Modern.az

Nizami Gəncəvi haqqında 5 dildə sayt hazırlanır

Nizami Gəncəvi haqqında 5 dildə sayt hazırlanır

22 Avqust 2011, 11:06

Azərbaycanın dahi şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar sentyabrda keçiriləcək yubileyə hazırlıqlar davam edir.   
Modern.az saytının məlumatına görə, şairin yubileyinə hazırlıq məqsədi ilə Gəncə şəhər ictimaiyyətinin nümayəndələri və ziyalılardan ibarət 71 nəfərlik işçi qrupu təşkil olunub.
Gəncə Regional Elm Mərkəzindən bildirilib ki, Nizami Gəncəvi irsinin araşdırılması komissiyasına 100-dən artıq təklif daxil olub. Bu təkliflərdən 40-a qədəri komissiyanın iş planına salınıb.
Elm Mərkəzinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə bildirib ki, yubiley tədbirlərinə Nizami təqaüdünün təsis edilməsi, onun rəsmi olan sikkə pulların, döş nişanlarının, müxtəlif tarixi və bəzək əşyalarının, buklet və digər çap məhsullarının hazırlanması daxildir. Bundan əlavə Nizami irsinin öyrənilməsi ilə bağlı şəhərin ali və orta təshil müəssisələrində bilik yarışları, müsabiqələr təşkil olunacaq. Müsabiqələrin qaliblərinə pul mükafatları və Nizami Gəncəvinin əsərlər toplusu təqdim ediləcək.
Müsahibimiz bildirib ki, artıq Nizami İnstitutu yaradılıb və bu institut bir sıra nailiyyətlərə də nail olub. Həmsöhbətimizin sözlərinə görə, informasiya dövründə Nizami Gəncəvi irsinin təbliği və dünyada tanıdılması üçün internet sayt yaradılır.
Xüsusi dizaynda hazırlanacaq veb-səhifədə Nizaminin bütün əsərləri, həmçinin dahi şair haqda yazılan əsərlər 5 dildə - Azərbaycan, rus, ingilis, alman və fransız dillərində yerləşdiriləcək. Həmçinin yubiley mərasimində şairin əsərlərindən ibarət sərginin təşkili və şair haqqında hazırlanan kitabların, musiqi əsərlərinin təqdimatı nəzərdə tutulur.



Xaliq Qurbanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi