Modern.az

Zamana sığmayan ömür

Zamana sığmayan ömür

Ədəbi̇yyat

10 May 2018, 17:20

Mehman Qayıbov


“Müstəqil Azərbaycanın böyük gələcəyi var. Mən bu gələcəyə inanıram!”
Heydər ƏLİYEV 


Xalqların dünya miqyasındakı yeri və rolu qeyri-adi idarəçilik keyfiyyətləri, mütərəqqi ideyaları, fitri istedadı, mürəkkəb siyasi şəraitdə məsuliyyəti öz üzərinə götürmək bacarığı ilə fərqlənən dahi şəxsiyyətlərin tarixi missiyası ilə birbaşa bağlıdır. İctimai-siyasi formasiyanın xarakterindən asılı olmayaraq, bu zaman şəxsiyyət-lider amili mühüm əhəmiyyət kəsb edir. Məhz belə şəxsiyyətlər xalqının ən ümdə istək və arzularının siyasi və əməli anlamda ifadəçisi kimi, onun istiqlal məfkurəsinin reallığa çevrilməsində, gələcək inkişaf meyillərinin müəyyənləşməsində müstəsna rol oynayırlar.


Azərbaycanda belə bir fövqəladə missiyanı bütün şüurlu həyatını  canından artıq sevdiyi xalqına həsr etmiş Heydər Əliyev həyata keçirərək dünyanın ən qüdrətli siyasi xadimləri ilə bir sırada dayanmaq haqqı qazanmışdır. Bu nadir düha özünün dərin fəlsəfi dünyagörüşünə, tarixi irsə asaslanaraq, milli dəyərlər zəminində  müasir dövlətçilik sistemimizin ideoloji-siyasi dayaqlarını yaratmaqla XX əsrin sonunda yenidən əldə etdiyimiz müstəqilliyimizin əbədi və dönməz xarakter almasına nail olmuşdur. Məhz bu kimi misilsiz xidmətləri sayəsində Heydər Əliyev  dünya azərbaycanlılarının, o cümlədən bütün türk dünyasının dərin sevgisini qazanaraq, xalqının siyasi və dövlətçilik şüurunda  ümummilli lider yüksəkliyini fəth etmişdir.


Heydər Əliyev bir çox siyasi xadimlərin həsəd apara biləcəyi fitri idarəçilik qabiliyyəti, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə milli dövlətçilik tariximizin əbədiyaşar simasına çevrilmişdir.


Hər bir xalqın tarixi inkişafı, mübarizlik əzmi onun milli-mənəvi  dəyərlər sistemi ilə birbaşa bağlıdır. Millətin qarşıya qoyduğu məqsədlərə çatmaq uğrundakı mücadiləsi, iradə və bacarığı onun gələcək yaşam fəlsəfəsini müəyyənləşdirir. Bu həm də onun milli mənliyinin ifadəsidir. Bu reallıqdan çıxış edən ulu öndər Azərbaycanı inkişaf etdirmək, müəyyən dövrdə müstə­qilliyə qovuşdurmaq üçün ilk növbədə xalqımızın milli-mənəvi irsini, onun özünəməxsuslu­ğu­nu  qoru­mağı bacarmışdır.


Bu kimi keyfiyyətlər onun Azərbaycana ilk dəfə rəhbərlik etdiyi  dövrdə özünü daha qabarıq büruzə vermişdir. Həmin illərdə Azərbaycanda  həyatın müxtəlif sahələrində böyük nailiyyətlər qazanıldı. Məhz bu illərdə milli və mənəvi dəyərlər sisteminin  qorunub saxlanılmasında, dövlətçilik, o cümlədən parlamentarizm ənənələrinin inkişafında  əməli addımlar atıldı, həyata keçirilən məqsədyönlü siyasət sayəsində sonradan xalqın milli oyanışı və müstəqillik ideyalarının gerçəkləşməsi üçün əlverişli şərait yarandı.


Bu tarixi şəxsiyyətin siyasi fəaliyyətinin hər bir anı xalqının,  vətəninin taleyi ilə bağlı olmuşdur. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” deyən Heydər Əliyevin qəlbi daim Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Ulu öndər keçmiş Sovetlər birliyinin ali rəhbərliyində təmsil olunduğu dövrdə də doğma Azərbaycanının tərəqqisi üçün səylərini əsirgəməmiş, lazım gəldikdə xalqının gələcək taleyi  və milli mənliyi ilə bağlı məsələlərdə qətiyyət göstərərək, sərt bəyanatlarla çıxış etmiş,  əsl vətənpərvərlik mövqeyi sərgiləmişdir.



Heydər Əliyev həmişə xalqın ülvi məqsədlər uğrunda mübarizəsinin önündə dayanmış, əlverişli siyasi şansdan dövlətçilik naminə böyük məharətlə bəh­rə­lən­mişdir. O, bugünkü müstəqil  Azərbaycanımızı Xalq Cümhuriyyətinin aqibətini yaşamaqdan xilas edərək, xalqımızın milli dövlətçilik düşün­cəsini əzəmətli bir reallığa çevirmişdir.


Böyük rəhbərin dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir.  Ümummilli lider kimi o, Azərbaycanı labüd fəlakətlərdən qurtarıb, çevriliş, qiyam cəhdlərindən qoruyaraq cəmiyyətdə özünəinam hissini bərpa etdi, ölkəmizi sabitliyə, firavanlığa qovuşdurdu. Sağlığında canlı əfsanəyə çevrilmiş bu müd­rik şəx­siyyət memarı olduğu döv­lə­tin sarsıl­maz­lığını, demokratik yüksə­li­şini təmin etdi.


Ulu öndərin dövlətçilik konsepsiyası mahiyyət etibarilə tarixi ənənələri və ümumbəşəri dəyərləri özündə birləşdirən yeni inkişaf modeli kimi bugünkü Azərbaycan gerçəkliyində öz təsdiqini tapmışdır. Əslində, çağdaş dövlətçilik tariximiz onun siyasi fəaliyyətinin canlı salnaməsi kimi özlüyündə yeni, şərəfli bir dövrü ehtiva edir. Məhz bu  dövrdə xalqımız illər boyu əxz etdiyi ən ümdə keyfiyyətlərini təkmilləşdirərək millət kimi öz varlığını, özünüidarəetmə bacarığını bütün dünyaya nümayiş etdirdi.


Heydər Əliyev parlamentin dövlətçilik sistemində yerini və rolunu çox gözəl bilir və ali məqsədlər naminə qanunverici orqanın imkanlarından maksimum yararlanmaq bacarığı göstərirdi. Ulu öndər ölkəyə ilk dəfə rəhbərlik etdiyi illərdə, sonralar Ali Sovetin Sədri olduğu dövrdə böyük məharətlə parlamentin gücünü tarixi vəzifələrin həllinə yönəldə bilmişdir. Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişafı, dünyadakı yeniçağırışlar fonunda milli maraqlara cavab verən parlament diplomatiyasının aparılması, qanunvericilik fəaliyyətinin milli dövlətçilik, demokratik dəyərlər, müasirlik prinsipləri əsasında keyfiyyətcə yeni səviyyəyə qaldırılması kimi cəhətlərlə səciyyələnir.


Heydər Əliyev ölkə başçısı seçildikdən sonra da parlamentlə sıx təmasda fəaliyyət göstərmiş, dəfələrlə Milli Məclisin tribunasından çıxış edərək, ölkə üçün taleyüklü məsələlərə öz münasibətini bildirmişdir. O, yüksək səviyyəli Prezident-parlament münasibətlərinin əsasını qoyaraq, parlamentarizm ənənələrini daha da inkişaf etdirmiş, ona  yeni çalarlar gətirmişdir. Bu gün bu siyasət Prezident  İlham Əliyev tərəfindən uğurla davam etdirilir.


Heydər Əliyev zəmanəsinin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli-siyasi şüurun təməl prinsipi kimi dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı. Ulu öndərin milli dirçəliş ideyası tezliklə əməli siyasət  müstəvisinə keçərək strateji dövlət siyasətinə çevrildi.


Heydər Əliyev özündən sonra gələn nəsillər üçün  zəngin bir irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq və həmrəylik hisslərini, dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz Heydər Əliyevə məxsusdur.


Vətənə sədaqət, xalqa xidmət – bir sözlə, hər şey Azərbaycan üçün prinsipi ulu öndərin həyat fəlsəfəsinin qayəsini təşkil edir. Onun müstəqil dövlətçilik və azərbaycançılıq məfkurəsi bu gün Prezident İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, qloballaşan dünyamızdakı mürəkkəb proseslər fonunda Azərbaycanı zirvələrə aparan ideoloji baza kimi şərəfli bir missiyaya xidmət edir.


Ölkə başçısı İlham Əliyev bu haqda belə deyir: “Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq”.


Heydər Əliyevin 34 illik hakimiyyət dövrü milli dövlətçilik tariximizin ən parlaq səhifəsini, ölkənin tərəqqisi, sabit dövlət quruluşunun yaranması, xalqın təbii haqqına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş olaraq dərk etməsi və milli mövcudluğuna qədər inkişafı kimi şanlı bir mərhələni əhatə edir.


Ulu öndərin siyasi fəaliyyəti öz əhəmiyyəti baxımından  təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Müasir dövrdə nəinki Azərbaycanda, bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyev şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək çətindir. Heydər Əliyev tarixi hadisələrin gedişini qabaqcadan müəyyən etmək bacarığı ilə dövrünü həmişə qabaqlamış, özünün mənalı həyat yolu ilə zamanın fövqünə ucalmışdır.


Milli tariximizdə əbədiyaşarlıq haqqı qazanmış Heydər Əliyev ümummilli lider kimi özünün yeni demokratik, hü­quqi dövlət quruculuğu və idarəetmə fəlsəfəsini for­ma­laş­dıraraq dövlətimizin hərtərəfli inkişaf istiqamətlərini müəyyən etdi. Onun parlaq siyasi zəkası sayəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutaraq üçüncü minilliyə inamla qədəm qoydu. Bu tarixi şəxsiyyətin milli məfkurəsi hələ uzun illər  doğma Azərbaycanımızın müstəqillik yoluna işıq saçacaqdır!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür