Modern.az

Novruz Məmmədov: "Azərbaycanla ABŞ arasında çox yaxşı əlaqələr var"

Novruz Məmmədov: "Azərbaycanla ABŞ arasında çox yaxşı əlaqələr var"

3 May 2018, 13:44

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov mayın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

 

Görüşdə ABŞ Konqresinin nümayəndələrini Azərbaycanda salamlamaqdan məmnunluğunu bildirən Baş nazir bu səfərin böyük əhəmiyyət daşıdığını qeyd edib. Novruz Məmmədov səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

 

Ölkələrimiz arasındakı münasibətlərə toxunan Baş nazir müstəqil Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında çox yaxşı əlaqələrin olduğunu bildirib. Münasibətlərimiz bu gün də uğurla inkişaf etdirilir. Bir sıra həssas sahələrdə isə çox möhkəm və sıx əməkdaşlıq mövcuddur.

 

Baş nazir Novruz Məmmədov qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. “Bu gün demokratik inkişaf yolu ilə irəliləyən Azərbaycan həmin yola sadiqdir. Həm ABŞ, həm də Avropa İttifaqı ilə əlaqələri uğurla davam etdirir”, - deyə Azərbaycanın Baş naziri vurğulayıb.

 

Hazırda beynəlxalq aləmdə geosiyasi gərginliklərin müşahidə edildiyini bildirən Baş nazir Azərbaycanın yerləşdiyi regionun da geosiyasi baxımdan dünyanın mürəkkəb bölgələrdən biri olduğunu diqqətə çatdırıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazir Novruz Məmmədov erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayıb. Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin hələ də həllini tapmadığını bildirib.

 

Baş nazir deyib ki, 1918-ci ildə müstəqilliyini elan etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyi qeyd olunacaq. Dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və bir sıra mühüm tədbirlər həyata keçirilir. Novruz Məmmədov Azərbaycanda əsası 100 il əvvəl qoyulan hüquqi, demokratik dövlətçilik ənənələrinə ölkəmizin bu gün də sadiq qaldığını ifadə edib.

 

Azərbaycana səfərdən məmnunluq hissi duyduqlarını bildirən nümayəndə heyətinin rəhbəri Robert Qudlat ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib. O, Azərbaycan ilə əməkdaşlığın Amerika Birləşmiş Ştatları üçün dəyərli olduğunu diqqətə çatdırıb.

 

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi