Modern.az

Bayıldakı sürüşmə ilə bağlı yeni AÇIQLAMA

Bayıldakı sürüşmə ilə bağlı yeni AÇIQLAMA

7 May 2018, 12:08

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) “Teleqüllə” kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə artıq bir neçə aydır monitorinqi davam etdirir.

 

Aparılan monitorinqə RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli rəhbərlik edir. Ötən həftə mərkəzin əməkdaşları tərəfindən ərazidə kompleks tədqiqatlar aparmaq üçün seysmik, geofiziki cihaz və avadanlıqlar quraşdırılıb. Mərkəz Bayıl dərəsinin yamacları boyunca ("Teleqüllə" kompleksinin yaxınlığında) gedən torpaq sürüşməsi prosesinin inkişaf dinamikası, sürüşməyə məruz qalan torpaq kütləsinin ölçüləri, sürüşmə müstəvisi, onun dərinliyi, yatım bucağı və digər parametrlərinin müəyyən edilməsi üçün ərazidə seysmoloji, geofiziki, maqnitometrik, qravimetrik və digər üsullarla kompleks tədqiqatlar aparılır.

 

Maraqlıdır, monitorinqlər nə zaman yekunlaşacaq? Ərazi ilə bağlı ilkin müşahidələr necədir?

 

Bununla bağlı RSXM-in baş direktoru  Qurban Yetirmişli Modern.az-a açıqlama verib:

 

“Hazırda Bayıl ərazisində monitorinqlər davam edir. Əməkdaşlarımız  ölçmələr aparırlar. Əsas işlər Bayıl ərazisində davam etdirilsə də, yavaş-yavaş kənarlara da çıxırıq. Lakin monitorinqlərin nə zaman yekunlaşacağı ilə bağlı dəqiq tarix demək mümkün deyil. Yəqin ki, iyun-iyul aylarında  işlərimiz tamamlanar. Tədqiqatlar gedir, hələ ki son nəticələri verməmişik”.

 

Direktor  Bayıl yamacındakı sürüşmə zonasında araşdırma aparmağa gələn  yapon mütəxəssislərindən də söz açıb:

 

“Yapon mütəxəssislərinin yenidən nə zaman gələcəyini bilmirəm. Sadəcə biz öz tədqiqatlarımızı aparıb,  Bayıl ərazisindəki sürüşmənin bütün səbəblərini, sürüşmə müstəvilərini, dərinliklərini, həcmini, istiqamətini, hansı əraziləri əhatə etdiyini və.s aydınlaşdırmalıyıq. Növbəti mərhələdə proseslərin qarşısını almaq üçün yaponlar gələcək və ya bunu bizimkilər edəcək-bu barədə məlumatım yoxdur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir