Sabirabad rayon Şəhriyar kənd bələdiyyəsinin sədri Əliş Əliyev Modern.az-a bildirib ki, traktor qoşqusunun kanala aşması nəticəsində həlak olan qadınlar iki ailənin üzvləridir. Onlar pambıq tarlasındı alaq etmək üçün sahəyə gedirmişlər.
“Həlak olanlardan biri ana və iki qızıdır. Birinin 17, o birinin 18 yaşı var. Hazırda hadisənin səbəbləri araşdırılır”.
Hadisədə ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.
***
Sabirabad rayonunda traktorun su kanalına düşməsi nəticəsində ana və 18 yaşlı əkiz qızları ölüb.
Modern.az saytı "Report"a istinadən xəbər verir ki, rayonun Şəhriyar kəndində baş verən qəzada traktorun qoşqusunda olan 7 nəfərdən 6-ı ölüb 1-i sürücü olmaqla 2 nəfər yaralanıb.
Ölənlər:
1978- ci il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı
2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı
2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı
1983-cü il təvəllüdlü Həsənova Xəyalə Əbdülhəsən qızı
1966-cı il təvəllüdlü İmanova Məlahət Nuxbala qızı
1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı
Yaralılar:
1996-cı il təvəllüdlü Dadaşova Sona İmran qızı
1994-cı il təvəllüdlü İmanov Xalid Əjdər oğlu
***
Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, rayonun Şəhriyar kənd sakini, İmanov Xalid Əjdər oğlu idarə etdiyi traktorla tarlaya işçiləri aparan zaman traktor idarəetmədən çıxaraq su kanalına düşüb. İlkin məlumata görə, nəticədə qoşquda əyləşən 7 qadın sərnişindən 5-i ölüb. Daha iki nəfər isə ağır halda Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Yaralılardan biri xəstəxanada ölüb.
Hadisə nəticəsində ölənlərdən ikisinin adı məlum olub. Bu, Məlahət İmanova və Reyhan Qasımovadır.
***
Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Şəhriyar kəndində qeydə alınıb. İlkin məlumata görə, traktorun qoşqusunun aşması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır. Hadisə qurbanlarının pambıq tarlasına gedən işçi qadınlar olduğu bildirilir.