Modern.az

Sevgisi Qarabağa bülənd olan adam - SƏXAVƏT TAĞLAR

Sevgisi Qarabağa bülənd olan adam - SƏXAVƏT TAĞLAR

Ədəbi̇yyat

30 Aprel 2018, 14:39

Yazışı-publisist, əməkdar müəllim Səxavət Tağların 60 illik yubileyinə

 

Əslində doğum günü tarixi, yaşın üstə yaş gəlməsi bir təqvim dəyişikliyi, rəqəm göstəricisidir. İnsanın əsl yaşı isə onun əməlləri, insanlara və bütövlükdə cəmiyyətə nə qədər dəyərli olmağı, mənəviyyatının zənginliyi ilə hesablanır. Bu baxımdam bu gün 60 illik yubileyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin məsul katibi, yazıçı-publisist, əməkdar müəllim Səxavət Tağlar 100 yaşını çoxdan haqlayıb...

Öncə qeyd edim ki, Səxavət müəllim haqqında qələmə aldığım bu yazı heç də bir neçə günün məhsulu deyil. Və bu yazının özəyində uzun illərin müşahidələri, 70-80-ci illərin Yuxarı Qarabağ, Xankəndi xatirələri durur. Pedaqoji fəaliyyətinə və yaradıcılığına yaxından bələd olsam da, yazını hazırlayarkən bir daha yubilyarın qələmindən çıxan yazılara, onun haqqında yazılmış məqalələrə, xatirələrə, kitablarına verilmiş rəylərə bir daha nəzər saldım. Kifayət qədər nüfuza sahib olan insanların Səxavət Tağlar haqqında yüksək fikirlərini, xoş təəssüratlarını, dəqiq ifadələrini oxuduqca, ərklə dost, qardaş deyə müraciət etdiyim bu insan haqqında qənaətlərimdə yanılmadığımın bir daha şahidi oldum.

Mən dəyərli oxucularımıza Səxavət müəllimi ənənəvi tərcümeyi-halla deyil, bir az qeyri-adi formada təqdim etmək istərdim:

Səxavət Tağlar İmişlidə anadan olub, amma o qarabağlıdır.

Səxavət Tağlar üçün İmişli doğma ata-baba yurdudur, amma Xankəndi Vətəndir.

Səxavət Tağların ən ali sevgisinin bülənd olduğu yer Şuşadır...

Bəli, Səxavət müəllim Qarabağ qoxulu, Qarabağ sevgili bir insandır. Ürəyində Qarabağı yaşadan, Qarabağı gəzdirən əsl azərbaycanlıdır. Qarabağ mövzusu onun istər pedaqoji fəaliyyətində, istər yaradıcılığında, istərsə də məclislərdə, görüşlərdə etdiyi söhbətlərdə əsas mövzudur.

Səxavət Tağlar milli düşüncəyə xidmət edən ziyalıdır. Biliyini, bacarığını, bütün enerjisini milli dövlətçiliyimizin inkişafına sərf edərək, yorulmadan, tükənmədən Azərbaycanımıza xidmət edən vətəndaşdır. O, düşüncəsində, davranışında, yaradıcılığında, fəaliyyətində mükəmməldir, bütövdür, bütün münasibətlərdə əxlaq mizanının ölçülərini qorumağı bacaran bir kəsdir.

Əməl adamıdır Səxavət müəllim, sözünə bütöv, dediyinə sahib duran azərbaycanlı kişisidir. Nəsil şəcərəsinin adət-ənənələrini qoruyan layiqli davamçıdır, gözəl ailə başçısıdır, el-oba arasında sayılıb-seçilən ağsaqqaldır.

Səxavət Tağlar təvazökarlığı, saflığı, təmizliyi, sonsuz dərəcədə təmkinli olmağı ilə fərqlənən, bütün bunlarla yanaşı lazım olan məqamda qətiyyət və prinsipial mövqe nümayiş etdirən haqq tərəfdarıdır. Təbii ki, əsl insana xas olan bu məziyyətlər də onun doğulub boya-başa çatdığı ailədəki saf mühitin yekun nəticəsidir.

Əsl ziyalılara məxsus mənəvi gücü ilə seçilən Səxavət müəllim özünə qarşı son dərəcə tələbkar bir adamdır. O təkcə davranışı, insanlarla xoş münasibəti ilə deyil, həm də səliqə-sahmanı, geyim-kecimi, ən adi hərəkətləri ilə belə fərqlənən insandır.

Səxavət Tağlar dost qədri bilən, dost axtaran, dost köməyinə çatan etibarlı yoldaşdır. Bu günlərdə əməkdar jurnalist Hikmət Cəmilzadənin yubilyara ünvanladığı təbrikində Səxavət Tağların peşəkarlıqla yaradılmış DOST obrazının da şahidi oldum.

Səxavət müəllim həm də maraqlı həmsöhbətdir, ciddi mövzulardan tutmuş baməzə söhbətlərə qədər natiqlik qabiliyyəti ilə özünə diqqəti cəlb etdirməyi bacarandır. Güclü yaddaşı var, istənilən xəbəri, informasiyanı məntiqi təhlil etmək bacarığına malikdir.

Səxavət Tağlar pedaqoq, əməkdar müəllim, yaradıcı bir insan kimi öz nuru, ziyası ilə gənclərimizin yoluna işıq salan, gələcək nəsillərə örnək sayılan müdrik şəxsiyyətdir. Heç şübhəsiz ki, bu aydın, işıqlı ziyalının xeyir-duası ilə hələ neçə-neçə insanlar cəmiyyətimiz üçün dəyərli vətəndaş vəsiqəsi alacaqır.

Sözsüz ki, kiçik bir yazı ilə Səxavət Tağların zəngin iç dünyasını açmaq, kəşf etmək mümkün deyil. Sadəcə bu yazı kiçik bir yubiley təbrikidir, səmimiyyətlə yazılmış dost payıdır.

Dəyərli Səxavət müəllim, təqvim yaşınız mübarək! Məşhur mahnıda deyildiyi kimi, 60 yaş nədir hələ... Sizin mənəvi gücünüzə, yaradıcılıq potensialınıza bələd olan bir insan kimi deyə bilərəm ki, hələ bundan sonra da 60 il Qarabağ sevdalı maraqlı, oxunaqlı yazılarınızla, pedaqoji fəaliyyətinizdəki uğurlarınızla bizləri sevindirəcəksiniz.

Və ən nəhayət, və ən başlıcası... Axı aramızda bir əhdimiz də var, Xankəndində görüşmək əhdi. Bax elə bu əhdə, bu arzuya görə yaşamağa, yaratmağa, yazmağa dəyər...

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub