Modern.az

Balaca rəqqasəmiz İtaliyada qalib oldu - FOTO

Balaca rəqqasəmiz İtaliyada qalib oldu - FOTO

26 Aprel 2018, 11:26

İtaliyada keçirilən Beynəlxalq “San Remo – Junior” festivalında 12 yaşlı soydaşımız Fidan Hüseynova iştirak edib və müsabiqənin qalibi olub.

 

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumatda bildirilib.

 

İtaliyada fəaliyyət göstərən “Azəri” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, dosent-xoreoqraf, Azərbaycanın əməkdar artisti Mais Nuriyev bildirib ki, dünyanın 16 ölkəsindən, o cümlədən Ermənistandan olan finalçıların arasında Fidan Hüseynova uğurlu çıxışı ilə fərqlənib. Çox güclü rəqiblərlə mübarizə aparan gənc həmvətənimiz Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail olub.

 

Münsiflər heyətində Mais və Nəzakət Nuriyeva ilə yanaşı təmsil olunan erməni nümayəndənin bütün cəhdlərinə baxmayaraq, festivalın beynəlxalq tərkibli jürisi Fidan Hüseynovanın istedadını yüksək qiymətləndirib. Soydaşımızın uğurlu çıxışı haqqında yalnız jüri üzvləri deyil, festivalda iştirak edən digər sənətçilər və tamaşaçılar da xoş sözlər deyiblər.

 

Beynəlxalq uşaq müsabiqəsində müharibə nəticəsində əlil olmuş uşaqların birgə mahnı oxumasını əks etdirən film nümayiş etdirilib. Filmdən sonra ölkəmizin adı elan olunub və səhnəyə dəvət edilən Fidan Hüseynova əlində Azərbaycan bayrağı dalğalandıraraq “Tell me why” mahnısını simfonik orkestrin müşayiəti ilə ifa edib. Mahnı bitdikdən sonra Fidan Hüseynova zaldakı tamaşaçılara müraciətlə “Biz uşaqlara müharibə verməyin” deyə səslənib.

 

Festivalın sonunda isə San Remo şəhərinin mərkəzi meydanında parad keçirilib. Azərbaycan heyəti bütün şəhər boyu bayrağımızı dalğalandıraraq digər xalqların nümayəndə heyəti ilə yanaşı, yürüşdə iştrak edib. Yürüş zamanı soydaşlarımıza türkiyəli qrup tərəfindən dəstək göstərilib. Onlar sayca az olan Azərbaycan heyətinə qoşularaq Fidan Hüseynovanın qələbəsini “Azərbaycan, Azərbaycan” şüarları səsləndirməklə qeyd ediblər.

 

Festivalda dünyanın bir sıra ölkəsindən tanınmış mədəniyyət və iş adamları, San Remo şəhərinin rəhbərliyi, beynəlxalq aləmdə tanınmış kinoaktyorlar, Amerikadan dəvət olunmuş prodüsser və digər qonaqlar iştirak edib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi