Modern.az

Nazirlik pensiya tənqidlərinə belə CAVAB VERDİ

Nazirlik pensiya tənqidlərinə belə CAVAB VERDİ

27 Aprel 2018, 11:52

"Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Azərbaycan dövlətinin pensiya təminatı sistemi qocalığa, əlilliyə və ailə başçısını itirməyə görə təminatları nəzərdə tutur və bu ödənişlərin məcburi sosial sığorta vasitəsilə gerçəkləşdirilməsi mexanizmlərinə istinad edir". 

Bu sözləri Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyalarla bağlı tənqidlərə cavabında bildirib.

Qeyd edək ki, tanınmış iqtisadçı Qubad İbadoğlu ötən günkü açıqlamasında deyib ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının ekspertlərinin qiymətləndirmələri göstərir ki, pensiya qanunvericiliyində islahat adı ilə edilən son dəyişikliklər yaşı çatmış şəxslərin pensiyaya çıxış imkanlarının məhdudlaşdırılması ilə yanaşı, orta aylıq pensiya məbləğinin aşağı düşməsinə gətirib çıxaracaq.

Q.İbadoğlu qeyd edib ki, yeni dəyişikliklərdən sonra pensiyalar üçün əvvəllər mövcud olmuş və dövlət büdcəsindən maliyyələşən baza hissəsi ləğv olunub:

“Bu dəyişikliklərə görə bundan sonra pensiyalar fərdi yığımların bazasında formalaşacaq. Ölkədə kütləvi işsizliyin müşahidə edilməsini, eləcə də işləyənlərin bir hissəsinin qeyri-leqal fəaliyyət göstərdiyini, aldıqları məvacibin aşağı olduğunu nəzərə alsaq, onda yeni qanunla vətəndaşların əksəriyyəti təqaüd yaşı çatdıqdan sonra pensiya ala bilməyəcək”.

 

İqtisadçının sözlərinə görə, bu halda onlara yalnız qocalıq müavinəti veriləcəyi gözlənilir ki, onun da məbləği 55 manatdır.

“Hazırda rayonlarda yaşayan 1 milyon 700 min nəfər torpaq mülkiyyətçisinin çoxunu bu cür tale gözləyir. Belə ki, 110 manat məbləğində pensiya almaq üçün pensiya yaşlı vətəndaşın 25 il iş stajı və minimum 15 800 manat məbləğində pensiya kapitalı olmalıdır. Bu isə o deməkdir ki, hətta 25 il və ondan çox əmək stajına malik olan ölkə vətəndaşlarının bir qisminin fərdi sığorta hesablarında yığılan vəsait onlara ən yaxşı halda minimum məbləğdə, yəni 110 manat pensiya verilməsini təmin edə biləcək.

Hətta hazırkı bazar qiymətlərinə adekvat hesablanmamasına baxmayaraq pensiyaçıların yaşayış minumumunun aylıq dəyərinin 2018-ci il üçün 144 manat müəyyənləşdirildiyi halda yeni qanunla pensiyaya çıxanlara ondan da az məbləğdə təqaüdün verilməsi dövlət tərəfindən əsaslı müdafiəyə ehtiyacı olan ahıl insanları taleyin hökmünə buraxmaq deməkdir.

Odur ki, ADR Hərəkatı pensiya qanunvericiliyindəki yeni dəyişiklikləri sosial cəhətdən ədalətsiz hesab edir, bunu ahıl insanların sosial - iqtisadi, yaşam hüquqlarının pozulması kimi qiymətləndirir, son dəyişkliklərin ləğv edilməsini, sosial cəhətdən ədalətli pensiya sisteminin qurulmasını tələb edir və hakimiyyəti pensiya sahəsində ədalətli islahatlara çağırır” – Qubad İbadoğlu bildirib.


Nazirlik rəsmisi Elman Babayev isə qeyd edib ki, yeni pensiya sistemi sığorta prinsiplərinə əsaslanır:

“Yəni pensiya hüququnun əldə edilməsi üçün hər bir şəxsin sistemdə fərdi hesabı olmalı, əldə edilmiş gəlirlərdən müəyyən edilmiş normativlərə uyğun sosial sığorta haqqı ödənilməlidir. Həmin vəsaitin hesabda fərdi uçotu aparılmalıdır və şəxs pensiya yaşına çatdıqda həmin uçot məlumatları əsasında vətəndaşa pensiya təyin edilməlidir. 
Bir çox inkişaf etmiş ölkələrin təcrübəsində də dövlət pensiya təminatı sistemlərinin təkmilləşdirilməsi əsasən sığorta prinsiplərinin genişləndirilməsi yolu ilə həyata keçirilir. Sığorta prinsiplərinin gücləndirilməsi isə toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığını təmin edir. Bu da həmin sistemlərin iştirakçılarına münasibətdə ədalətliliyi təmin edir. Yəni vətəndaş ödədiyi sosial sığorta haqqına mütənasib şəkildə pensiya məbləği almalıdır”.

 

Şöbə müdiri təəssüflə qeyd edib ki, bəzi ekspertlər sosial sığorta sistemini sosial yardım sisteminə bərabər tuturlar:

“Beləliklə, ictimaiyyətdə mövcud pensiya təminatı sisteminin ədalətsiz olması barədə rəy formalaşdırmağa çalışırlar. Onlar özləri pensiya təminatında işləyən və sosial sığorta haqqı ödəyən şəxsləri işləməyən və sosial sığorta haqqı ödəyən şəxslərə bərabər hesab edirlər. Bununla da ədalətsiz yanaşmanı ortaya qoyaraq, formalaşdırdıqları rəyin düzgün olmadığının fərqinə varmırlar. Pensiya sistemi işsizliyi, qeyri-rəsmi məşğulluğu, qeyri-rəsmi gəlirləri stimullaşdırmamalıdır. Əksinə, onların aradan qaldırılmasına yönəldilməlidir. Bu sistem insanları əmək fəaliyyəti ilə məşğul olmağa, dövlət ödənişlərini etməyə maraqlandırmalıdır. 
Beynəlxalq təcrübəyə uyğun olaraq, ölkəmizdə pensiya təminatı ilə əhatə olunmayan və ya bu hüququ qazana bilməyən şəxslərin də sosial müdafiə sisteminin digər proqramları ilə əhatə olunmaq, təminat əldə etmək hüquqları var. 
Qanunvericiliyə görə, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə, o, yaşa görə sosial müavinət almaq hüququna malikdir. Eləcə də həmin şəxslər ünvanlı dövlət sosial yardım proqramına müraciət edə bilərlər”.

 

Nazirlik rəsmisi qeyd edib ki, pensiya təminatı sistemində 2017-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklər ölkədə layiqli pensiya təminatı imkanlarının gücləndirilməsinə imkan verib:

“Bu islahat tədbiri vətəndaşların sığorta-pensiya sistemində daha fəal iştirakını təşviq edir. Beləliklə də, şəxsin pensiya hüququnun onun sosial sığorta sistemindəki iştirakına əsasən müəyyən edilməsi kimi qabaqcıl dünya pensiya praktikasında qəbul olunmuş ədalətli yanaşmaya əsaslanır.

Pensiya təyinatının bilavasitə toplanmış sığorta kapitalı ilə uzlaşdırılması nəticəsində əvvəllər tətbiq olunan 12 illik staj tələbi də aradan qaldırılıb.

Belə ki, əgər sığorta kapitalı minimum pensiya məbləği qədər pensiya təyin olunmasına imkan verirsə, pensiyaçıya münasibətdə artıq heç bir staj tələbi qoyulmur. Alternativ olaraq isə onun minimum pensiya təminatı almaq üçün 25 il stajı olmalıdır. İşləyən pensiyaçılara hər 72 aydan bir fərdi hesablarında yığılmış vəsaitlərdən istifadə edərək pensiyalarını artırmaq imkanı da verilib. 
Pensiya qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində, fərdi uçot sistemində "açıq hesab" prinsipi tətbiq olunub. Bu o deməkdir ki, fərdi uçot sistemində fərdi şəxsi hesabı açılmış hər bir şəxsə bu hesabındakı pensiya kapitalını artırmaq üçün əlavə imkanlar yaradılıb. 

Qeyd olunan islahat tədbirinin pensiyanın orta aylıq məbləğinin azalmasına səbəb olacağı fikri də əsaslı deyil. Belə ki, ölkəmizdə pensiyanın orta aylıq məbləği 01 aprel 2018-ci il vəziyyətinə 218,03 manatdır ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,8 faiz yuxarıdır. O cümlədən 01 aprel 2018-ci il vəziyyətinə yaşa görə pensiyanın orta aylıq məbləği 244,36 manat təşkil edir ki, bu da 2017-ci ilin müvafiq dövrünə nisbətən 9,3 faiz yuxarıdır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır