Modern.az

“Elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir” - EKSPERT

“Elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir” - EKSPERT

6 May 2018, 15:30

“Xaricə getmək çox narahatlıq yaratmamalıdır, ancaq ölkə üçün əhəmiyyətli alimlər, elmin inkişafı üçün ölkədə olmaları mütləq sayılan şəxslərin xaricə getməsi təhlükəlidir”.

 

“Bu il xaricə gedənlərin sayı əvvəlki illərlə müqayisədə azalmayıb”

Bunu Modern.az saytına açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, bu gün də gənclərin xarici ölkələrdə təhsil alması məsələsi geniş miqyas alıb:

“Azərbaycanlı gənclərin xaricdə təhsili ölkəmiz üçün yeni bir təcrübə deyil. Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 99 ildir ki, həyata keçirilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə çıxdığımız yolu bu gün müstəqil Azərbaycan respublikası uğurla davam etdirir. Qeyd edim ki, xarici ölkələrdə təhsil almaq üçün ölkə vətəndaşlarının iki yolu olur, ya dövlət proqramı çərçivəsində dövlətin vəsaiti ilə, və ya öz vəsaitləri hesabına. Dövlət proqramı çərçivəsində 2007-2015-ci illər ərzində 3500 dən çox azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa gedib. Öz vəsaiti hesabına gedənlərin sayı 40 minə yaxındır. Bu il də gedənlərin sayı əvvəlki illərlə müqayisədə azalmadı.  Hesab edirəm ki, bu gələcəkdə ölkəmizə rəqabətədavamlı kadrların qayıtması ilə nəticələnəcək və ölkənin inkişafına müsbət təsir göstərəcək”.

 

“Gələcək kadra ehtiram hissi xarici ölkəyə maraq göstərmə istəyini alovlandırır”

K.Əsədov deyib ki, xaricdə təhsilə marağın artması abituriyentlərin ali məktəbə qəbul göstəricisi və müəllimlərin imtahan nəticələrindən daha çox bu məsələnin ölkədə təbliği ilə əlaqədardır:

 “Xaricdə təhsil almaq həm də yeni ölkələr görmək, xarici ölkə müəllimlərinin iş prosesi ilə tanış olmaq istəyilə bağlıdır. Yerli ali məktəblərdə təmənnalılıq, müəllimlərin amiranəliyi, tələbələri incitmələri yaxın dövrlərə qədər ciddi problem idi. Düzdür, son dövrlərdə bu hallara qarşı müəyyən addımlar atılır. Lakin bu problemlər də gəncləri xaricə yönləndirən səbəblər sırasındadır. Xaricdə isə hər hansı problemlə bağlı tələbə müəllimə 10 dəfə müraciət edirsə, o yenə də suallara xoş rəftarla cavab verir. İnsani münasibətlərdəki mədəniyyət, tələbəyə, gələcək kadra ehtiram hissi bizimkilərin xarici ölkəyə maraq göstərmə istəyini alovlandırır. Həmçinin xarici ali məktəbi bitirənlərin dünyada məşhur şirkətlərdə iş imkanları da yüksək olur. Bütün bu imkanlarla yanaşı, xaricdə təhsil dünyaya çıxışın bir yoludur. Buna görə də 700 bal toplayanlar, imkanı olanlar övladlarının xaricdə təhsil almasını istəyir. Tarix boyu gənclərin xaricdə oxumaq həvəsi olub. Onlar daha yaxşı təhsil, yaxşı imkanlar üçün xaricə gedirlər. Bu məsələdə ən təhlükəli məqam ölkədən beyin axınının başlamasıdır. Ötən əsrin 90-cı illərində Rusiyada bu proses başlamışdı. Az qala ölkədə alim qalmamışdı, hamısı xarici ölkələrə üz tutmuşdu. Prosesin qarşısını almaq üçün maaşların artırılmasını çıxış yolu kimi gördülər”.

 

Təhsil ekspertinin sözlərinə görə, təhsil sahəsində çalışanların maaşlarının artmasına diqqət ayrılmalıdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir