Modern.az

Azərbaycanın aprel işğalı  

Azərbaycanın aprel işğalı   

Ədəbi̇yyat

27 Aprel 2018, 08:55

Nəsiman Yaqublu,
Tarix elmləri doktoru


Yeni  nəşrə hazırladığım “Azərbaycan milli azadlıq hərəkatı ensiklopediyası” (sovet dövrü: 1920-1991) kitabımdan 27 aprel işğalı haqqında olan məlumatları oxuculara təqdim edirəm.

 

1920-ci  ilin  27  aprelində Azərbaycanin işğal edilməsi. 27 aprel, yoxsa  28  aprel? Sovet  işğalı –“yağmalama həftəsi”.bolşevik  qətliamlari. Azərbaycanda ruslaşdırma siyasəti 


1920-ci ilin 27 aprelində bolşevik Rusiyasının silahlı qüvvələri – başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər. Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı  silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş)  min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində  “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın  Rusiya tərəfindən yeni  işğalı baş verirdi. Azərbaycan Milli Qurtuluş  Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə yazırdı: ”Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında heç bir fərq yoxdur. O zamankı zəncirlərin rəngi ağ, indiki zəncirlərin rəngi qırmızıdır” (burada ağ və qara, Rusiyanın o dövrlərdəki bayraqlarına işarədir).


Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel”  tarixinə üstünlük verilib. Bəs nə üçün?


Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 Aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar.


Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı  hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu  aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri  M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və  Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional”  zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı.

Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü élan edərək “28 Aprel İnqilabı”  olaraq  dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı.

27 Aprel işğalı ilə əlaqədar M. Ə. Rəsulzadə yazırdı: “Qanlı çar istibdadının yerini bu dəfə  ondan daha qanlı bolşevik istibdadı tutdu. Beləliklə, azadlıq istiqlalımız qızıl istilaçıların ayaqları altına əyildi”.

 


SOVET  İŞĞALI –“QRAB NEDELYA”

(YAĞMALAMA HƏFTƏSİ)

 

27 aprel 1920-ci ildə Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Ərzaq anbarları müsadirə edildi, Moskva proletariatına göndərildi. Azərbaycanlı ailələr küçələrə atıldı, evləri mənimsənildi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edildi. İki gün ərzində Bayıl həbsxanasında  300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi.

Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar.

Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı.

Sovetlər Birliyi dövründə 800 (səkkiz yüz) min slavyan əsilli əcnəbi Azərbaycana gətirilərək burada əbədi məskunlaşdılar.

 

 26  BAKI KOMİSSARLARININ  ABİDƏSİ – İDEOLOJJİ

 İŞĞALIN BAŞLANMASI

(BAKIDA  İLK  BOLŞEVİK  ABİDƏSİ)

 


1920-ci ilin sentyabrında Bakını azad etmiş Türk şəhidlərinə qoyulacaq abidənin açılış mərasimi olmalı idi. 1920-ci ilin 27 aprelində Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra həmin abidənin açılışı mümkün olmadı (abidənin müəllifi Zivər bəy Əhmədbəyov idi).

Azərbaycan işğal edildikdən sonra 1920-ci ilin sentyabrında Bakıda Azərbaycanın azadlığına əks mövqedə dayanmış,31 Mart soyqırımında bilavasitə iştirak etmiş 26 Bakı Komissarlarının dəfn mərasimi oldu. İlk olaraq 1920-ci ilin sentyabrın 8-də onların təntənəli şəkildə dəfn mərasimi keçirildi. 1924-26-cı illərdə isə “26 Bakı Komissarlarının güllələnməsi” qorelyefi (qranit, heykəltəraş S.D.Merkurov idi) və 26 Bakı Komissarları xatirə ansamblı (1968, memarlar H.Ələsgərov, Ə.Hüseynov, heykəltəraşlar İ.Zeynalov, N.Məmmədov) yaradılmışdır.

Sovetlər Birliyi dövründə 1918-ci ilin 31 Mart soyqırımında minlərlə günahsız azərbaycanlının qətlində iştirak etmiş 26-ların − S.Şaumyanın, S.Osepyanın, A.Əmiryanın, A.Boryanın, B.Avakyanın, A.Kostanyanın, T.Əmirovun və digərlərinin qəbri üzərinə gül-çiçək dəstələri gətirməyə insanları məcbur edir, buranı “müqəddəs” bir and yerinə çevirirdilər.

1958-ci ildə həmin meydanda “26 Bakı Komissarlarının güllələnməsi”  qorelyefi qoyulmuş, 1968-ci ildə isə 26 Bakı Komissarı xatirə ansamblı yaradılmışdır. 

 

BOLŞEVİK  QƏTLİAMLARI

(İlk qurbanlar)

 

1920-ci ilin Aprelin 27-dən 28-nə keçən gecədən başlayaraq, bolşeviklər Azərbaycanda amansız  qətliama başladılar.

Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu. 1921-ci ilə qədər ancaq hərbçilərdən 12 general, 27 polkovnik (albay) və podpolkovnik, poruçik və podporuçik, 146 proporşik, 266 nəfər başqa işçilər güllələnmişdi. Yalnız 1920-ci ilin mayın 26-dan iyunun 4-nə qədər Gəncədə baş verən üsyanda 10 minədək Azərbaycan insanı həlak olmuşdu.

 

İNSANLARI  MƏHKƏMƏSİZ  QƏTLƏ  YETİRƏN

“TROYKA”LAR  (“ÜÇLÜK”LƏR)

 

1920-ci illərdə Sovetlər Birliyində mövcud olan “Troyka”lar  (“Üçlük”lər) minlərlə günahsız insanı sorğu-sualsız, heç bir istintaq işi aparılmadan güllələmək hüququna malik idi.

VÇK-nın (Ümumrusiya Fövqəladə Komissiyası) tərkibində ilk dəfə belə “Üçlük” 1918-ci ilin əvvəllərində yaradılmışdı. “Üçlüy”ün tərkibinə aşağıdakılar daxil idi: F. E. Dzerjinski, V. A. Aleksandroviç və Y. X. Peterso. Bu “Üçlük” 1938-ci ilin sonlarına qədər mövcud olub.

Bu “Üçlüy”ü yaratmaqda məqsəd: 1920-ci illərdəki cinayətkarlıq hallarının operativ şəkildə qarşısını almaq idi. Bundan ötrü formal məhkəmə proseduru olur və güllələmə hökmü yerinə yetirilirdi.

1929-cu ildən isə onlar sosializm düşmənlərini, qolçomaqları, kollektivləşməyə mane olanları ölüm hökmünə məhkum edir, öldürülmələrini tezləşdirirdilər.

1937-1938-ci illərdə belə “Üçlük”lərə daha çox səlahiyyətlər verilmişdi.

Əslində bu qətliamlar Sovet dövlətinin banisi V. İ. Lenindən başlayırdı.

Leninin dostlarına yazdığı məktublarda qeyd edilirdi: “Məsləhət görürəm ki, müvəqqəti olaraq öz içərinizdən rəislər təyin edəsiniz, heç kimdən soruşmadan və səfehcəsinə süründürməçiliyə yol vermədən qəsdçiləri və tərəddüd edənləri güllələyəsiniz. V. İ. Lenin”.

 

AZƏRBAYCANDA RUSLAŞDIRMA SİYASƏTİ

(1920-1930-CU İLLƏR)

 

M. Ə. Rəsulzadə yazırdı: “Sovetlərdə indi müdhiş bir rus-bolşevik şovinizmi zühur etmişdir. Rus mədəniyyət ölçülərini mütləq surətdə qəbul etməyənlər, buna müqabil millətlərarası mədəniyyət  dəyərlərini qiymətləndirməyənlər kosmopolitizm ilə ittiham olunur və yaxanı NKVD-nin əlinə verirlər”.

Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti digər tərəfdən də ermənilərin Qafqaza qayıtmasına 1931-ci ildə qərar vermişdi. Bu, ermənipərəst siyasətin davamı idi. Tbilisidə çap olunan “Zarya Vostoka” qəzetinin 140-cı sayında bildirilirdi ki, “Muxtar Dağlıq Qarabağ Vilayəti”ndə erməni kommunistlər daşnakları daim müdafiədə olmuş, hətta Qarabağda çıxan ermənicə qəzet daşnaklarla mübarizədən imtina etmişdi.

Azərbaycan türklərinə qarşı isə Sovet dövlətindəki rəhbərliyin münasibəti fərqli idi. Sovet hakimiyyəti Azərbaycanı ruslaşdırır və milli kadrları mühüm vəzifələrə yaxın buraxmırdı. Aşağıdakı məlumatlar Sovet hökumətinin “ruslaşma” siyasətinə əyani bir sübutdur:

Azərbaycan türklərinin ümumilikdə nisbəti:

1. Azərbaycan Baş İqtisad Şurasında - 1928-ci ildə Azərbaycan türkləri yüzdə 31, 1931-ci ildə isə yüzdə 22 olmuşdur.

2. Sığorta İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 12, 1929-cu ildə yüzdə 16, 1931-ci ildə yüzdə 14.

3. Azərbaycan Neft Komitəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 9, 1929-cu ildə yüzdə 7, 1931-ci ildə yüzdə 5.

4. Dövlət Plan İdarəsində –1928-ci ildə Azərbaycan türkləri yüzdə 67, 1931-ci ildə yüzdə 39-a enmişdir.

5. Baş Dövlət Məhkəməsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 66, 1937-ci ildə yüzdə 46.

6. Maarif  Vəkalətində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 65 ikən, 1931-ci ildə 104 məmurdan 50-ni ermənilər təşkil edirdi.

7. Azərbaycan Dövlət Nəşriyyat İdarəsində – 1928-ci ildə Azərbaycan türkləri yüzdə 51, 1931-ci ildə yüzdə 43.

Bakıda ruslaşmanın daha güclü aparıldığını “Zarya Vostoka” qəzetinin 1931-ci il 11 iyun sayındakı məlumatdan görmək mümkündür: “Bakı Sovetinin məsul işçilərinin 45 faizi ruslar, 17 faizi ermənilər, 16 faizi isə türklərdir (azərbaycanlılardır - red.).

Yenə həmin ildə Azərbaycanda mövcud olan 12 ali məktəbdən ancaq birində – yeni Pedaqoji İnstitutda tədris türkcə, qalanında isə rusca aparılırdı.

Qeyd edək ki, sonrakı dövrdə də Azərbaycanda müdhiş bir ruslaşdırma siyasəti aparıldı. Xüsusən, dövlət idarələrində yazışmalar, sənədləşmələr rus dilində olurdu. Hətta ruslarla ailə quranların ön vəzifələrə çəkilməsi daha asan olurdu. Erməni millətindən olanlar isə (xüsusən qadınlar) mütləq idarə rəhbərinin katibəsi, köməkçisi funksiyasını daşıyırdı.

Bu “ruslaşdırma  siyasəti”ni  ilk dəyişdirmək istəyənlərdən biri 1954-1959-cu illərdə Azərbaycana başçılıq etmiş İ. Mustafayev oldu. Onun Azərbaycan idarəçilik sistemində ana dilini müdafiə etməsi sonradan vəzifədən uzaqlaşdırılması ilə nəticələndi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür