Modern.az

Cümhuriyyəti devirənlərin aqibəti

Cümhuriyyəti devirənlərin aqibəti

26 Aprel 2018, 15:10

Prof. Ramazan SİRACOĞLU

 
Böyük ictimai-siyasi dəyişikliklər, ciddi təbəddülatlarla müşayət olunmuş XX əsrin birinci rübü Azərbaycanın da tarixində mühüm yer tutur. Müsəlman şərqində ilk cümhuriyyətin elanı, fəaliyyəti və süqutu, Azərbaycanda sovet hakimiyyətinin qurulması məhz bu dövrə təsadüf edir. İlhaq olunduğu çar Rusiyasının, qonşu Osmanlı imperatorluğunun və Qacarlar xanədanlığının dərin böhran və tənəzzülü, təbii olaraq, Azərbaycana sirayət etmiş, aclıq, səfalət, işsizlik, özbaşnalıq, bahalıq, qıtlıq dözülməz həddi aşmışdı. Birinci dünya müharibəsində (1914-1918) əks cəbhələrdə  vuruşmuş çar Rusiyası və Osmanlı dövlətinin fəlakətli iqtisadi durumu Qacarlar xanədanlığını da sarsıtdığından saysız miqdarda ucuz işçi qüvvəsi bir parça çörək tapmaq ümidi ilə Bakıya gəlmişdi. Bütün Azərbaycanın yeganə gəlir mənbəyi olan neft sənayesi iflic vəziyyətə düşmüş, neft emalı zavodları hasilat gücünün ancaq 34,5%-i qədər neft hasil edirdi, mədənlərin əksəriyyəti fəaliyyətini dayandırmış, buruqlarda məzar sükutu hökm sürürdü. ( Bax: Каренин А.: Султан Меджид Эфендиев (биографический очерк), Б., Азер. гос. изд., 1963, s. 76)


İlk günlər Azərbaycan Cümhuriyyətinə böyük ümidlər bəsləyən xalqın güzəranı daha da ağırlaşdıqca, sabaha olan inamları azaldıqca, milli hökumət torpaq islahatlarını qeyri-müəyyən müddətə qədər təxirə saldıqca narazı kütlənin sayı da hər gün çoxalırdı.  O dövrün siyasi elitası arasında mütəşəkkilliyin olmaması da Azərbaycan Cümhuriyyətinin əleyhinə işləyirdi. Məsələn, əsasnaməyə görə, 120 nəfərdən ibarət olası deputat korpusu 23 ay ərzində kompleksləşdirilə bilmədi, parlament iclasının çoxunda yetərsay olmadığından qanun layihələri müzakirə edilib təsdiqlənmədi, bir çox məsələlər Nikolay dövrünün qanunları ilə tənzimlənməkdəydi.  



Şəkildə: “III İnternasional”  zirehli qatarı Bakıda. 28.04.1920


Əhalinin ictimai-siyasi durumunu yaxşı öyrənən, mövcud vəziyyəti fürsət bilən bolşeviklər V. Leninin göstərişi ilə Bakıda fəaliyyətlərini genişləndirməyə başladılar, onlar siyasi opponentlərini nüfuzdan salmaq üçün hər cür vasitəyə, iqtisadi sabotajlardan tutmuş hərbi təxribatata qədər, müxtəlif hiylələrə əl atır, adamlar arasında antihökumət təbliğatını gücləndirirdilər. Mədənlərdə iş tapa bilib işləyənlərin əmək haqları 1914-cü ildəki əmək haqqının təxminən 18%-i qədər idi. Adamlar arasında milli hökumətə qarşı etimadsızlıq güclənirdi. 1919-cu ilin iyul ayında Bakıda baş vermiş ümumşəhər etiraz mitinqi milli hökumətin təməlini ciddi şəkildə sarsıtdı. Bakıda başlayan narazılıq aksiyaları əyalətlərə də yayılır, onsuz da ağır olan siyasi vəziyyəti daha da mürəkkəbləşdirirdi.  

 

Mövcud vəziyyətdən yararlanmağa çalışan erməni daşnaklarının Azərbaycana qarşı düşmən mövqe tutmaları, əhaliyə qarşı genosid siyasətini davam etdirmələri bizim milli hökumətimizi tam bir çıxılmaz mövqeyə sürükləməkdəydi. Milli hökumət müxtəlif partiyalara mənsub millət vəkillərndən təşkil olunduğundan nazirlər kabinet tez-tez baş verən istefalardan iflic vəziyyətə düşmüşdü. Nazirlər arasında çəkişmələr, hökümət üzvlərinin qanunsuz hərəkətləri, gizli fəaliyyət göstərmələri, nəticə etibarı ilə, hökümətin iflasını sürətləndirirdi. Məsələn, III hökumət kabinetində ticarət və sənaye naziri vəzifəsi tutmuş Mirzə  Əsədullayev ( məşhur milyoner Şəmsi Əsədullayevin oğlu) gizli neft sövdələşməsi apardığına görə o dövrün vaş naziri Fətəli xan Xoyski istefa vermişdi. (Bax: Гулиев Дж. Б.: Против буржуазной фальсификации истории,  Б., 1967,c. 28, s. 163)


1920-ci ilin birinci rübündə Azərbaycan ordusunun, demək olar ki, ancaq adı qalmışdı. Ordu mənsublarının əsas özəyi Qarabağda ermənilərlə döyüşdə vuruşarkən, bir hissə də fərariliklə məşğul idi.  Məsələn, 5-ci Bakı alayının canlı qüvvəsinin 60%-i, Birinci süvari alayının 62 %-i, İkinci Qarabağ süvari alayının 75%-i, Üçüncü Şəki süvari alayının 80 %-i, Üçüncü Gəncə piyada alayının 60 %-dən çoxu özbaşına şəkildə ordu sıralarını tərk etmişdi. ( Bax: Jörg Baberowski: Der Feind ist überall. Stalinismus im Kaukasus, Berlin,2003, s. 154; П. Дарабади: Военно-политическая история Азербайджана (1917-1920 гг.), Б., 2013, s. 160 )

Bolşeviklər 25 oktyabr 1919-cu ildə keçirdikləri partiya konfransında Azərbaycanda siyasi hakimiyyəti hərbi güclə devirmək barədə qərar qəbul etmişdilər. Bu məqsədlə həmin ilin dekabr ayında Mirzə Davud Hüseynovun rəhbərliyi ilə inqilab qərargahı yaradılmış və ciddi hazırlıqlara başlanılmışdı. Rusiyadan Azərbaycana gizli yollarla silah gətirilir, əldə edilən hərbi sürsatlar Çingiz İldırımım göstərişi ilə Nargin ( Böyük Zirə adası), Bayıl və Şıx sahillərində gizlədilir, bir hissəsi isə  milli hökuməti devirəcək etibarlı adamlara paylanılırdı.  Bu dövrdə erməni daşnakları rus bolşevikləri ilə bərabər hərəkət etmələrini də unutmaq olmaz. 1920-ci ilin Novruz bayramında daşnaklar Şuşa, Xankəndi və Əsgərana hücum edərək, ətraf yerləri ələ keçirməyə çalışdıqları üçün Azərbaycan ordusu ermənilərlə döyüşürdü.  Milli hökumət məhdud qüvvəsi ilə bolşeviklərin destruktiv əməllərinin qarşısını almağa çalışırdı. Məsələn, Daxili İşlər Naziri Mustafa bəy Vəkilov15 aprel 1920-ci il tarixli əmri ilə Gəncə, Şamaxı və Ağdamdan Bakıya 100 nəfər əlavə polis qüvvəsi gətirilməsi barədə əmr vermişdi. Həmin gün Xarici İşlər Naziri F. Xoyski RSFSR Xarici İşlər Naziri Çiçerinə rus silahlılarının nə üçün Azərbaycan sərhəddində dayandıqlarının səbəbini öyrənmək məqsədilə vurduğu teleqrama cavab verməyi özünə sığışdırmamışdı. Əliheydər Qarayev isə öz növbəsində Rusiya Kommunist (bolşeviklər) Partiyasının Dağıstan vilayəti üzrə katibi B. Şeboldayevə teleqram vururaraq yaxın vaxtlatda Azərbaycanda siyasi rejimi dəyişəcəklərini bildirmişdi. 26 aprel 1920-ci ildə Azərbaycan kommunistlərinin emissarları Qəzənfər Musabəyov, Həbib Cəbiyev və Anastas Mikoyan bolşevikləri Bakıya gətirmək üçün Azərbaycan-Dağıstan sərhədinə gəldilər, Azərbaycan sərhədlərində hücuma keçmək münasib məqam gözləyən bolşevik ordusuna komandan M. Tuxaçevskinin 52 saylı əmri elan olundu. Əmrə görə, sərhəddə gözləyən ordu 27 apreldə Bakıya hücuma keçəcəkdi. Ertəsi gün səhər tezdən Petrovsk şəhərindən ( Mahaçqaladan ) Bakıya doğru uçan təyyarə Azərbaycan ordusunun durumu barədə bolşeviklərə kəşfiyyat məlumatları ötürür, Əliheydər Qarayevlə əlaqə saxlayırdı.



Şəkildə: Bolşeviklərin 1919-cu ilin iyulunda Bakıda etiraz nümayişi


Bolşeviklərin malik olduqları 6 zirehli qatardan 2-si Aksay çayı üzərindəki körpüdən keçə bilmədiyindən Bakıya doğru 4 qatar— “III İnternasional”, “Qırmızı Dağıstan”, “Qırmızı Astraxan” və “Timofey Ulyantsev”— hərəkətə başladı. Ə. Qarayevin göstərişi ilə 26 apreldə Bakı- Gəncə telefon xətti kəsilmiş, Biləcər-Keşlə dəmir xətti dağıdılmışdı. Çingiz İldırımın əmri ilə Bayıl başda olmaqla şəhərə hakim yüksəkliklərə toplar qoyulmuş və atəşə hazır vəziyyətə gətirilmişdi. Onun göstərişi ilə 27 apreldə Bakı buxtası, Bayıl hərbi cəbbəxanası,  I şəhər polis şöbəsi, hərbi məktəb və kursantlar ələ keçirilmişdilər. Axşama doğru Bakı dəmiryolu vağzalı, Bakı poçtamptı, radiostansiyası, Bakı jandermeriyası və bir sıra mühüm obyektlər də Çingiz İldırıma tabe olan silahlı bolşeviklərin sərəncamında idi. Ç. İldırımın silahlı dəstələri  işğal etdikləri hər yerdə üçrəngli milli bayraqları cırıb parçalayır, əvəzinə sovet bayraqları asırdılar. Bolşeviklərə lazımı müqavimət göstərə bilməyən milli hökumət Tiflisə, Britaniya ali komissarı Lyuka teleqram vuraraq  gürcü hökumətinin  Azərbaycan hökumətinə yardım etməsinə və erməni tərəfinin Qarabağda hərbi əməliyyatları dayandırmasına vasitəçilik göstərməsini xahiş etdi. Lakin hadisələr o qədər sürətli vüsət aldı ki, ingilis ali komissarı heç məşvərət iclası da keçirə bilmədi.


27 apreldə gündüz saat 12-də Həmid Sultanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi adından Azərbaycan Cümhuriyyəti hökumət üzvlərinə Spasski küçəsi 11/5 ünvanında ( Zərgərpalan ) hakimmiyyəti təslim etmək baradə ultimatum verdi. Axşam saatlarında  Qırmızı Xəzər Donanması komandanı Çingiz İldırım milli hökumətə öz adından təslim olmaq haqqında təhdidkar ultimatum göndərdi: "2 saata hakimiyyəti bolşeviklərə təhvil vərməsəniz parlamənti başınıza yıxacağam!"

 


Şəkildə: Azərbaycan Cümhuriyyəti Nazirlər kabinetinin IV tərkibi, soldan dördüncü oturmuş Nəsib bəy Yusifbəyli,  dekabr, 1919


Parlamentə qərar qəbul etmək üçün gecə saat 12 tamama qədər vaxt verildiyini, əks təqdirdə parlamentin top atəşinə tutulacağı bildirilirdi. Parlamentin təslim olmaq haqqında iclası 2 saat 40 dəqiqə sürdü və axşam saat 11.25 dəqiqədə başa çatdı. Son iclas başlamazdan öncə hərbi nazir S. Mehmandarov bolşeviklərə silahlı müqavimət göstərməyin mümkünsüzlüyünü bildirmişdi. Məhəmməd Əmin Rəsulzadənin təkidi ilə parlamentin son iclası açıq keçirildi: “ hansı vəziyyətdə qərar qəbul etdiyimizi xalq bilsin”. Baş nazir M. Hacinski, “Hümmət” fraksiyasının təmsilçisi S. Ağamalıoğlu, “İttihad” fraksiyasının təmsilçisi K. Qarabəyov, “Sosialist bloku” fraksiyası təmsilçisi A. Səfikürdski, “Əhrar” fraksiyası təmsilçisi A. Qardaşov və başqaları müqavimətin mənasız olduğunu bildirdilər. Parlament 7 şərt daxilində hakimiyyəti bolşeviklərə təhvil verməyə razı olmuşdu. Bu şərtlər arasında Azərbaycanın müstəqilliyinin qorunması, kommunistlərin təşkil edəcəkləri hökumətin müvəqqəti olacağı, milli hökumət üzvlərinə toxunulmazlıq statusu verilməsi vardı. Təslim aktını Azərbaycan Cümhuriyyəti hökuməti adından parlament sədrinin müavini ( vitse spiker) Məmməd Yusif Cəfərov və kanselyariya müdiri M. Vəkilov imzaladı. 1 nəfər Parlamentin təslim qərarının əleyhinə   səs vermiş,  3 nəfər bitərf qalmış, 3 nəfər isə səsverməyə qatılmamışdı.  Gecə saat 2-də Azərbaycan Cümhuriyyəti Parlamenti de-yure və de-fakto öz işinə xitam verincə yenicə yaradılmış  Azərbaycan İnqilab Komitəsi İsmailiyyə binasına sahib oldu. Qeyri-məhdud səlahiyyət sahibi olan inqilab komitəsi – “revkom” – 6 nəfərdən ibarət idi: N. Nərimanov ( sədr), M. D. Hüseynov, Q. Musabəyov, H. Sultanov, A. Alimov və  Ə. Qarayev.


28 aprel 1920-ci ildə XI Ordunun “III İnternasional” zirehli qatarı müqavimətlə qarşılaşmadan Biləcərə çatanda Azrevkomun ( Azərbaycan İnqilab Komitəsi ) sədri Nəriman Nərimanov  Moskvaya- V. Leninə teleqram vurdu: 

“Не имея возможности собственными силами удержать натиск соединённых банд внешней и внутренней контрреволюции, Временный Революционный Комитет Азербайджана предлагает правительству Российской Советской Республики вступить в братский союз для совместной борьбы с мировым империализмом и просит немедленно оказать реальную помощь путём присылки отрядов Красной Армии”

“Azərbaycan Müvəqqəti İnqilab Komitəsi  xarici və daxili əksinqilabi quldurların birgə təzyiqinin qarşısını öz gücü ilə almaq imkanına malik olmadığından Rusiya Sovet Respublikası hökumətinə dünya imperalizminə qarşı birgə mübarizə aparmaq üçün qardaşlıq ittifaqına girməyi təklif edir və  dərhal Qızıl Ordu dəstələri göndəməklə real yardım göstərməyi xahiş edir” ( Bax: История гражданской войны в СССР, М., 1960, c. 5, s.225)

Moskvada nəşr olunan “Pravda” qəzeti 1920-ci ilin 29 aprel tarixli sayında öz oxucularını Bakıda sovet hakimiyyətinin qələbə qazanması münasibəti ilə təbrik edirdi. Elə həmin gün Türküstan cəbhəsinin komandanı M. Frunzenin əmri ilə “Avstraliya” hərbi kreyseri “sosialict Bakısının qəhrəman bolşeviklərinə” yardım üçün yola çıxdı. Onun göyərtəsindəki 24-cü atıcı diviziyasının 244-cü alayı “azərbaycanlı qardaşları”na yardıma çox tələsirdi. Petrovsk ( indiki Mahaçqala) limanından hərəkətə keçən F. Raskolnikovun tabeliyində olan Volqa-Xəzər donanmasının hərbi gəmiləri də “Avstraliya” kreyserindən geri qalmamağa çalışırdı.


Eyforiyada olan bolşeviklər iqtidara gəldikləri ilk andan başlayaraq  Milli Parlamentin irəli sürdüyü 7 şərtin hamısından imtina etdilər. Onların “müvəqqəti iqtidar”larının sonunun gəlməsini Azərbaycan vətəndaşları 72 il gözlədilər. Bolşeviklər müsəlman şərqinin ilk demokratik cümhuriyyətini qurmuş şəxslərin hamısına qarşı xüsusi qısqanclıq, ədavət və sayqısızlıq göstərdilər. Milli hökumət üzvlərinin nəinki özləri, ailə üzvləri, hətta qohumları da təqiblərdən, repressiyalardan qurtula bilmədilər.  Milli hökumətə lazımı dəstək verməyən, Bakıya “Şura hökuməti gətirən” XI ordunu seyirci nəzərlərlə izləyən,  1918-1919 cu illərdə tez-tez küçələrə çıxıb milli hökuməti hər şeyə görə suçlayan xalqa da bolşeviklər dərs verdilər, bu gün dünənkindən, sabah bu günkündən çox işləməyi “öyrətdilər”, səsini çıxarmağa cəsarət edənlərin sorağı Maqadandan, Kolımadan, Kamçatkadan gəldi; fəhlə-kəndli hökumətinin ideologiyasının təməlini “bizim kimi düşünməyənlər bizim düşmənimizdir” prinsipi oldu. Milli hökumətin pluarist, liberal siyasətini bolşeviklərin imperativ düşüncə tərzi əvəzlədi: “dediyimiz dedikdir”. Yox, Azərbaycanda sovet hökuməti qurulan kimi krantlardan süd, bal axmadı, ərzaq bolluğu da yaranmadı. Adamların xüsusi mülklərini, mallarını zorla əllərindən alıb onları artellərə, kolxozlara üzv yazdılar, üç növbəli məcburi iş sistemi tətbiq etdilər, məscidləri kluba, anbara çevirdilər, müxalif düşünənlər xalq düşməni  adlandırıb cəzalandırdılar.


Uzun müddət mətbuatda, elmi araşdırmalarda, rəsmi sənədlərdə, dərsliklərdə, radio və televiziyada, bədii əsərlərdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, lideri, hökumət üzvləri xalqa mənfi planda çatdırıldi, bizi ciddi cəhdlə inandırmağa çalışdilar ki, Azərbaycan Xalq Cümhuriyyətinin  qurucuları “millət xainləri”dirlər. “Yalan ayaq tutar, yeriməz”. Tarixin acımasız küləkləri  hamının əsl iç üzünü müəyyən müddətdən sonra açdı, kimin kim olduğu bəlli oldu. İbrətamiz gerçəklikdir ki, Azərbaycan Xalq Cümhuriyyətinə qənim kəsilənlərin özləri də məfkurə yoldaşları tərəfindən məhv edilmişlər. Azərbaycanın başkəndinin işğalını gerçəkləşdirən M. Tuxaçevski, S. Orconikidzə və Azərbaycan İnqilab Komitəsinin üzvlərinin hamısının həyatı  az sonra faciəvi sonluqla tamamlandı. Məsələn:


Azərbaycan İnqilab Komitəsinin sədri N. Nərimanov 1925-ci ildə Moskvada zəhərlənib öldürüldü ( rəsmi məlumata görə ürək tutmasından vəfat etmişdir); Azərbaycanı işğal edənlərə bir müddət siyasi rəhbərlik etmiş, 1921-1926-cı illərdə Azərbaycan SSR KP Mk-nın birinci katibi olmuş S.M. Kirov 1 dekabr 1934-cü ildə öldürüldü; Bakını işğal əməliyyatının ümumi komandanı marşal M. Tuxaçevski 1937-ci ilin iyun ayının 12-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası binasının zirzəmisində güllələndi;  Bakını işğal edənlərə Rusiya bolşevikləri adından siyasi dəstək vermiş S. Orconikidze 18 fevral 1937-ci ildə öz mənzilində intihar etdi (oxu: öldürüldü); Azərbaycan Xalq Cümhuriyyətini hərbi yolla devirmiş işğalçı XI Ordunun komandanı M. Levandovski 29 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində, Azərbaycanda sovet hökumətinin qurulmasında  müstəsna xidmətləri olmuş, Azərbaycan SSR Hərbi Dəniz İşləri, Xalq Yollar Komissarı, Sənaye vergisi  yığımı üzrə fövqəladə səlahiyyətli sədr Çingiz İdırım – Sultanov- 1937-ci ildə  həbs olunaraq  27 aprel ( bəzi qaynaqlara görə, 25 sentyabr) 1938-ci ildə güllələndi;


Şəkildə: Çingiz İldırım


Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR-in Xarici İşlər Naziri, Tacikistan SSR Mərkəzi Komitəsinin birinci katibi  Mirzə Davud Hüseynov ( Fətəli xan Xoyskinin kürəkəni ) 21 mart 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan milli hökumətinin devrilməsində fəal təşkilatçı, sonralar Azərbaycan SSR Xalq Komissarlar Sovetinin  və Mərkəzi İcraiyyə Komtəsinin sədri Qəzənfər Musabəyov 12 yanvar 1938-ci ildə güllələndi; Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Daxili İşlər Naziri Həmid Sultanov 3 iyul 1938-ci ildə güllələndi; Azərbaycan Xalq Cümhuriyyətini yıxanların ən fəallarından, Azərbaycan İnqilab Komitəsinin üzvü, Azərbaycan SSR Xalq Hərbi Dəniz İşləri komissarı, Bakı Sovetinin başçısı Əliheydər Qarayev 24 aprel 1938-ci ildə güllələndi… 

        
Rənglərini göy qurşağından almış üçrəngli bayrağımızın, gerbində ALLAH adı yazılmış dövlət rəmzimizin daim uca tutulması naminə mübarizədə həlak olanlara rəhmət, şanlı sələflərinin yolunu əzmlə davam etdirənlərə, bu amal uğrunda bütün çətinliklərə mətanətlə sinə gərənlərə, torpaqlarımızın bütünlüyü naminə səy göstərənlərin hamısına uğur diləkləriylə…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi