Modern.az

Rəna Mirzəyevanın sevgi limanı

Rəna Mirzəyevanın sevgi limanı

Ədəbi̇yyat

6 May 2018, 22:51

Dünya poeziyasında sətirlərindən nəğmə oxunan şairlər az olub. Çünki hər şairin yazdığı şeir nümunəsində ilıqlıq müşahidə edilmir. İlıqlıq bəstəkarlar üçün vacib şərtdir. O ilıq sətirlərin yazılışı həm də şairin iç dünyasının təmizliyindən, ruhunun sabit qalmasındandır.

Son illər Azərbaycanda “nəğməkar şair” ifadəsi çox yayılıb. Bəzən, bu, yalnız söz xatirinə deyilir. Kiminsə yadda qalması üçün sanki “nəğməkar şair” ifadəsi şablon xarakteri almaqdadır. Lakin bu ifadə nə qədər çoxalsa, hər anda qarşımıza çıxıb gözümüzü yağır etsə də, “nəğməkar şair” ifadəsinin ömrü çox yaşamır. Bu ifadəni bəstəkarlar yaşatmırlar. Bəstəkarlar yalnız həqiqətən də nəğməkar şairlərin şeirlərinə musiqi bəstələyirlər.

Neçə il bundan əvvəl Hikmət və Nailə Mirməmmədlinin bəstələdiyi mahnıya qulaq asmışdım. Mahnının sözləri Rəna Mirzəyevaya məxsus idi. Doğrusu, mahnının sözlərlə mənalandırılması diqqətimi cəlb etdi. Bununla da Rəna Mirzəyeva yaradıcılığı ilə ilk tanışlığım belə başladı. Bu yerdə bir məsələ üzərində düşündüm. Məsələ burasında idi ki, adıçəkilən bəstəkarlar hər şeirə mahnı bəstələmirlər. Çünki mahnı öz yerində, mətn isə özünün mənası və çəkisi ilə seçilməlidir. Rəna Mirzəyeva getdikcə daha da bayağılaşan mahnı mətnlərinə qarşı çıxıb. Sitat: “Belə bayağı mətnlər gənclərin zövqünü korlayır”. Sitatın sonu. Əgər bir sətri digər sətri ilə ziddiyyət təşkil edən şeirlər Avropadan nümunə şəklində götürülürsə, onda kiçik xatırlatma verək. Qoca qitədə sözlərin bayağılığı mahnının gözəlliyi ilə örtülür. Ancaq Azərbaycanda həm mahnısı, həm sözləri dayaz mahnı nümunələri artıb. Deməli, nəyinsə götürülməsinə ciddi prizmadan baxmaq lazımdır. Məhz buna görə də Rəna Mirzəyeva bayağılığa, məna yükü az mətnlərə etiraz edir. 

Bu nöqteyi-nəzərdən Rəna Mirzəyeva yaradıcılığına son vaxtlar sayları artan şairlər toplumu içində marağım artdı. Daha sonra kitablarını alıb səhifələri vərəqlədikcə anladım ki,ciddi, həm də sözün əsl mənasında nəğməkar şairə ilə ratslaşmışam. Bu rastlaşma kitablarının səhifələri ilə başlandı.


Rəna Mirzəyevanın şeirləri təkcə oxunmur. Sanki duyumlu oxucu bir mahnı zümzümə edir. “Duyumlu oxucu” ifadəsini təsadüfən işlətmədim. Çünki onun yaradıcılığı məhz duyumlu oxucular üçündür. Şairənin yaradıcılığının mayasında konseptual mərkəzi xətt insan obrazıdır. İnsanın şüur altındakı düşüncələri, insanı narahat edən hisslər, insanın gileyləri, insanın sevincləri. Şeirlərin sadə quruluşda yazılışı isə oxucunu yormayan, bezdirməyən dünyaya aparır. Bəlkə də buna görədir ki, onun şeirləri sosial şəbəkələrdə gənclər tərəfindən tez-tez oğurlanır. Bir dəfə növbəti oğurluq barədə şairəyə fikrimi bildirəndə cavabı belə oldu: “Əlbəttə plagiatlıq yaxşı hal deyil. Çünki hər şeirin arxasında yuxusuz gecələr, gərgin əmək dayanır. Ancaq əgər hansısa gənc mənim şeirimlə hansısa gəncin sevgisini qazanacaqsa, üstəlik uğurlu ailə həyatı qurulacaqsa, eybi yox, oğurlasın”. Belə cavabı yalnız duyumlu insandan gözləmək olardı.

Rəna Mirzəyevanın yaradıcılığı çoxşaxəlidir. Mövzu seçimi rəngarəngliyi ilə seçilir. Bir üslubla tanınmağı xoşlamır. Bircə şeir bəndlərinin sadəliyi eynidir. Ancaq hər şeiri müxtəlif mövzuları əhatə edir. Əksər şairlər təki təkcə sevgi-məhəbbət mövzusundan yazmır. Bu yaxşı cəhətdir.

Mayın 4-də Rəna Mirzəyevanın “Sevgi limanı” adlı yeni şeirlər kitabının təqdimatı keçirildi. Əlbəttə, kifayət qədər təntənəli keçəcəyi əvvəldən bilinirdi. Sadəcə, hər yeni kitab alan oxucular yalnız bir kitab almadılar. Eyni zamanda evlərinə pozitiv ruhla köklənmiş musiqili sətirlər apardılar. O musiqi ki, indiki cəmiyyətdə hər evdə, hər bir insan qəlbində səslənməlidir.

     

Azər Qismət

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi