Modern.az

Azərbaycan dili aşiqlərin dilidir... - II YAZI

Azərbaycan dili aşiqlərin dilidir... - II YAZI

Ədəbi̇yyat

10 May 2018, 15:08

Buludxan Xəlilov,

Dil Komissiyasının üzvü,

filologiya üzrə elmlər doktoru, professor


Dilə sevgi, aşiqlik dilin ətrini, qoxusunu, imkanlarını üzə çıxarır, dili tanıdır, başqalarına sevdirir. Sevgi və aşiqlik nadanlığı, cəhaləti, qaranlığı alt-üst edir, ətrafı və bütün aləmi işıqlandırır. Bu mənada türk dilində yazan Əlişir Nəvainin, Məhəmməd Füzulinin xidmətlərinə belə yanaşmalı və qiymət verməliyik. Bu gün hər bir türk dilinin milliləşməsi, zənginləşməsi və gözəlləşməsi yolunda ilk mübarizə və mücadilə edənləri (Əlişir Nəvaini, Məhəmməd Füzulini və digərlərini) unutmamalıyıq. Ona görə ki, vaxtilə təqiblərdən, yasaqlardan qorxmayaraq türkcə yazmaq türk ədəbiyyatı tarixinə ən böyük töhvə olmuşdur. Əgər belə olmasaydı, onda Hüseyn Cavid, Əhməd Cavad, Almaz İldırım, M.Ə.Sabir, M.Hadi, A.Səhhət, S.Vurğun, R.Rza, S.Rüstəm, B.Vahabzadə, N.Xəzri, M.Aslan, M.Yaqub, M.İsmayıl, N.Kəsəmənli və bu qəbildən olan yüzlərlə şairlər yetişə bilməzdi. Bunların hər biri Azərbaycan dilinin zənginliyini, gözəlliyini, milliliyini özlərindən əvvəlki ənənələrdən istifadə etməklə inkişaf etdirmişlər. Dili sevənlər, dilə aşiq olanlar dilin zənginliyi, gözəlliyi, milliliyi qarşısında etiraf etmişlər. Bu etirafın nəticəsində dilə xidmət göstərmiş, dilin imkanlarını üzə çıxarmış, dilin potensialına işıq salmışlar.

Təmizliyi, təravəti, ətiri sevməyən verməyən yoxdur. Təmizlik, təravət, ətir hər bir kəsin xoşuna gəlir. Axı təmizlikdə saflıq, qarışıqsızlıq, xalislik, mənən nöqsansızlıq, saflıq, düzlük, təravətdə təzəlik, lətafət, gözəllik, təmizlik, saflıq, sağlamlıq və s., ətirdə gözəl iy, rayihə və s. var. Təmizlik, təravət, ətir sözləri də, onların mənaları da dilimizin ruhuna, təbiətinə o qədər uyğunlaşıbdır ki, biz bu sözlərin mənşəyindən danışmağı ağlımıza belə gətirmirik. Bəlkə də buna görədir ki, bu sözlərdən təmizlik sözünün mənşəyi “Azərbaycan dilinin izahlı lüğəti”ndə qeyd olunmamışdır. Təravətətir sözlərinin ərəb mənşəli olduğu “Azərbaycan dilinin izahlı lüğəti”ndə verilsə də, onların mənşəyi çoxlarının maraq dairəsində deyil. Ona görə ki, qeyd olunan sözlər də, onların mənaları da milli sözlərimiz qədər dilimizin lüğət tərkibinə, qrammatik quruluşuna bağlanmışdır. Bu qəbildən olan sözlər dilimizə, dilimiz isə bu qəbildən olan sözlərə aşiq olmuşdur. Hətta sabun sözü də belədir. Bu söz dilimizin səs quruluşuna elə uyğunlaşıbdır ki, heç kəs bu sözün latınca sapo, fransızca cavon sözləri ilə bağlı olması barədə düşünmür. “Azərbaycan dilinin izahlı lüğəti”ndə sabun sözünün “Kirli və ya yağlı şeyləri və s.-ni yuyub təmizləmək üçün yağlardan və qələvi maddələrdən hazırlanan, suda tez əriyib köpüklənən bərk və ya yarımmaye kütlə” mənasında olduğu qeyd olunsa da, mənşəyi göstərilməmişdir. Bu da onu təsdiq edir ki, dil həm də başqa dillərdən alınmış sözlər hesabına zənginləşir. Başqa dillərdən gələn sözlər ifadə etdikləri mənalar vasitəsilə dilə xidmət edirlər. Bu baxımdan təmizlik, təravət, ətir, sabun sözlərinin və bu qəbildən olan sözlərin hər biri ifadə etdikləri mənalarla dilin semasiologiya sistemini zənginləşdirirlər. Yəni milli sözlər kimi, alınma sözlər də dilin səs və məna sisteminin keşiyində dayana bilir. Həm milli sözlər, həm də alınma sözlər təkcə dildə danışan adamlara deyil, həm də dilin özünə xidmət edir. Bu xidmət sözlərin dilə aşiqliyi kimi diqqəti cəlb edir. Məsələn, milli sözümüz olan corab ismi “Yun, iplik və ya süni sapdan toxunan uzun və ya qısa boğazlı ayaq geyimi” mənasını bildirməklə yanaşı, dilin semasiologiya sistemini, qrammatik quruluşunu zənginləşdirir. Bu da sözün dilə xidmətindən, dilə aşiqliyindən başqa bir şey deyildir.

Milli sözlərimiz kimi, alınma sözlər də nəinki dili bəzəyir, həm də adət-ənənəni, etnoqrafiyanı zənginləşdirir. Məsələn, xına sözü dilimizə ərəb dilindən gəlmişdir. Ancaq dilimizə o qədər uyğunlaşmış və ifadə etdiyi “Saçı (keçmişdə, habelə köhnə adətcə barmaqları, əlləri, saqqalı) boyamaq üçün işlədilən, həmin bitkinin yarpaqlarından hazırlanan toz halında sarımtraq-qırmızıyaçalar maddə” məna ilə dilin semasiologiya sistemini zənginləşdirmiş və xalqımızın etnoqrafiyasında xınaqoyma adətini də yaratmışdır. Etnoqrafiyamızda “toydan qabaq ərə gedən qızın başına, əl-ayağına xınayaxma (qoyma)” adətinin kökündə xına sözü dayanır. “Vəziyyətin, şəraitin tamamilə kəskinləşdiyini, ağırlaşdığını, əvvəlkinə oxşamadığını bildirən ifadə” kimi bu xına o xınadan deyil, bu xına o xınaya oxşamır” işlənir ki, burada da xına sözünün imkanlarını görməmək olmur. Xınaçiçəyi, xınagülü, xınalamaq, xınalı, xınayaxdı, xınayı sözlərinin kökündə xına sözünün oynadığı rolu da görürük. Bu sözlərdə xına kəlməsi elə bir izdivac qurur ki, onun vasitəsilə nəinki dilimizin lüğət tərkibini zənginləşdirir, həm də sözlərin bir-biri ilə, eləcə də sözlərin şəkilçilərlə izdivacına gözəllik gətirir.

Gərdən, nişan sözləri, qadın geyimləri hazırlamaq üçün istifadə olunan qriplin, kristalon, trikatin, marlovka, ştatnı, çit, kətan, vilvet, vilyur və s. parçalar bizim dilimizdə doğmalaşmış sözlər kmi diqqəti cəlb edir. Eyni zamanda dodaq və dırnaq boyaları qadınların istifadəsində Azərbaycan dilinin zövqünə uyğunlaşmışdır. Bu sözlər də dilimizə, dilimiz isə bu sözlərə aşiq olmaqla bir-birinə bağlanmış, bir-biri ilə vəhdət yaratmışlar. Məsələn, fars mənşəli gərdən (“boyun” mənasında) sözü aşağıdakı misallarda fikrin, mənanın və mətləbin açımında açar rolundadır:

Boyun sürahidir, bədənin billur; Gərdənin çəkilmiş minadan, Pəri (M.P.Vaqif) Ağ incə geyimli gözəl küncdə dayanmışdı. Qara saçları ağ gərdənini qaplamışdı. (Y.V.Çəmənzəminli)

Yaxud fars mənşəli nişan sözü “əsər, əlamət, iz” mənasında fikrə və fikri ifadə edən cümlələrə gözəllik verir. Məsələn:

Vidadi xəstəni gəl indi tanı; Hanı o sən görən şəklü-nişanı? (M.V.Vidadi) Amma sənin itəcəkdir ad-sanın; Qalmayacaq yer üzündə nişanın. (A.Səhhət) Çoşqun irmaq kənarında; Nə qızlardan bir nişan var; Nə oğlanlar islıq çalır; Nə qaynayan, nə coşan var (Ə.Cavad)

Nişan sözü əsasında yaranan nişan qoymaq (“sonradan tanımaq, bilmək üçün işarə vurmaq, qeyd eləmək, nişanlamaq” mənasında), nişan vermək (“tanıtmaq, göstərmək, bildirmək, adını vermək” mənasında), nişan almaq (götürmək) (“silahı hədəfə tuşlamaq, yönəltmək” mənasında), nişana qoyub atmaq (“hədəf edib güllə ilə vurmaq” mənasında), nişanbazlıq (“adaxlıbazlıq” mənasında), nişanbənişan (“bütün nişanları, əlamətləri, xüsusiyyətləri ilə” mənasında), nişançı (“mahir nişan atan, düzgün nişan vuran; snayper” mənasında), nişanlı (“adaxlı, nişanlanmış, ad edilmiş, deyikli” mənasında), nişansız (“heç bir nişanı, əlaməti, izi olmayan” mənasında) və s. sözlər dilin lüğət tərkibini və semantik sistemini zənginləşdirmiş, dilimizə bir gözəllik gətirmişdir.

Dili zənginləşdirən, ona gözəllik gətirən bir vacib məqam vardır. Bu da dillə mədəniyyət arasındakı əlaqədir. Dil ilə mədəniyyət arasındakı sıx əlaqə nəticəsində dil mədəniyyətin bütün incəliklərini adlandırır, mədəniyyət isə dilin bütün zənginliklərini üzə çıxarır. Hər bir xalqın həyat tərzi, məişəti onun mədəniyyəti kimi diqqəti çəkir. Belə ki, hər bir xalqın həyat tərzi, məişəti onun dilində öz əksini tapır. Məsələn, eskimoslarda qarın müxtəlif növləri vardır. Onlarda qar adlarının çox olması yaşadıqları Alyaska, Kanada, Qrenland ərazilərində qarın olması ilə bağlıdır. Eskimosların yaşadığı bu ərazilərdə qar bol olduğundan, həmin ərazilərdə qarın müxtəlif növləri yağdığından qarın çoxlu adları yaranmışdır. Eskimoslar öz həyat tərzlərinə, məişətlərinə sahib çıxaraq qarın müxtəlif növlərinə dillərində ad vermiş, adlandırmışlar. Həyat tərzinin, məişətin bu cür zənginliyi dilin ifadə imkanlarının zənginliyini ortaya çıxarmışdır. Deməli, insan həyat tərzini, məişətini qavramaqla ona sahib çıxmış və dildə onun ifadə imkanlarını tapmışdır. Məsələn, azərbaycanlılar toy mərasimini qavramaqla bu mərasimi ifadə edən toy sözü ilə əlaqəli toy eləmək (etmək, qurmaq, vurdurmaq, çaldırmaq, tutmaq və s.), toybaşı//toybəyi (toy məclisini idarə edən adam), toyçu (toyda çalan çalğıçı), toy-düyün (toy, toy məclisi), toyxana (toy məclisi üçün düzəldilən yer, böyük otaq), toy-mağar//toy-nağara (toy büsatı; çalğı, zurna-nağara, zurna-balaban, təntənə), toypayı (toy hədiyyəsi), toy-bayram (şənlik, şadlıq, bayram), toy-büsat (şənlik etmək, təntənə düzəltmək) sözlərini işlədirlər. Bu da təsdiq edir ki, hər xalqda olduğu kimi, azərbaycanlılarda da həyat tərzi, məişət dilə, dil isə həyat tərzinə, məişətə aşiqdir. Onların hər ikisi bir-birinə bağlıdır və bir-biri ilə əlaqəlidir.

Azərbaycan dili hər bir azərbaycanlının yaratdığı müştərək əsərdir. Bu dil vətən kimi, ana kimi müqəddəsdir. Dilin müqəddəsliyini qorumaq üçün həmin dildəki sözlərin bədii imkanlarını üzə çıxarmaq lazımdır. Sözün bədii imkanlarını, ümumiyyətlə, imkanlarını üzə çıxarmaq onun bədii şəklini, ümumiyyətlə, şəklini çəkmək deməkdir. Dildəki hər bir sözün sadəcə olaraq şəkli, yaxud da bədii şəkli var. Yetər ki, onu çəkməyi bacarasan. Məsələn, Səməd Vurğun “Ala gözlər” şeirində “göz” sözünün bədii şəklini elə çəkibdir ki, oxucu göz sözünün abidəsi qarşısında məftun olmaya bilmir.

 

Yenə qılıncını çəkdi üstümə

Qurbanı olduğum o ala gözlər.

Yenə cəllad olub durdu qəsdimə

Qələm qaş altında piyalə gözlər.

 

Başımdan getmişdi sevdanın qəmi,

Xəyalım gəzirdi bütün aləmi.

Bu dustaq könlümü, deyin yenəmi

Çəkdiniz sorğuya, suala gözlər?

 

Sevda yolçusuyam əzəl yaşımdan,

Könlüm ayrı gəzir can sirdaşımdan:

Dağıdır huşumu alır başımdan

Süzülüb gedəndə xəyala gözlər.

 

Gərdənin minadır, boyun tamaşa,

Ay da həsəd çəkir o qələm qaşa.

Bir cüt ulduz kimi verib baş-başa

Yanıb şölə salır, camala gözlər.

 

Mənim sevgilimdir o gözəl pəri,

Qoy üzə vurmasın keçən günləri.

Mən qədir bilənəm əzəldən bəri,

Sizinlə yetmişəm kamala, gözlər.

 

Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən, bu gün can verir.

İllər xəstəsiyəm yaram qan verir,

Siz məni saldınız bu hala, gözlər.

 

SON

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür