Modern.az

Bazar günü 36559 abituriyent qəbul imtahanı verəcək

Bazar günü 36559 abituriyent qəbul imtahanı verəcək

10 May 2018, 13:08

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunacaq.


Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə son baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Məlumat üçün bildirək ki, imtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 7-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi";

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı