Modern.az

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş:  “Tamamilə fərqli olacaq”

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan heykəltəraş:  “Tamamilə fərqli olacaq”

26 Aprel 2018, 14:47

“Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin  layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər  asan məsələ deyil”.

Bunu Modern.az  saytına açıqlamasında  heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Xalq rəssamı qeyd edib ki, abidə tamamilə fərqli üslubda olacaq:

“Əslində indi abidənin hansı formada olacağını izah etmək çətindir. Bu memarlıq abidəsi tam natural deyil.  Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm ki,  Lütfi Zadənin qəbirüstü abidəsində  qapı simvolu olacaq.  Qapı açılır və Lütfi Zadə ayaqüstə dayanır”.

Ö.Eldarov qeyd edib ki, layihə üzərində işləsə də, hələ ki abidə üçün lazım olan materialların sifarişlərindən söz açmaq mümkün deyil:

“Düzdür, özüm artıq uzun müddətdir  işləyirəm. Amma heç nə olmadan nəsə demək olmur.  Layihənin hazırlanması üçün də  çox vaxt lazımdır. Lakin deyə bilərəm ki,  Lütfi Zadənin  qəbirüstü  abidəsi  başqalarına  bənzəməməlidir.  Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz,  Lütfü Zadə təkcə Azərbaycan yox, həm də dünya üçün  böyük şəxsiyyət olub”.

Ömər Eldarov bildirib ki, büstün hazırlanması AMEA tərəfindən ona həvalə edilib və  qəbirüstü abidəsi mərhumun ildönümü mərasimində hazır olacaq.

Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi