Modern.az

Hekayə - ən sevdiyim janr...

Hekayə - ən sevdiyim janr...

Ədəbi̇yyat

5 May 2018, 10:58

Kiçik həcmli  əsər, qısa bir hekayət, fikri dəqiq, lakonik çatdıran essedən, yazıdan yaxşı nə ola bilər axı?

 

Real həyatda gördüklərini, fantaziya, təxəyyül və xəyallarını hissı-hissə toparlayıb  barmağında sıxdığın qələmlə vərəqə, həzin klaviş toxunuşuyla mətn redaktoruna, leylək lələyi ilə papirus vərəqinə köçürsən.

 

Qoz qabığının içərisinə oxşayan beyin yarımkürələrinə, neyronların dərinliyinə hopmuş hadisələr qaranlıq meşədə qəfil görünən tanış cığır kimi, dolğunlaşıb ədəbi süjet xəttinə, formalaşmış yazıya çevirilir.

Fəqət, hələ yaranmış möcüzəni  əhliləşməmiş, vəhşi-xam şəkildə mətnə köçürmək, hələ onun hekayə olması demək deyil.

 

Əvvəlcə, mətn üzərində işin gərgin, çiy mərhələsi başlayır. Yazılmış hər sözü, cümləni, ifadəni bir az zənginləşdirmək, mənadan- mənaya salmaq, davamını, sonluğunu gətirmək, korrektə-redaktə etmək lazım olur. 

 

Hekayə ən geniş yayılmış nəsr janrıdır. Bu epik proza nümunəsinin öz yüksək sənətkarları, elit ustadları var: lakonik O.Henri, hissiyatlı Anton Çexov, qadın qəlbinin bilicisi Mopassan, satirik novellaçı Əziz Nesin və sair.

Ağılı başdan çıxaran, insanı məftun edən hekayələrin bəziləri həqiqətən möhtəşəmdir. Çexovun “5 nömrəli palata”sı, Tolstoyun “İvan İliçin ölümü”, Nesnin “Tarzan”ı, Dmitri Qriqoroviçin “Kənd”i, O.Henrinin “Sonuncu yarpaq”ı, eləcə də zövqə və üsluba görə digərləri....   

 

Digər, daha geniş formalı yazı əsərlərindən fərqli olaraq hekayədəki əsas personajlar məhdud sayda olur, süjet isə vahid xətt üzrə inkişaf edir.

 

Məsələn, Mopassan öz kiçik həcmli əsərlərində satiranı, lirikanı və psixoloji analizi ustalıqla birləşdirirdi.

O.Henri amerika novellistikasına ikinci nəfəs vermişdi. O, komik paradokslar, ikiqat dönüşlü süjet xətti, gözlənilməz sonluqlar üzrə virtuoz idi.

Anton Çexovun hekayələrində hadisələr, şərait sanki tərpənməzdir, tam sükut içərisindədir. Fəqət, hiss və həyəcanlar, qəhrəmanın psixoloji durumunun dərinliyi fasiləsiz hərəkətdədir, oynaqdır. Onun hekayələri kiçik hadisə üzərində qurulur,  süjet xətti bəzən tədricən, bəzən ildırım sürətiylə inkişaf edir və obrazlar öz həyatlarının kənar müşahidəçisinə çevirilirlər. Burada, konfilkt mənbəyi personajların hiss-həyəcanlarının paradoksal uyğunsuzluğudur (“İonıç”, “Yeni malikanə”) və  bütün insan həyatı sanki preslənərək kiçik hekayənin içərisinə sıxışdırılır (“İtlə gəzən qadın”, “Nişanlı qız”).

 

Cek Londonun sözlərinə görə, hekayə əhval-ruhiyyə, vəziyyət və fəaliyyətin tamlığını əks etdirən yazı nümunəsidir.

Onlar 3 hissəyə də bölünür: oçerklər, novellalar, hekayələr.

 

Aşpaz öz şah əsərini hazırlayarkən tərəvəz və ədviyyatları xörəyə  daxil edir.

Zərgər məmulat üzərində işləyir,  qiymətli metalın kiçik diametrli səthinə sapfirlər, rubinlər, almazlar düzür, onları gərgin zəhmətlə cilalayır, diqqət, səbr, hövsələ göstərir.

Peyzaj, portret, natürmort üzərində işləyən rəssam, eskizə forma konturları, incə cizgilər, kölgə effekləri verir.

Yazar isə, təsəvvüründə, təxəyyülündə formalaşdırdığı, beyininin hansısa güncündə yaratdığı mövzüları, faktları toplayır, hiss və həyəcanlarını, gözünün nurunu, fantaziyasını mətnə, vərəqə köçürür.

 

Bəzən yazının süjet xətti, pampıq üzərinə düşmüş qığılcım kimi insanı qəflətən çalxalayır, lakin  onu kağıza, mətnə daxil etmək qeyri-mümkün olur. Sonra isə mövzu isti otağa qoyulmuş dondurma kimi tədricən əriyir, hansısa qalın pərdə arxasında gizlənir, səhərə yaxın görülən yuxu kimi buxarlanıb yoxa çıxır.

 

Bəzən isə, oxuduğun hər hansı əsər, film süjeti, yaşadığın həyat epizodu, tarixi hadisə, qonşunun ailə dramı, küçə itinin həyatı, adi qarışqa yuvası üzərində aparılan müşahidə, insanı maraqlı hekayə yazmağa vadar edir. 

 

Kiçik, bir neçə sətrilik mətnə dərin hisslər, emosiyalar və düşüncələr yerləşdirmək bacarığı, yüksək yaradıcılıq ustalığı tələb edir.  Son olaraq, belə qısa əhvalat-şedervlərdən bir neçəsini oxuculara təqdim edirəm.

 

“Səhər erkən mən nənəmi öldürdüm”- bu frazadan istifadə etməklə Franklin Ruzvelt diqqəti yayınan həmsöhbətini mövzuya cəlb edərmiş. 

 

Amerikalı fantast yazıçı Frederik Braun isə  indiyə kimi yazılmış qısa əhvalatlardan ən qorxulusunu yaratmışdı:

“Dünyanın sonuncu İnsanı otaqda əyləşmişdi. Qəflətən qapı döyüldü...”

 

O.Henri isə, düyün, kulminasiya və açılış kimi ənənəvi tərkib hissələri olan ən qısa hekayə konkursunun qalibi olmuşdu:

“Sürücü siqareti damağında sıxıb baka doğru əyildi ki, benzinin miqdarını dəqiqləşdirsin. Mərhumun cəmisi 23 yaşı var idi”.

 

Gəlin Alan E. Mayerin “Bəxtsizlik” adlı hekayəsinə baxaq:

Mən bütün bədənimə yayılmış dəhşətli ağrıdan oyandım. Gözümü açdım və çarpayımın yanında dayanmış tibb bacısını gördüm.

-       Mister Fucima- O, dilləndi, - bəxtiniz gətirib və siz iki gün əvvəlki Xirosima bombardmanından sağ çıxmışınız. İndi siz qospitaldasınız və həyatınıza heç bir təhlükə yoxdur.

Hədsiz zəifliyə müqavimət göstərərək, zəif səslə soruşdum:

-       Mən hardayam?

-       Naqasakidə- deyə o, gülümsündü.

 

İngilislər də qısa hekayə janrında konkurs təşkil ediblər. Konkursun şərtinə görə yazıda “Allah”, “kraliça”, “seks” və “sirr” məfhumları öz əksini tapmalıymış. Birinci yeri bu hekayənin müəllifi qazanır:

“Aman tanrım, - kraliça qışqırdı, - mən kimliyini belə bilmədiyim insandan hamiləyəm!”

 

Vüsal Bağırlı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...