Hərbi düşərgədə   xəstə  və  yaralı əsirlərin  müalicəsi ilə  məşğul  olan Ənvər ağa hələ  Tibb İnstitutunun  təhsil alanda  Ənvər Aslanbəyovun  əmisi  nəvəsi,  Ümumi Müalicə fakultəsinin tələbəsi Mirkazım  Aslanlı İlə   dostluq etmişdi.  Hər  ikisini  “qolçomaq övladı”   adlandıraraq  institutdan  qovmaq  istəyirmişlər.   Gənc yaşlarından  Sarəng təxəllüsü ilə şeirlər yazan və musiqi  istedadı  olan  Mirkazım Aslanlını  o zaman   böyük bəstəkarımız  Üzeyir Hacıbəyli  müdafiə edir. Üzeyir bəy  Konservatoriyada  həkim  məntəqəsi açdırıb Mirkazımı  işə  düzəltdirir,  sonra  onun  musiqiyə  böyük həvəsini görüb  Konservatoriyanın vokal sinfinə qəbul etdirir.



Mirkazım bəyin  həyat  yoldaşı  Fəridə xanım sağlığında  deyirdi ki,   Üzeyir bəy  hətta öz şəxsi pianinosunu  sevimli tələbəsi kimi  M.Aslanlıya  bağışlamışdı...   Məcid ağanın oğlu  Ənvər  isə  Mircəfər Bağırovun  müdaxiləsindən sonra  instituta  bərpa olmuşdu.


...Almaniyanın   həbs düşərgəsində  hər  iki Ənvərin  əsas məqsədi   Türküyənin tabeçiliyinə  veriləcək  Şərqi Türküstan alayının tərkibinə qatılmaq  idi. Ən marqlısı da  hər iki əsilzadənin adının  Ənvər  olması  yaşlı alman zabitlərinə   Adolf  Hitlerin  Birinci Dünya  Müharibəsində heyranlıqla adını  dilə gətirdiyi  türk sərkərdəsi  Ənvər paşanı xatırladırdı.  Ənvər paşa kimi cəsur  generallarının  olmaması  ucbatıından  Kayzer  Almaniyasının  məğlubiyyətini Hitler təəssüf hissiylə qələmə də almışdı... 

     
Müharibənin son günləri  Türkiyə ilə Almaniya  arasında  türk əsilli əsirlərlə bağlı  danışıqlarda Turançı  hərakatına  gizli  dəstək verən   Nuru paşa  da iştirak edirdi.

      
1945 –ci  ilin yazında  300-ə yaxın azərbaycanlı əsiri  İsveçrənin ərazisinə keçirəndə  Ənvər Aslanbəyov artıq  general- leytenant rütbəsində idi. Əsirlikdən canını qurtarıb  Avropanın  müxtəlif ölkələrinə  səpələnən əsgər və zabit heyətinin çoxu  SSRİ-yə qayıdanda  “vətən xaini” adıyla Sibirə sürgün edilidi.  Hər iki Ənvərin  valideynlərinin müharibədən qabaq sovet hökümətinə  silahlı müqavimət göstərməsi fakti isə  onların almanlara  könüllü əsir düşməsinə  rəvac verirdi. 

    
Ona görə də   Amerikanın 32 –ci  prezidenti Ruzveltin həyat yoldaşı  Anna Elenora  Ruzveltin (1884-1962) köməyi  ilə  general  Aslanbəyov  adaşı  doktor  Ənvər ağa  başda olmaqla   100-dən artıq  azərbaycanlıyla   Türkiyəyə  yola düşür.

    
Türkiyədə  mühacirət həyatı yaşayan Məhəmməd Əmin Rəsulzadə Nuru paşa  ilə Almaniyadan gələn azərbaycanlıları  qarşılayır. Savadına və  bacarığına görə  M. Rəsulzadə   Ənvər Aslanbəyovla maraqlanır. Onun Masallıdan olduğunu biləndə soruşur:


- Masallıda Mirmahmud bəy Mirzə Cavadbəy oğlu Əmiraslanbəyovu tanıyırsan?

  
- O, mənim doğma əmimdir, -deyə Ənvər bəy cavab verir, mən onun qardaşı  Mirmusa bəyin oğluyam.

 
Mirmusa bəyin adını eşidən  Nuru paşa  gülümsünür:

  
- Yoxsa  sən  mənim gördüyüm  həmin  kiçik Ənvərsən?

 
- Bəli, sizin gördüyünüz həmin balaca Ənvərəm...

 
Türkiyadə  qalan   hər  iki Ənvər  “Azərbaycan  kültür dərnəyi”nə rəhbərlik edən Məhəmməd Əmin  Rəsulzadənin yaxın dostu və məsləkdaşı kimi fəaliyyət göstərirlər.  Ənvər  bəy Aslanbəyovun Masallıda yaşayan  qohum-əqrabasının   dediyinə görə M. Rəsulzadə   onun toy  mərasimində yaxından iştirak edib...

    
Çox güman ki, ötən əsrin yetmişinci illərinin  əvvəllərində gizli  yolla   Ənvər  bəy  Bakıda  yaşayan əmisi  nəvəsi   Mirkazım Aslanlıya məktub göndəribmiş.  Lakin  başı  müsibətlər çəkən  Mirkazım bəy bu barədə heç kimə  bir kəlmə də deməyib.

    

Və  həmin günlərin  birində  gədəbəyli  Vilayət  Allahverdiyev (şair Ayaz Arabaçının və  müğənni-bəsətkar  Zəka Vilayətoğlunun atası –N.Ə.)   Mirkazım Aslanlının  çalışdığı   Kirov adına xəstəxanada müalicə alır. Mir  Kazım Aslanlı onu müayinə edəndə  necə  olursa,  Vilayət müəllim  həyat yoldaşının babası  Məcid ağadan  söhbət salır.  Mirkazım bəy  də Məcid ağanın kiçik oğlu ilə -  yəni Vilayət müəllimin  həyat yoldaşının dayısı  Ənvərlə tələbə yoldaşı  olduğunu  bildirir.  Və  birlikdə çəkdirdiyi yeganə  şəkli  ona verib deyir: "O, indi Türkiyədə yaşayır...  Bir az  vaxt keçsin, sizə  hər şeyi ətraflı danışacam...”.


Onun belə davramağa vadar edən səbəblər məlum olsa da, Məcid ağanın qızları,nəvələri intizarla Mirkazım Aslanlının  müəmmalı şəkildə dediyi o  bir az  vaxtın  gəlib- keçməsini intizar içində gözləyirlər.

    
 Lakin...  Fiziki  cəhətdən  çox sağlam olan Mirkazım Aslanlı  1975 –ci ildə ömrünün 63 yaşında  gözlənilmədən dünyaya vida edir. Həyat yoldaşı  Fəridə xanımın  dediyinə  görə,  onu çalışdığı Tibb   İnstitutunun fizioterapiya  kafedrasına müdir təyin etmək istəyirmişlər.  Alim  həmkarlarından  biri  onu kommunist  olmamaqda və bəy  oğlu olduğuna görə  çuçlayır.  Bu gərgin  mübahisədən  əsəbləşmiş   Mirkazım bəy  evə gələndən sonra  yerini  döşəmədə qibləyə saldırıb   bir neçə saatdan sonra canını tapşırır.   Bu  qəfil  ölümüylə  o, Yaqublu nəslinin  sonucu  nümayəndəsi  olan  Ənvər ağa  Məcid ağa  oğlu barədə  xəbəri  özü ilə məzara  aparır. 


... 75 yaşlı  Ənvər  bəy Aslanbəyov   isə  Azərbaycan müstəqilliyinin bərpa edəndən sonra bir neçə günlüyə Masallıya- doğma İsi kəndinə  gəlib. Lakin  öz adaşının aqibətindən söz  açmadan   Türkiyəyə qayıdarkən yolda qəfildən dünyasını dəyişib. Allah vətən həsrətilə  qürbətdə  dünyasını  dəyişən bütün  soydaşlarımıza  rəhmət eləsin!



Nurəddin ƏDİLOĞLU.       
20 aprel 2018
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi