Modern.az

Deputat AŞPA-da etiraz etdi: “Ermənilər şəhər və kəndlərimizin adını məqsədli şəkildə dəyişdirirlər

Deputat AŞPA-da etiraz etdi: “Ermənilər şəhər və kəndlərimizin adını məqsədli şəkildə dəyişdirirlər”

Aktual

26 Aprel 2018, 15:33

“Heç bir beynəlxalq sənəddə, beynəlxalq təşkilatın qəbul etdiyi qətnamələrdə Azərbaycanın işğal altında olan şəhər və rayonlarının adı dəyişdirilməyib. Bu qətnamə layihəsində Azərbaycan ərazilərinin adının dəyişdirməklə ermənilər növbəti saxtakarlıqları ilə yenə də beynəlxalq hüquqa zidd gedirlər. Ermənistan dövləti bununla bir daha öz işğalçı mahiyyətini ortaya qoyur”.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-nın yaz sessiyasında “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

 

Sahibə Qafarova  Azərbaycan şəhər və kəndlərinin adlarının ermənilər tərəfindən məqsədyönlü şəkildə dəyişdirilməsinə etirazını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan Sahibə Qafarova qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü 20 faiz ərazilərimizin işğalı və bir milyondan artıq vətəndaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnib.

“Bu münaqişə nəticəsində Ermənistan bütün beynəlxalq çağırışlara və hüquqi sənədlərə məhəl qoymayaraq azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirib, qadın və uşaqlar amansızlıqla qətlə yetirilib. Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında mülki əhaliyə qarşı cinayət, Xocalı soyqırımını törədib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didərgin salınmış bir milyon qaçqın və məcburi köçkün problemlərinin həlli dövlət siyasətinin prioriteti elan edilmiş, ölkədəki çadır şəhərcikləri ləğv olunmuş, 97 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınmış, 265 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraitinin yaxşılaşdırılması təmin olunub”.

 

Deputat bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri çoxistiqamətlidir. Onların inteqrasiyası, sosial müdafiəsinin gücləndirilməsi, hüquqlarının qorunması ən əsas humanitar ehtiyaclardır. Amma bu insanlar üçün ən birinci məqsəd öz torpaqlarına qayıtmaqdır.

 

S.Qafarova vurğulayıb ki, Assambleyada artıq bir neçə dəfə miqrant, qaçqın və məcburi köçkünlərin problemləri ilə bağlı müzakirələr keçirilib.


“Bu məsələ Avropa üçün çox vacibdir. Çünki 4 milyondan artıq insan öz ölkələrində silahlı münaqişələr ucbatından Avropaya sığınıb. Ümumiyyətlə, mülki əhalinin öz yurd–yuvasından zorla köçürülməsi, məcburi deportasiya olunması insanlıq əleyhinə cinayətdir. Ona görə də Avropada sığınacaq tapmış 4 milyondan artıq insanın humanitar ehtiyacları təmin olunmalı, onların hüquqları qorunmalıdır”.

 

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin təklif və israrları ilə AŞPA “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsinə 4 düzəliş edib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi