Modern.az

Azərbaycanda yaşayan Cek xalqının təmsilçiləri bəyanat verib

Azərbaycanda yaşayan Cek xalqının təmsilçiləri bəyanat verib

22 Avqust 2011, 13:29

2011-ci ilin avqust ayında Quba rayonunda aparılmış arxeoloji qazıntılarla bağlı «Cek Cəmiyyəti» İctimai Birliyi bəyanat verib. Modern.az-ın məlumatına görə, bəyanatda bildirilib:

“Biz, «Cek Cəmiyyəti» İctimai Birliyi olaraq, son günlər kütləvi informasiya vasitələrində “Xınalıqda qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanması” ilə bağlı yayılmış məlumatlarda yol verilmiş yanlışlıqla əlaqədar olaraq bildiririk ki, həmin qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan Quba rayonunun Xınalıq kəndinin ərazisində deyil, Cek kəndinin ərazisində aşkarlanmışdır. Bu məqsədlə kütləvi informasiya vasitələrindən yol verilmiş bu yanlışlığın düzəldilməsini və tarixi saxtalaşdırmamalarını xahiş edirik”.

31 mart 2011-ci ilə qədər adı «Azərbaycan Cekli İcması» İctimai Birliyi olan «Cek Cəmiyyəti» İctimai Birliyi 31 mart 2006-cı ildə Sumqayıt şəhərində təsis edilib.
“Birliyinin martın 31-də - Azərbaycanlıların Soyqırımı Günü təsis edilməsi heç də təsadüfi deyil. Bu tarix ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş və hazırda da davam edən etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməyib”. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi və həm bu kənddə, həm də ətraf kəndlərdə yaşayan ceklilər olmuşdur. Bu fakt digər şahdağlılar kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərmişdir”-deyə İctimai Birlik bildirib.

Hazırda Əlhəddin Ceklinin rəhbərlik etdiyi birliyin əsas məqsədi Azərbaycanın aborigen sakinlərindən Şahdağ xalqlarının nümayəndəsi olan ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək, onların qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir