Modern.az

Bir şəklin tarixçəsi - Heydər Əliyevin Xankəndi şəhərində ermənilərə sərt təpkisi

Bir şəklin tarixçəsi - Heydər Əliyevin Xankəndi şəhərində ermənilərə sərt təpkisi

10 May 2018, 14:21

Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasının bu dəfəki təqdimatını 10 mayda 95 illiyi qeyd olunan, çağdaş Azərbaycan və dünya siyasətinə öz möhürünü vurmuş mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr etdik.


Zaman 14 noyabr 1973-cü il... Məkan Xankəndi şəhəri...

Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev Dağlıq Qarabağ Muxtar Vilayətinin 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Xankəndinə səfər edib. Yubiley tədbirlərində vilayətdə yaşayan ermənilər bayram əhvali-ruhiyyəsində olsalar da, təntənəli iclasda onlar Heydər Əliyevin sərt təpkiləri ilə üzləşiblər.

Belə ki, Dağlıq Qarabağda bəzi vəzifəli erməni şəxslərin Ermənistanın millətçiləri ilə əlaqəsi haqqında məlumatlı olan Heydər Əliyev iclasda bu məsələ ilə bağlı sərt və barışmaz mövqeyini bildirib.

Heydər Əliyev sonralar bu haqda fikirlərini belə bölüşüb:

“Mən Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm... Bir faktı xatırladım. DQMV-nin 50 illik yubileyi idi, vilayət “Xalqlar dostluğu” ordeni ilə təltif olunurdu. Oradakı çıxışımdakı bəzi məqamları erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvali-ruhiyyələri hiss edərək demişdim ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq qalacaq...”.


Təbii ki, ermənilər Heydər Əliyevin bayram tədbirindəki təbrik çıxışında mövzunun bu səmtə yönələcəyini gözləməyiblər. Və bu təpkidən sonra onlar bir daha əmin olublar ki, Heydər Əliyevin hakimiyyəti dövründə torpaq xülyası mənasız bir işdir. Zaman da bunu bir daha təsdiq etdi...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?