Modern.az

Rəsulzadənin buxaralı SİLAHDAŞI - Cümhuriyyət qurucusu Osman Xocanın faciəli taleyi - FOTOLAR

Rəsulzadənin buxaralı SİLAHDAŞI - Cümhuriyyət qurucusu Osman Xocanın faciəli taleyi - FOTOLAR

30 Aprel 2018, 11:57

Timur Kocaoğlu Türküstan hökumətini yaradan, Buxara Xalq Cümhuriyyətini (BXC) quran Usmanxoca Pulatxocayevin oğludur. 1947-ci ildə Türkiyənin İstanbul şəhərində doğulub.  Hələ körpəliyindən atası Timura Əhməd Cavadın, Almas İldırımın, Türküstan şairlərinin şeirlərini oxutdurub, əzbərlədərdi. Elə körpə yaşlarında öyrəndiyi şeirlər, ədəbiyyat dərsləri onun məsləkinə çevrilmişdi.

Modern.az saytı bu yazıda tükoloq alim Timur Kocaoğlunın atası Usmanxoca Pulatxocayevdən bəhs edir..

Timur Kocaoğlu uzun illər İstanbulda Qoç və Mərmərə Universitetlərində çalışıb, Miçiqan Universitetində doktorluq müdafiə edib. Hazırda Amerikanın Miçiqan Universitetində türk tarixi, türk ədəbiyyatı, türk mədəniyyətindən dərs deyir. Onun humanitar elmlər sahəsində yazdığı əsərləri  ingilis dilinə tərcümə edilib və dərslik kimi təhsil ocaqlarında istifadə olunur. Deyir ki, çox uzun yüzillər boyunca amerikalılar Türk dünyasından, Orta Asiyadan, Azərbaycandan, Qafqazlardan xəbərsiz olub. İndi onun kimi elm adamlarının sayəsində Amerika Türk dünyasını daha yaxından tanıyır və kəşf etməyə başlayır.

Türk dilini yerin, göyün, məhəbbətin, insanlığın sevgi dili sayan türkoloq alimin fikrincə, dilini itirən millət özünü, kimliyini itirmiş olur. Onun fikirincə, Ana dili çox müqəddəs bir canlıdır. Deyir ki, türklərin bütün dünyada bir millət kimi qalmasına onların dili səbəb olub. Dinlərini dəyişiblər, ancaq dillərini dəyişməyiblər. Həmin dil yaşadıqları torpaqları türklər üçün Vətən edib. 


Türk dünyasının bu Vətən fədaisinin həyatında, ömründə isə bu gün türk dünyasının üzük qaşı olan Azərbaycan Cümhuriyyətinin 100 ilinə töhfə verəcək xatirələri var. Timur Kocaoğlunun həmin xatirələrini Baymirzə Hayıt da qələmə alıb.

Timur Kocaoğlu atası Osman hoca haqqında xatirələrində qeyd edir:


- Atam Osman Xocaoğlu 1878-ci ildə buxaralı tacir Ataxocayevin ailəsində Fərqanə vadisinin Oş şəhərində  dünyaya gəlib. Buxarada mədrəsə təhsilini başa vurduqdan sonra, 1909-cu ildə Krımın Baxçasaray şəhərinə gedərək, burada İsmayıl bəy Qaspralı ilə tanış olub, onun “Tərcüman” qəzetində, “Molla Nəsrəddin” jurnalında  yazılar çap etdirib. 1910-cu ildə isə İstanbula gələrək, burada da İsmayıl bəy Qaspralı ilə birlikdə fəaliyyət göstərməyə başlayıb. İstanbulda Tamimi Maarif Cəmiyyətinin şöbəsini açaraq, buraya Buxaradan və Türküstandan oxumağa uşaqlar gətirib. Daha sonra Buxaraya dönərək, burada cədidçilik məktəbi açıb. Amma Buxara əmiri Səid Alim Xan həmin məktəbləri bağlatdırıb.
1916-ci ildən başlayaraq, Orta Asiyadakı üsyanları idarə edənlərdən biri olur.  Bu o zaman idi ki, Azərbaycanda çıxan “Molla Nəsrəddin” jurnalı Türkiyədə və Türkistanda əl-əl gəzirdi. Osman Xocayev İsmayıl Qaspralının “Dildə, fikirdə, işdə birlik” məfkurəsinin işığında, Türküstan coğrafiyasında, rusların əsarətindən qurtarmaq üçün  əqidədaşları ilə azadlıq mücadiləsinə başlayıb.
Bu niyyətlərinə nail olmaq üçün  onların başlatdığı cədidçilik hərəkatının əsas məqsədi savadsızlıq və geridəqalmışlıqla mübarizə idi. İnsanlar yalnız oxuyub-yazmağı bacarandan sonra, azadlığın necə böyük nemət olduğunu anlaya bilərdilər. Türküstanda, Buxara əmirliyində cəmiyyətin çox böyük çatışmazlıqları var idi. Onlar dinə və şəriətə toxunmadan, cəmiyyətdə islahatlar istəyirdilər. Rus çarından, imperatorundan asılı olan Buxara əmiri Səid Alim Xan isə qurtuluşu Rusiyada görürdü. Beləliklə cədidçilərlə Buxara xanı arasında böyük ziddiyyətlər əmələ gəlmişdi.

Türküstanda  müsəlmanların və türklərin fallaşdığını görən Rusiya hər bir vəchlə, onları əldən verməmək üçün danışıqlar aparır və hətta istəkləri ilə razılaşmalı da olurdu. Buna görə də  1917-ci ilin may ayında  Rus İmperiyasında yaşayan türklər və müsəlmanlar Ümumrusiya Müsəlmanlarının Qurultayını çağırdılar. Qurultaya qatılanlar iki cəbhəyə bölünmüşdülər: Birinci tərəf Şimali Qafqaz və Tatarlardan ibarət olanlar Rusiya Federasiyası tərkibində mədəni muxtariyyət istəyirdi;
İkinci tərəf isə Azərbaycan, Krım, Başqırdıstan türkləri və türküstanlılar öz sərhədlərini və torpaqlarını müəyyən etmək üçün inad göstəririrdi.

İnad göstərənlər içərisində Azərbaycandan Məhəmməd Əmin Rəsulzadə Qurultaya aşağıdakı qərarın qəbul olunması üçün təklif vermişdi:


“Ümumrusiya Müsəlmanları Qurultayı dövlət quruluşunu müzakirə etdikdən sonra, müsəlmanların milli mənfəətinin qorunmasına dair Milli Torpaq Federasiyası Qanunu əsasında müstəqillik qazanan dövlətləri Rusiya Demokratik Cümhuriyyəti olaraq tanımalıdır. Müəyyən torpaqları olmayan millətlər üçün milli-mədəni muxtariyyət verilməlidir”.

M.Ə.Rəsulzadənin bu qərarı və təklifi qurultayda 271 səsə qarşı 460 səs olaraq qəbul edildi. Qurultay türk və müsəlman xalqlarının milli mənafelərini koordinasiya etmək üçün Milli Mərkəzi Şura yaratmağa qərar verdi. Bu mərkəzdə 30 vəkil və nümayəndə seçildi. Bu Mərkəzin üzərindən də Məhəmməd Əmin Rəsulzadə və Osman Xocaoğlu tez-tez bir biri ilə əlaqələr qurur, millətin mənafeyi üçün müzakirələr aparırdılar. Lakin Rusiya yenə də hər cəhdlə bu quruma maneçilik törətdiyindən Kommunist rejimi 1918-ci ildə Mərkəzin fəaliyyətini qadağan etdi.



Buna baxmayaraq, hər bir aydın öz dövlətini qurmaq ümidi ilə mücadilədən çəkinmirdi. Osman Pulatxocayev öz tərəfdaşları ilə birlikdə Cədidçilik hərəkatını davam etdirirdi. Rusiya yenə də Buxaranı əldən vermək istəmirdi. Osman Pulatxocayev və onun  yaratdığı firqənin nümayəndələri artıq Türküstanda  nüfuza malik idilər.  Bundan istifadə edən Rusiya Federasiyasının rəsmi nümayəndələri 1920-ci ilin mart ayının 30-da Mixail Frunzenin rəhbərliyi altında  Buxaraya gələrək, Buxara əmirinə hakimiyyəti təhvil vermək haqqında ultimatum təqdim etdi. Ultimatumda  Buxara Əmirliyinin Qırmızı Ordunun Kaqan-Termez dəmir yolunun tikintisinə pul ayırması tələb edilirdi. Əmir bu ultimatuma məhəl qoymadı  və cədidçiləri ələ alan sovet nümayəndəsi onlarla birlikdə əmirin hakimiyyətini devirmək üçün plan cızdı.

Həmin il sentyabr ayının 2-də Buxara əmiri Səid Alim xanın hakimiyyəti devrildi. Onu  yerinə Cədidçilər hərəkatının fəal üzvü, Osman Polatxocayevin yaxın qohumu, 24 yaşlı Fayzulla Xocaoğlu keçdi. Maliyyə naziri isə Osman Polatxocayevi təyin etdilər.  Daha sonra onu Mərkəzi  İcraiyyə Komitəsinin sədri seçildi. Tez bir zamanda Buxara Xaqlq Cümhuriyyətini Əfqanıstan, Hindistan, Rusiya, Pakistan müstəqil dövlət kimi tanıdı. Buxara Xalq Respublikası elan edildikdən sonra Osman Xocanın başçılıq etdiyi nümayəndə heyəti 1921-ci ildə V.İ.Leninlə Moskvada görüşə getdi. Bu görüş zamanı Osman Xoca Türkiyə Qurtuluş savaşı üçün 100 milyon qızıl vermək istədiyini bildirmişdi. O dövrdə belə böyük məbləğin göndərilməsi regionda ancaq Rusiya bankları ilə mümkün olduğundan, Osman Xoca bu variantdan istifadə edib, Türkiyə Cümhuriyyətinə yardım üçün 100 milyon qızıl göndərilməsi məsələsini məclisdə müzakirə etdi, xalqın və dövlətin razılığını aldı.

Həmin hadisəni Osman Xocanın oğlu Timur Kocaoğlu “Yenilik hərəkatları və ihitilalar arasında” məqaləsində belə qələmə alıb:


“Buxara Cumhuriyyəti qurulandan sonra mən cumhur rəisi (nazir-müəllif.) olaraq, rəhbərimiz Feyzullah Hoca ilə Sovet Rusiyasının rəhbərləri və V.İ.Lenin ilə görüşmək üçün Moskvaya getmişdim. Bizdən bir müddət öncə, 1920-ci il iyul ayının ortalarında Türkiyədə Milli Hərəkatı təmsil edən bir heyətin V.Şami bəyin rəhbərliyi ilə Moskvaya gələrək, Lenin, Çiçerin və Karahan ilə Türküyı Qurtuluş savaşı hərəkatına  birbaşa yardım alınması üçün müzakirələr aparmalarından xəbərimiz var idi.  Bizim V.İ.Leninlə görüşümüz baş tutdu. Elə söhbətlərimizin əvvəlindən hiss etdim ki, Lenin Mustafa Kamal Paşanın başladığı hərəkatdan xeyli məmnundur. Türkiyədən söz açaraq, yardım istəməyə gələn heyətlə olan söhbətlərini xatırladı.
“Ankaradan bir türk heyəti gəldi. Vəziyyətlərini anladaraq bizdən yardım istədilər. Sizin fikriniz nədir?”- deyə məndən soruşanda, heç tərəddüd etmədən V.İ.Leninə: “Əlbəttə, yardım etmək gərəkdir və bu yardım vaxt itirmədən olunmalıdır”- deyə cavab verdim. Mənim bu fikrimə Lenin, Sovet Rusiyasının xəzinələrində yardıma çatacaq vəsaitləri olmadığını söylədi:

“Yardım məcəlləsinə gəlincə, bizim bir qədər çətinliklərimiz var. Birincisi Türkiyənin istədiyi qızıl rubl bizdə çox azdır”. Mən düşünmədən, həmən onun sözünü kəsdim: “Bizdə qızıl pul vardır” –dedim: “Verə bilərik...”.

Təbii ki, Türkiyədə yeni hərəkatın başlanılması  xəbərindən biz çox sevinirdik deyə, hər hansı bir köməyimizin dəyməsi şərəf məsələsi idi. Bundan sonra isə Lenin dedi: “İkincisi də yol məsələsidir. Çünki Türkiyəyə təkcə qızıl deyil, hər cür döyüş sursatları da göndərməliyik. Bütün bunları isə təhlükəsiz şəkildə Türkiyəyə çatdırmaq lazmıdr. Halbuki,  Qafqazdan göndərə bilərdik, Qafqazlardakı qarşıqılıq baxımından orada yollar bağlıdır. Nə vaxt açılacağı da məlum deyil”.

Onun bu sözünün ardınca isə mən: “Qafqazlarda qurulan cümhuriyyətlərlə anlaşmaq bizim üçün çətin deyil, çünki orada müsəlmanlar çoxluq təşkil edirlər. Gürcülər də mənfəətələri üçün müsəlmanlara yaxındır. Bizim bir təhlükəmiz erməni tərəfindəndir. Nə qəza gəlsə, onlardan gələ bilər... Lakin yenə də vaxt olarsa, biz çalışıb bir yolunu tapa bilərik”- deyə, onu əmin etdim.

Bu danışıqdan sonra, biz Türkiyə Qurtuluş Savaşına ayıracağımız qızılların hansı miqdarda, necə verilməsi yollarını araşdırmağa başladıq. Və belə qərara gəldik ki, mütəxəssislər bu yönümdə işləsinlər. Eyni zamanda, Buxara Xalq Cümhuriyyətinin xarici işlər naziri olan Fayzulla Hoca ilə rus mütəxəssilərindən ibarət bir heyətə bu yardımın yerinə yetirilməsini həvalə etdik. Uzun danışıqlardan sonra bu heyət  veriləcək  yardımın miqdarının 100 milyon qızıl rubl olacağını söylədi. Biz təkrarən V.İ.Leninlə görüşdük. Görüşümüzdə o, söhbəti təkrar qızıl pul yardımın üzərinə gətirərərk soruşdu:

--Nə qədər verə biləcəksiniz?

-- 100 milyon qızıl publ.

-- Yüz milyonmu?

-- Bəli! Dərhal verə bilərik.


Bizim BXC-də Çar Rusiyasından qalma qızıl rubllarımız, Əmir Teymur dövründən qalan qızıllarımız var idi. Dövlətə məxsus olduğundan ruslar Buxara hökumətinin bu vəsaitinə və xəzinəsinə əl qoya bilmirdilər. Çünki müstəqillik qazandığımızdan öz varidatımızı özümüz idarə edirdik. Moskva ilə isə söhbətlərimizi tərəfdaş ölkə kimi aparırdıq. Biz Buxaraya döndükdən sonra Parlamentin rəhbəri Abdulkadir Mirzəoğlu ilə  görüşərək, məsələni Milli Məclisimizə çıxardıq. Mən öz çıxışımda  xalqa və Parlamentə müraciət edərək, dostlarımız və dindaşlarımız olan türklərin qorxunc vəziyyətini, yunanlar tərəfindən çox böyük təzyiqlərə məruz qaldıqlarını böyük həyəcan və səmimiyyətlə kürsüdən izah etdim.  O zaman Parlamentdə bizim 4 partiyamız var idi. “Milli Birlik”, “Qurtuluş”, “Ahrar” partiyaları lehinə səs verdilər. Yalnız Kommunist Partiyasının sədri, tatar Nəsib Hüseynoğlu bütün bunların boş bir iş olduğunu bəyan etdi. Və bizi provakasiya edərək: “Belə yardım olmaz. Biz bu pulları  ingilislərlə müttəfiqlik quran Osmanlı sultanlarına veririk. O sultanlar indi imperialistlərlə anlaşırlar”- deyərək, etiraz səsini ucaltdı.  Onun bu çıxışından sonra “Türk font” da ona qarşı çıxış edərək, xalqı aydınlatmaq üçün geniş şəkildə təbliğat aparmağa başladı. Nəsib Hüseynoğlu isə bizim qəbul etdiyimiz qərarla razılaşmadığından, əks təbliğat apardığından, hökumətin qərarı ilə Buxaradan çıxarıldı. Buxara Paralamenti Türkiyəyə 100 milyon qızıl rubl yardımının göndərilməsini  təsdiq etdi. Heç bir etiraz edən olmadan, ertəsi gün vəsaiti Ankara Hökumətinin hesabına yerləşdirmək üçün Rusiyanın xəzinəsinə göndərdik...”.  



Buxara Cümhuriyyətinin Türkiyə Böyük Millət Məclisinə göndərdiyi 100 milyon qızıl yardımı hədəfinə çatmadı. Bu yardımdan yalnız 10-11 milyon qızıl Türkiyə hökumətinin hesabına yatırıldı. Türklər bu yardımı hər zaman Sovet Birliyinin hədiyyəsi kimi xatırladılar. Lakin yerdə qalan 90 milyon qızıldan xəbərləri yox idi. Həmin qızılları isə Lenin bolşevik hərəkatının güclənməsinə, Azərbaycan Xalq Cümhuriyyətinin, Buxara Xalq Cümhuriyyətinin, Xarəzm dövlətinin, Türküstanın parçalanamasına yönəltdi...

Mehmet Saray “Atatürk və Türk Dünyası” kitabında daha sonra bunları qeyd edir:


“Mustafa Kamal Paşa hakimiyyətə gələndən sonra Çanakaya köşkündə Buxaradan gələn hökumət heyətini qəbul edərkən, nümayəndələr Türkiyəyə göndərdikləri 100 milyon qızıl haqqında ona səhih məlumat vermişdilər. Buxaradan olan elçilərin bu görüşlərini əks etdirən foto və ya heç bir sənəd bu günümüzə qədər gəlib çıxmayıb.  Buxara elçiləri ilə görüşdən bir qədər sonra, 17 oktyabr 1921-ci ildə Atatürk Böyük Millət Məclisinin kürsüsündən son dərəcə maraqlı bir çıxış edərək deyib:

“Möhtərəm dostlar! Türküstanlı qardaşlarımız Sakarya Zəfəri münasibəti ilə bizə 3 qılınc və bir Qurani-Kərim göndəriblər. Türk milləti adına onlara bu kürsüdən təşəkkür edirəm.  Bu müqəddəs kitabı Türk millətinə hədiyyə edirəm. Üç qılıncdan birini mən götürürüəm. İkincisini Şərq cəbhəsinin komandanı olarak İsmət Paşaya verirəm, üçüncü qılınc isə İzmirə ilk girən komandanın belinə taxılacaqdır!”.


Xatirələrdə yazılır ki, böyük Atatürkün bu çıxışı çox böyük coşqu ilə qarşılanıb. Atatürkün Türk millətinə verdiyi həmin Qurani-Kərim indi də TBMM-in kitabxanasında saxlanılır. Əmir Teymurdan qaldığı iddia edilən həmin qılıncların sonrakı taleyi çox müəmmalı oldu. Yalnız 26 avqust 1922-ci ildə Cumhuriyyət paradına hazırlaşarkən Atatürk və İsmət Paşanın geyimlərinin üstündə həmin qılınc olub. Akşəhərdə çəkilmiş həmin foto indi də tarixi arxivlərdə saxlanmaqdadır. Üçüncü qılınc isə Atatürk tərəfindən  İzmirə ilk girən süvari zabiti Şərəf bəyin belinə taxılmışdı...


Buxara Xalq Cumhuriyyətinin baş naziri Osman Hoca öz dövlətinin azad olması, istiqlanının tanınması üçün  Buxara Ordusunu yaradır. Bu zaman kəsiyində Buxaranın sərhəddində dayanan Nuru Paşanı ölkəsinə dəvət edir. Onunla işbirliyi qurur.  Lakin Rusiya bütün tərəflərdən Buxara hakimiyyətini sıxmaqda davam edir. Buna cavab olaraq 1921-ci il noyabr ayının 9-da Rusiya Ordusunun Düşənbə Qarnizonundakı komandirlərini həbs edir. Rus əsgərlərinin Buxara torpaqlarından çıxıb getməsi hqqında fərman verir.  Arada çox böyük ixtişaş yaranır.  Rusiya  Ordusuna və Rusiyaya baş əyməyən basmaçlar və digər türküstanlıların gözündə  Osman Xoca yenilməz bir qəhrəmana çevrilir. İnsanlar Rusiyaya qarşı milli istiqlal savaşına qalxırlar.


Osman Xoca 10 noyabr 1922-ci ildə danışıqlar aparmaq, Ordusu üçün silah-sursat almaq üçün Əfqanıstana rəsmi səfər edir. Onun ölkədə olmamasından istifadə edən Rusiya Ordusu  Düşənbənin yaxınlığında hiylə işlədərək, İbrahim Talib adlı bir tacikin əli ilə Nuru Paşanı mühasirəyə salıb öldürür. Türküstanda ara qarışır.  Buxaranın xarici işlər naziri Fayzulla Xoca Osman Xocaya xəbər göndərərək, bildirir ki, Türküstana qayıtsa, ruslar tərəfindən tutulub edam ediləcək.

Osman Xoca Əfqanıstanda bir qədər yaşadıqdan sonra, 1923-cü ilin iyul ayında İstanbula qaça bilir.

Onun İstanbula gəlişindən üç ay sonra, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin başçısı olur. Osman Xocanın İstanbulda olduğu xəbərini alandan sonra isə məxsusi olaraq, onun üçün ömürlük prezident təqaüdü təyin edir. Daim birlik, bərabərlik azadlıq ideyaları ilə yaşayan Osman Xoca İstanbulda   türküstanlıların “Türküstan Gənclər Birliyi”ni yaradır. Öz dövrünün parlaq simaları olan Mustafa Çokay, Zəki Valid Toğan ilə birlikdə “Yeni Türküstan” jurnalını çıxarır.


Rusiya Sovet Respublikası Osman Xocanın onun komandirlərinə qarşı etdiyi basqını heç cürə unuda bilmirdi. Osman Xocanın İstanbulda yerləşdiyini bilincə, dəfələrlə rəsmi surətdə Atatürkə məktub yazaraq, onu geri veməsini istəyir. Lakin Mustafa Kamal Atatürk onların bu tələblərinə müsbət cavab vermir. Yalnız 1938-ci ildə Atatürk xəstə yatağında olarkən rəsmi Moskva yenə eyni tələb irəli sürür.  Osman Xoca siyasi mənzərənin çox ağır olduğu bir vəziyyətdə daha İstanbulda qala bilməyəcəyini yəqin etdiyindən, Polşaya pənah aparır. Varşavada Məhəmməd Əmin Rəsulzadəni tapıb onunla birlikdə fəaliyyət göstərməyə başlayır. Burada isə Şeyx Şamilin nəvəsi Sait Şamil də onlara qoşulur. Məhəmməd Əmin Rəsulzadə və Polşanın aydınları ilə birlikdə “Promotey” adlı gizli təşkilat yaradırlar. Bu təşkilatın da məramı Rusiya ilə savaş olur.

İkinci Dünya Müharibəsi ərəfəsində  “Promotey”  təşkilat onları İrana göndərir ki,  fars dilini yaxşı bilən bu üçlük oradan Polşadakı hökuməti regionda və Rusiya-İran arasında olan əlaqələr və  planlar barəsində xəbərdar etsin.  Müharibə sona yetəndən sonra İranın bir hissəsi Rusiyanın, bir hissəsi isə ingilislərin nəzarətinə keçir. Osman Xoca və Məhəmməd Əmin Rəsulzadə bu zaman İngiltərənin nəzarətində olan cənubda idilər. Yalnız müharibə sona çatana yaxın 1944-cü ilin sonunda hər iki istiqlalçı Məhəmməd Əmin Rəsulzadə və Osman Xoca yenidən Türkiyəyə qayıdaraq, ömürlərinin sonuna kimi orada yaşayırlar. Osman Xoca 1968-ci ildə İstanbulda ömrünü başa vurur.


Osman Xoca Türküstan sevdalısı, türk dünyası sevdalısı idi. Azərbaycanda 1918-ci ildə Xalq Cümhuriyyəti qurulanda, üçrəngli bayrağımız ucalanda ən çox sevinənlərdən bir də bu böyük mübarizə  adamı idi. Məhz Azərbaycan öz istiqlalına qoşulandan sonra, o da öz əqidədaşlarını başına yığıb Buxaranın müstəqilliyi üçün çalışmışdı. Tarixin belə dönüşündən, Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradığından, həmin istiqlal gününü qürbətdə yaşayan istiqlalçılar ömürlərinin sonuna kimi qeyd etmişdilər.


1928-ci ildə may ayının 28-də  İstanbulda Azərbaycan Cümhuriyyətinin 10 illiyi  qeyd edilən məclisdə Osman Xoca çıxış edib.

Bu haqda belə yazılır:


“SÂBIK BUHÂRÂ HÜKÛMETİ REÎSİ OSMAN HOCA BEĞ’İŊ: "Azerbaycan İstiklâl Gününüŋ Tes’îdi" Yıldönümü Kutlaması Törenindeki Nutku (İstanbul, 28 Mayıs 1928) - Azeri Türk dergisi, Yıl: 1, S: 10, 15 Haziran 1928, s. 5-6 TÜRKİSTAN’IŊ SESİ Sâbık Buhârâ Hükûmeti reîsi Osman Hoca Beğ’iŋ Türkistanlılar nâmına îrâd ėtdiği nutuk kardaş alkışları ile karşılanmışdır. Nâtık, bu büyük ve şerefli gün münâsebetiyle Azerileri tebrîk ėderek mutlakā istiklâliyete kavuşacaklarını tebşîr ėtmişdir. Zîrâ, istiklâli için mübâreze ėden, ölen ve ölmeği bilen milletler er-geç hür ve müstakil olacaklardır. Gerek Azerbaycanlılar, gerek Türkistanlılar soŋ ferdlerine kadar hâin Rus emperyalistlerine karşı mücâdele ėtmesiyle bunu isbât ėtmişdir. Azerbaycanlılar on senelik bir mücâdele târihi, satırları kanla yazılan bir destan yaradabilmişlerdir. Nâtık 1918 senesinde, Mart günlerinde Bakü’de bulunduğunu, o zaman muntazam orduya ve asrî teslîhâta kat’iyen mâlik bulunmayan Azerileriŋ Rus, Ermeni muntazam ordularına karşı nasıl mücâdele ėtdiğini ferden ferd kırılırken, kırılacağını, topa, pulemyota, harbî gemileriŋ ve tayyâreleriŋ bombardımanına duramayarak mahv olacağını bildiği ve gördüğü hâlde nasıl çarpışdığını, harb-darb görmüş, Alman cebhesinden gelen asır-dîde Rus-Ermeni ordusu içerisine nasıl bir velvele salmış olduğunu bizzât müşâhede ėtdiğini, gürültülü alkışlar içerisinde nakl ėtmiş ve nutkuna devâm ėderek dėmişdir ki: "Azeriler bir hafta devâm ėden o mücâdelede mağlûb oldular. Kara, nâ-pâk kuvvetler, ak, pâk kuvvete üstün geldi. Azerileriŋ canı, malı imhâ ėdildi. Fakat Azeriler mücâdeleden vaz geçmediler. Gence merkez olmak üzere mücâdelelerine daha muntazam bir şekil vėrerek nihâyet gālib geldiler… İki senelik hür ve müstakil hayâtdan soŋra Azerbaycan’ıŋ yeŋiden felâketi Azerbaycanlılarıŋ millî istiklâl mücâdelesini daha kuvvetli ve daha esâslı bir şekle salmışdır. İ’lân-ı istiklâlden on sene geçiyor, Azerileriŋ mücâdelesi de on birinci yaşına giriyor. Gitdikçe daha çok harâret peydâ ėden bu mücâdele, ne kadar mukaddes bir hareket olduğunu gösteriyor." Azerbaycan ve Türkistan istiklâliniŋ mutlakā i’âde ėdileceğine derin bir îmân besleyen Osman Beğ nutkunu uzun ve sürekli alkışlar içerisinde bitirmişdir.

 

Aida Eyvazlı

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır