Modern.az

Köçkünlər Bakıdakı yeni mənzillərinə niyə köçürülmür?

Köçkünlər Bakıdakı yeni mənzillərinə niyə köçürülmür?

1 Dekabr 2009, 12:48

Noyabrın 17-də Bakının Binəqədi rayonundakı 2 nömrəli Evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş 6 doqquzmərtəbəli yaşayış binasının açılışı oldu. Xatırladaq ki, açılış mərasimində Prezident İlham Əliyev də iştirak edib.

Modern.az-ın əməkdaşı dünən sözügedən əraziyə baş çəkərək köçkün şəhərciyindən reportaj hazırlamaq istəyib.

Lakin şəhərciyin girişində qoyulmuş nəzarət məntəqəsinin komendantı əməkdaşımızı binalar olan əraziyə buraxmayıb. Nəzarətçi bildirib ki, hazırda şəhərcikdə heç kim yaşamır. O, bunun səbəbini yeni yaşayış binalarının istilik sisteminin hələ hazır olmaması ilə əlaqələndirib. Və deyib ki, hazırda istilik sisteminin işə salınması istiqamətində fəhlələr intensiv tədbirlər görürlər. Nəzarətçinin sözlərinə görə, yeni binaların sakinləri olan köçkünlər dekabrın sonlarınadək təzə mənzillərinə köçürüləcəklər. Yaşayış komleksinin həyətinə nəzər saldıq. Heç kim gözə dəymirdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə Modern.az-a açıqlamasında binaların istilik sisteminin işlək vəziyyətdə olduğunu bildirib: “Binalardakı mənzillərin hər biri istilik sistemi ilə təchiz edilib. Bütün şərait yaradılıb”. S.Hüseynov bilidirib ki, məcburi köçkünlərin yeni binalara köçürülməsinin ləngiməsi “Dövlətqaçqınkom”un işçi qüvvəsinin az olması ilə əlaqədardır: “Hazırda Goranboy rayonunda açılışı olan yeni köçkün qəsəbəsinə yerləşdirmə həyata keçirilir. Buna görə hər iki prosesi eyni vaxtda edə bilmirik. Goranboy rayonunda yeni salınan qəsəbəyə 596 ailənin köçürülməsi başa çatdıqdan sonra 2 nömrəli Evtikmə kombinatının ərazisindəki binalara da məcburi köçkünlərin köçürülməsinə başlanılacaq”. S.Hüseynov bunun yaxın günlərdə baş verəcəyinin deyib. S.Hüseynov onu da qeyd edib ki, 2 nömrəli Evtikmə kombinatının ərazisindəki doqquzmərtəbəli 6 binaya paytaxtda şəraiti dözülməz olan ictimai yerlərdə, yarımçıq tikililərdə müvəqqəti məskunlaşan və köçürülməsi zəruri olan məcburi köçkünlər yerləşdiriləcək.

Xatırladaq ki, bu yaşayış kompleksinin yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilib. Mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır.   “Dövlətqaçqınkom”un məlumatına görə, yaşayış binalarının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb. Burada qazanxana, nasosxana, transformator yarımstansiyasının tikildiyi, mənzillərə telefon, su və qaz xətlərinin çəkildiyi bildirilir.

 

 

Günay MUSAYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir