Modern.az

Yeni Orfoqrafiya lüğəti – “Gerb” “herb” kimi YAZILACAQ?

Yeni Orfoqrafiya lüğəti – “Gerb” “herb” kimi YAZILACAQ?

12 May 2018, 10:01

“Orfoqrafiya üzrə işçi qrupu 3 ay ərzində gedən müzakirələrin yekunlarını hazırlayıb və ümumiləşdirib”.

 

Bunu Modern.az saytına Milli Məclisin Elm və təhsil komitəsinin sədri,  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti,  İsa Həbibbəyli  deyib.

 

Onun sözlərinə görə, yekunlara mətbuatda çap olunan bütün məqalələr, sosial şəbəkələrdə gedən yazılardakı təkliflər, şifahi və yazılı daxil olan  təkliflər  aiddir:

 

“Eyni zamanda işçi qrupu orfoqrafiya üzrə ictimai rəyi ifadə edən bir elmi statistika da hazırlayıb. Və artıq işçi qrupunun yekun iclası keçirilib, qrup bütün sənədləri tam halda tərtib edib və Azərbaycan Milli  Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim edib. Orfoqrafiya Komissiyası təqdim olunan sənədlərin ekspertizasını aparmaq üçün onu daxili rəyə göndərir. Bu, AMEA daxilindədir. Xüsusən ictimai rəyin öyrənilməsinə dair olan statistikanın reallıqları müəyyən edilməli, çox etibarlı, düzgün mənbələri olan, istinad yeri göstərilən sənədləşmə olmalıdır. Orfoqrafiya  lüğəti daxili ekspertizadan keçəndən sonra  hələlik ona Orqrafiya Komissiyası baxacaq. Hesab edirəm ki, bu ayın axırlarına yaxın komissiyanın ilk iclası keçiriləcək”.

 

İsa Həbibbəyli qeyd edib ki, yeni orfoqrafiya lüğətinin hazırlanması çox ciddi məsələdir:

 

“Mətbuatdan da görünür ki, bu məsələdə fikir ayrılıqları var. Buna görə də lüğət bir yox, bir neçə dəfə müzakirə oluna bilər. Onsuzda lüğətə yüz mindən söz daxildir. Bunların içərisində mübahisə doğuran və ya yenilik , düzəliş tələb edən sözlərin sayı 500-600-dür. Ona görə Nəsimi adına Dilçilik İnstitunun lüğət şöbəsi orfoqrafiya lüğətini paralel  olaraq hazırlamaqla məşğuldur. Mübahisə doğurmayan sözlər böyük çoxluqdur. Müzakirələrin uzanması lüğətin hazırlama prosesinə mane olmur. Əksinə daha ciddi , həssas lüğət hazırlamaq üçün müzakirələr normal davam edir”.

 

Deputat  “Orfoqrafiya lüğətinin müzakirəsinə “gerb” sözünün “herb” kimi yazılması da  əlavə edilə bilərmi” sualını belə cavablandırıb:

 

““Gerb” sözünün “herb” kimi yazılması məsələsi Orfoqrafiya lüğətinə aid deyil. Ümumiyyətlə dövlət atributları ilə bağlı məsələ qrammatik məsələ deyil. Həm də bu daha geniş müstəvidə müzakirə edilməli və qərar qəbul olunmalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir