Modern.az

“Hüseyn Abdullayev kimi digər satqınlar da Azərbaycana gətiriləcək”

“Hüseyn Abdullayev kimi digər satqınlar da Azərbaycana gətiriləcək”

3 May 2018, 12:59

Sabiq deputat, axtarışda olan iş adamı və bəstəkar Hüseyn Abdullayevin xaricdə tutularaq Azərbaycana gətirilməsi gündəmdə bomba effekti yaratdı. Onun ələ keçirilməsi böyük bir düyünün açılacağına dəlalət edir. Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri sabiq deputat Hüseyn Abdullayevlə bağlı birgə məlumatda bildirib ki, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.


İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və respublika ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.


3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci  maddələri  ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.


Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci ildə Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilib.


Cinayət işi üzrə H.Abdullayev özünün seçdiyi müdafiəçinin iştirakı ilə dindirilib və Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib.


Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci ildə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.  Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu  3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.


Sabiq deputatın Türkiyədə saxlanaraq Azərbaycana gətirilməsi gündəmin əsas hadisələri sırasında qalmaqda davam edir.


Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fəzail Ağamalı bildirib ki, hər kəs qanun çərçivəsində hüquqi qiymətini almalıdır:

“Azərbaycan dövlətçiliyinə qarşı çıxan, dövlət atributlarına təhqiramiz fikirlər səsləndirən və onun təşkilatçısı, maliyyə təminatçısı qismində çıxış edən anti-Azərbaycan yaramazlığının, əxlaqsızlığının içərisində yer alan hər kəs qanun çərçivəsində hüquqi qiymətini almalıdır, cəzalandırılmalıdır. Çox müsbət haldır ki, Azərbaycan hüquq-mühafizə orqanları seçkilərdən dərhal sonra hərəkətə keçdi.Və görünən budur ki, anti-Azərbaycan təbliğatının içərisində yer alanların ölkəmizə gətirilməsi prosesi başlayıb”.

 

Deputat anti-Azərbaycan təbliğatının iştirakçılarından birinin də Hüseyn Abdullayev olduğunu vurğulayıb:

“Mən əminəm ki, hüquq-mühafizə orqanlarımızın əməkdaşları Hüseyn Abdullayevin istintaqa verdiyi ifadələrlə kələfin ucunu tutaraq sonuna qədər gedə biləcəklər. Və bütövlükdə şəbəkəni ifşa edəcəklər. Kimliyindən asılı olmayaraq hər kəs Azərbaycan qanunları qarşısında cavab verəcək. Kimsə düşünməsin ki, hansısa dövlətə sığınmaqla, gizlənməklə özünü istintaqdan kənarda saxlaya biləcək. Bu cür düşüncələri özündə daşıyanlar çox böyük səhvə yol verirlər. Çünki Azərbaycan güclü bir dövlətdir, hüquq-mühafizə orqanları əməkdaşlarımız yetərincə peşəkardır, dövlətə sadiqdirlər. Məhz onların peşəkarlığının nəticəsi kimi bu cür satqınlar Azərbaycana gətiriləcək, onların ifşa olunması prosesi davam edəcək”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı