Modern.az

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı  

Mətbuat Şurası Zakir Fəxrinin 70 illiyinə toplandı   

26 Aprel 2018, 17:56

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə şair-publisist, yazıçı və jurnalist Zakir Fəxrinin 70 illik yubileyi münasibəti ilə toplantı keçirilib.

 

Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın keçdiyi ömür yolundan bəhs edib. O bildirib ki, Z.Fəxrinin şerə, poeziyaya marağı hələ gənc yaşlarında özünü gözəl yaradıcılıq nümunələrində göstərib. Buna görə də Azərbaycan Dövlət Politexnik İnstitutunu bitirməsinə baxmayaraq, 1972-ci ildə məhz mətbuatda, o dövrün populyar nəşrlərindən olan «Azərbaycan gəncləri» qəzeti redaksiyasında çalışmağa başlayıb. Sonrakı illərdə «Ulduz» jurnalı redaksiyasında işləyib. 1989-1992-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin sədr müavini, şöbə müdiri olub. Yubilyar həmçinin 11 il «Xəzər» dünya ədəbiyyatı dərgisində baş redaktor kimi fəaliyyət göstərib. Onun «Qalmaz belə, qalmaz dünya» kitabı Mədəniyyət Nazirliyinin «Qızıl kəlmə» mükafatına layiq görülüb.

 

Ə.Amaşov Z.Fəxrinin hazırda da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Xəzər» dünya ədəbiyyatı dərgisində məsul vəzifə tutduğunu xatırladaraq bildirib ki, «Xatirə çiçəyi», «Bir ömrün tarixi», «Yaza və yoza bilmədiyim yuxu», «Qara Məlik, Qara Qəzənfər və mən», «Rekviyem», «Qaranlıqdan aydınlığa», «Bəşəri poeziya» kitablarının da müəllifi olan yubilyar hər zaman həqiqət carçısı kimi tanınıb, bəşəri yaradıcılıq ruhu ilə örnək olub. Z.Fəxrinin bu gün də dəst-xəttinə sadiq qaldığını vurğulayan MŞ sədri ona rəhbərlik etdiyi qurumun diplomunu təqdim edib.

 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu yubilyarın yaradıcılığı üçün dərdi ictimailəşdirmək motivinin güclü olduğunu dilə gətirib. O, eyni zamanla Z.Fəxrini fəal vətəndaş mövqeyi ilə seçilən ziyalı olaraq qiymətləndirib.

 

Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli Z.Fəxri yaradıcılığından bəhs edən xarakterik xüsusiyyətlər barədə söz açaraq bildirib ki, yubilyarın poeziyası üçün insanı düşündürən kədər xarakterikdir və bu kədər insanı özünə qaytarır, onu həyata səsləyir.

 

MŞ İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid Z.Fəxrinin Azərbaycanın müasir poeziyasında məxsusi yer tutduğunu bildirib. O, fikrini konkret faktlarla isbatlayıb, habelə şairlə bağlı xatirələrini bölüşüb.

 

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Aqil Abbas Z.Fəxri yaradıcılığı üçün müxtəlif xarakterik xüsusiyyətlərdən soz açaraq yubilyar şairin şerlərindəki insanlara sevgi aşılamaq üstünlüyü üzərində dayanıb.

 

MŞ İdarə Heyətinin üzvü, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Z.Fəxri poeziyasında Qarabağ niskili dolğunluğu ilə ifadəsini tapır. Baş redaktor həmçinin vurğulayıb ki, yubilyarın şerlərinə hakim kəsilmiş özünü fəda xətti məxsusi yanaşma etalonu kimi diqqət çəkməkdədir.

 

MŞ İdarə Heyətinin üzvü, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bildirib ki, Z.Fəxrinin şerləri hər zaman canlıdır və buna görə də yenidir, müasirdir. Bu cəhət şairin yaradıcılığı üçün vacib məqamdır.

 

«Ulduz» jurnalının baş redaktoru Qulu Ağsəs Z.Fəxrinin hər zaman yaradıcı gənclərə dəstək olduğunu bildirib, fikrini konkret nümunələrlə əsaslandırıb.

 

Çıxış edənlərdən MŞ sədrinin müavini Müşfiq Ələsgərli, Şuranın İdarə Heyətinin üzvlərindən - Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azadinform İnformasiya Agentliyinin direktoru Niyaz Niftiyev, «Cümhuriyyət» qəzetinin baş redaktoru Rəfail Becanov, MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev, həmçinin «İranlı Mühacirlər Cəmiyyəti» İB-nin sədri Rəhim Hüseynzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları Z.Fəxri yaradıcılığı ilə tanış olduqları dövrlərə qısa ekskurs edərək, şairlə şəxsi təmaslarındakı spesifik epizodları bölüşüb, onun poeziyasının, ümumilikdə yaradıcılığının bəşəriliyini göstərən cəhətlərə diqqəti yönəldiblər. Onlar yubilyarı həmçinin qayğıkeş dost, sadə və səmimi keyfiyyətlərə malik vətənpərvər ziyalı kimi xarakterizə edərək təbriklərini çatdırıb, xoş duyğu və arzularını bölüşüblər.

 

Sonda çıxış edən Z.Fəxri yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir