Modern.az

Şuşada azərbaycanlı var!

Şuşada azərbaycanlı var!

Ədəbi̇yyat

8 May 2018, 16:59

Orxan Məmmədli

Şuşanın işğalının 26-cı ili...

Həmişə var olanı sayırlar. Amma olur ki, yoxluğu sayırsan. Şuşa 1 ildir, 5 ildir, 10 ildir, 26 ildir yoxdur. Var ey, biz yoxuq. Şuşa elə həminki yerindədir. Həminki havasında, həminki suyunda. Amma başqa ab-havada. Tez-tez Şuşanın yeni kadrlarına baxıram. Videoların altında yazılan rəyləri oxuyuram. Bəzən 2 sözlük rəydə qaya boyda nisgil duyuram. 


Zivələrdən yad adamların paltarları asılıb. Kobud dildə danışan adamların səsi gəlir Şuşadan. Şuşada böyüyən uşaqların da 26 yaşı var, Şuşasız qalan uşaqların da. O evlərin daşları, o qayalar, o ağaclar bizim dili eşidib çiçək açırdı... Ürəkləri sınmasa yaxşıdır! Bəlkə elə sınıb deyə biz yerimizi yerimizdən sayırıq.


Şuşa Azərbaycanın mədəniyyət beşiyi sayılıb. Orada zəngin mədəni-tarixi irsimiz qalıb. Erməni işğalı zamanı 480 günahsız vətəndaşımız qətlə yetirilib. 600 nəfər yaralanıb. 22 min nəfər yurdundan didərgin düşüb. Əsir düşənlər barəsində isə bu günə qədər məlumat yoxdur. Şuşadakı təhsil ocaqlarının, muzeylərin, kinoteatrların, tarixi abidələrin, musiqi alətləri fabrikinin tüstüsü güllələnmiş heykəllərin başından çıxdı.



Şuşa uğrunda döyüşlərdə 196 şəhidimiz, 407 yaralı döyüşçümüz olub. Ona görə Şuşanı qoyub getmişik deyəndə bir az da o şəhidlərin ruhundan utanmaq lazımdır. 

Şuşa getsə gülləni başıma çaxacam deyənlərdən tutmuş, yəhudi oğlu Albertin şücaətinə qədər şahiddir, Şuşa. Alınmaz qala dediyimiz, başı buludlara toxunan Şuşada təkcə şuşalılar döyüşməyib. Şuşa əsrarəngizliyi ilə təkcə şuşalıların olmayıb çünki. Və işğalı ilə Şuşa hamımızın olmadı, tək şuşalıların yox.

Bu gün bizdən kim var Şuşada? Mən ikisini tanıyıram. Şuşa məhbəsindədirlər. İşğal olunanda Şuşa türməsindəki dustaqlar da əlinə tüfəng alıb döyüşürdülər. Bu gün orada iki azərbaycanlı da əzabları ilə döyüşür. Dilqəm Əsgərov və 50 yaşı Şuşanın işğal gününə təsadüf edən Şahbaz Quliyev. Şuşada azərbaycanlı var, eşidirsiz?!


Niyə? Niyə tikmədim özüm qalam, tikdim ki, izim qala?! Şuşada azərbaycanlı var!
(Real TV)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır