Modern.az

Xalq rəssamı Tokay Məmmədov vəfat edib

Xalq rəssamı Tokay Məmmədov vəfat edib

2 May 2018, 16:14

Azərbaycanın xalq rəssamı, heykəltəraş Tokay Məmmədov dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, 91 yaşlı heykəltəraş bu gün müalicə aldığı xəstəxanada vəfat edib.

 

Tokay Həbib oğlu Məmmədov 1927-ci il iyulun 18-də Bakıda anadan olub. Anası Zivər Məmmədova Azərbaycanın ilk qadın heykəltəraşı olub.

 

1942-ci ildə yeddinci sinfi bitirdikdən sonra T.Məmmədov Bakı Rəssamlıq Məktəbinə imtahan verir. O zaman Bakı Rəssamlıq Məktəbinin nəzdində heykəltəraşlıq şöbəsi yenicə təşkil edilmişdi. P.Sabsay, F.Əbdürrəhmanov, C.Qaryağdı həmin heykəltəraşlıq şöbəsində fəaliyyət göstərirdilər. T.Məmmədov bilavasitə ilk milli heykəltəraşımız F.Əbdürrəhmanovdan dərs almağa başlayır. Leninqrad Rəssamlıq Akademiyasını bitirmiş F.Əbdürrəhmanov öz şagirdlərini dünya klassik incəsənətinin ən mütərəqqi ənənələri ilə tanış edirdi.

 

1945-ci ildə T.Məmmədov Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin üçüncü kursunu bitirərək Leninqrad şəhərinə gedir və İ.E.Repin adına Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakultəsinə qəbul olur. Burada oxuduğu illər ərzində o, görkəmli rus sənətkarları V.Senayski, A.Matveyev və M.Kerezindən dərs alır, heykəltəraşlıq sahəsində kamil ustalıq vərdişlərinə yiyələnir.

Heykəltəraşın erkən işlərində məzmunun əlamətlərini və personayların həcm-məkan xarakterliyini tutmağın müəllif metoduna məxsus səciyyəvi cəhətləri görünür. Professional sənətkarlığa yiyələnmə yeni mövzuların, obrazların dərin fərdi dünyagörüşünün təsdiqi sahəsindəki axtarışlarla paralel aparılırdı. Akademiyada təhsil aldığı zaman T.Məmmədov bir çox sərgidə yaratdığı büstlərlə təmsil olunaraq yüksək qiymətə layiq görülür.

Ali təhsil aldığı dövrdə, yəni 1947-ci ildə Azərbaycanın xalçaçı rəssamı Lətif Kərimovun portret büstünü hazırlayır.

T.Məmmədov 1948-ci ildə Moskvada təşkil edilmiş sərgidə rus şərqşünaslığının banisi, görkəmli Azərbaycan alimi Mirzə Kazım bəyin portretini nümayiş etdirir.

 

T.Məmmədov ali təhsilini bitirdikdən sonra Leninqradda heykəltəraş kimi işə başlayır və Leninqrad Rəssamlar İttifaqına üzv qəbil edilir. Heykəltəraş Bakıya qayıtdıqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində pedaqoyi fəaliyyətə başlayaraq burada yetişən gənc rəssamlara həm rəsm, həm də heykəltəraşlıqdan dərs deyərək onlara sənətin sirlərini öyrədir.

T.Məmmədov bir çox şairlərin, alimlərin, sadə əmək adamlarının, dövlət xadimlərinin və öz sənət dostlarının büst portretlərini ustalıqla yaradıb. O, 1953-cü ildə ilk dəfə ağacdan Azərbaycanın klassik şairi Nizami Gəncəvinin təsvirini yonub. Hələ rəssamlıq məktəbində təhsil aldığı dövrdən başlayaraq Nizami Gəncəvinin obrazını canlandırmaq istəyirdi. Ona müəllimi heykəltəraş F.Əbdürrəhmanovun yaratdığı "Nizami" heykəlinin təsiri olub.

Heykəltəraşın yaratdığı "Nizami Gəncəvi" portreti 1955-ci ildə Varşavada Gənclərin Beynəlxaq Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. Əsər şairin adını daşıyan Ədəbiyyat Muzeyində qorunub saxlanıraq nümayiş olunur.

 

Azərbaycan heykəltəraşlığında ağac materialdan ilk dəfə olaraq T.Məmmədov istifadə edib. Ağacın növlərini və onların keyfiyyətlərini dəqiqliklə öyrənən gənc sənətkar bu material əsasında bir çox insan simalarını canlandırır. Onun yaratdığı ağac portretlərində yüksək psixoloji keyfiyyətləri göstərə bilməsi diqqət çəkir. Sənətkar müxtəlif illərdə ağac materialdan bir çox şairlərin, dövlət xadimlərinin və sadə əmək adamlarının portretlərini yaradır. Bu qəbilədən onun "Səməd Vurğun", "Xalq rəssamı Qəzənfər Xalıqov", dövlət xadimi, həkim və yazıçı "Nəriman Nərimanov", uzunömürlü azərbaycanlı "Şirəli Müslümov" və başqa portretlərini qeyd etmək olar.

 

Heykəltəraşın yaratdığı portretlər qalereyasında, həmçinin mərmər, tunc, gips materiallardan yüzlərlə portret mövcuddur ki, bu cür materiallarda sənətkar birinci növbədə xarici görünüşlə yanaşı, daxili psixoloji keyfiyyətləri də göstərməyə müvəffəq olub. Bu qəbilədən onun Azərbaycanda opera janrının əsasını qoymuş, musiqiçi alim "Üzeyir Hacıbəyov", xalq rəssamı "Rüstəm Mustafayev", qadın rəssamımız "Vəcihə Səmədova", yazıçı "Süleyman Rəhimov", polyak bəstəkarı "F.Şopen" və Avstriya bəstəkarı "V.A.Motsart" kimi dahilərin büst portretlərini qeyd etmək olar.

T.Məmmədov bir neçə qəbirüstü abidənin də müəllifidir. O, 1956-ci ildə Şuşa şəhərində musiqiçi alim, xəttat və rəssam Mir Möhsün Nəvvabın qəbirüstü abidəsini düzəldib. Heykəltəraş Azərbaycanın ilk professional vokal sənətinin banisi Bülbülün də qəbirüstü abidəsini yaradıb.

 

Həmçinin T.Məmmədov Bakıda Məhəmməd Füzuli, Nəsimi, Üzeyir Hacıbəyov və Koroğlunun heykəllərinin müəllifidir.

 

Allah rəhmət eləsin!

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır