Modern.az

Paşinyan Rusiyanı aldadır, amma Azərbaycanı \"urus qoymur\"

Paşinyan Rusiyanı aldadır, amma Azərbaycanı \

13 May 2018, 17:17

Mübariz Azərbaycanlı, 
müstəqil jurnalist

Paşinyan "erməniliyini" göstərən zaman rəsmi Bakı Azərbaycan cəmiyyətindəki "urus qoymur" sterotipini sındırıb və dillərdə gülüş hədəfinə çevrilmiş "lazım gəlsə" ifadəsini ermənilərin göz yaşına çevirə bilər
 

Dağlıq Qarabağla bağlı üzünü kimə tutursansa, hamı bir ağızdan deyir: "urus qoymur". Anlamaq olmur məgər Azərbaycan müstəqil dövlət deyilmi, özünün suveren hüquqlarını qorumaq üçün kimdənsə icazəmi almalıdır?

Məgər Azərbaycan ordusu beynəlxalq hüquqa və beynəlxalq təşkilatların verdiyi qərarlara, qətnamələrə söykənib antiterror əməliyyatları apararaq Qarabağı azad edə bilməzmi? Belə olan halda "urus" nə deyib qoymayacaq?

Əlbəttə, bu suallara neçə illərdir "nəhənglər" tərəfindən məhəl qoyan olmasa da, amma Azərbaycan üçün bundan başqa çıxış yolu yoxdur.

Şübhəsiz ki, Dağlıq Qarabağın sülh yolu ilə azad edilməsinə dünyada kim inanırsa və Ermənistanın yeni başçısından bunu gözləyirsə kökündən yanılır.

Baxın, qatı millətçi olan Nikol Paşinyan siyasi baxışlarına görə Ermənistan Dövlət universitetinin jurnalistika fakültəsinin 4-cü kursundan qovulduqdan sonra sağa-sola qələm çala-çala Ermənistanın "başına" kimi gəldi. Doğrudur, onun siyasi savadı az olsa da bəlli olan budur ki, artıq o, öz hökumətinin "başıdır" və bu başın nə qədər boş və ya dolu olmasından asılı olmayaraq onunla baş-başa gəlmək rəsmi Bakı üçün qaçılmazdır.

Çünki "nazibaşı" olan kimi Dağlıq Qarabağa "uçan" Paşinyan bununla bütün dünyaya bəyan etdi ki, Dağlıq Qarabağı müstəqil respublika kimi tanıyır və siyasi baxımdan hörmət əlaməti olaraq ilk səfərini məhz "bu ölkəyə" edir.

Sözsüz ki, Paşinyan "gəmisinin" hansı "limana" - Rusiyaya, yoxsa Qərbə tərəf yan alacağını hələ özünün də dəqiq bilmədiyini güman etmək olar. Yox əgər bilirsə də hələ ki, "ermənilik" edərək gizlədir. Çünki o, hələ mitinqlər zamanı, yəni "nazirbaşı" olmamışdan əvvəl Rusiya Dövlət Dumasının deputatları ilə görüşdən sonra -"Görüşdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi haqqında danışıldı və görüş konstruktiv keçdi. Mən Rusiyadan olan kolleqalarımı inandırdım ki, hakimiyyətə gəlsək, Avrasiya İqtisadi Birliyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq məsələsini qaldırmayacağıq" desə də, amma müxalif deputat olan zaman Ermənistanın Avrasiya İqtisadi Birliyinə könüllü yox, məcburi qoşulduğunu deyirdi. Rusiya-Ermənistan münasibətlərini isə "diqtə edən və qulaqasan" kimi səciyyələndirirdi.


Görünür Paşinyan öz ölkəsi daxilində müəyyən islahatlar aparıb "kreslosunun boltlarını" sıxınca, Rusiyanın ağzını bacardığı qədər boza verərək vaxt udmaq fikrindədir. Vaxt udmaq isə ermənilər üçün xarakterik bir xüsusiyyətdir; onlar həm tarixi öz xeyirlərinə saxtalaşdırıb "udmaqda", həm də Qarabağ məsələsində zamanı otuz ilə yaxın uzadaraq, saatları öz xeyirlərinə işlətməkdə mahirləşiblər. 

"Erməniliyin" ömrünün qırx gün çəkməsinə baxmayaraq, Paşinyanın Rusiyanı aldatmasının ömrü heç qırx saat da çəkmədi. Onun məkrli niyyətinin üstünün necə açılmasına diqqət edin; lragir.am erməni saytına müsahibə verən keçmiş deputat, həmçinin siyasi məhbus olmuş Azat Arşakyan deyir:  "Paşinyan taktiki gedişlərdən istifadə edir. O, açıq şəkildə Rusiya imperiyasını hələ ki, narazı salmaq istəmir. Bu, Ermənistanı tədricən müstəqil və azad siyasət aparmaq müstəvisinə gətirəcək. Qarabağ hərəkatı zamanı biz bu məktəbi artıq keçmişik. Çünki Qarabağ hərəkatı da o zaman "Lenin - partiya - Qorbaçov" şüarı ilə başladı, ancaq nəticədə  Ermənistanın 95% əhalisi müstəqilliyə səs verdi. Bu dəfə də belə olacaq. Qərb rus imperiyasına qarşı kəskin rejimdə Soyuq müharibəsini davam etdirir. Bu gedişlə imperiya diz çökərək öz qonşularını rahat buraxacaq. Biz bu istiqamətdə ilk addımı atdıq və mən buna görə fəxr edirəm".

Tarix boyu siyasi şərait güdən və öz çörəkverənlərini arxadan vuran ermənilər bu addımı heç də ağılsızcasına atmırlar, onlar bu məqamı 1828-ci ildən bu günədək "yüz ölçüb bir biçirlər".

Rusiya prezidenti Ermənistanın yeni "nazirbaşına" təbrik teleqramında - "Ümid edirəm ki, sizin hökumətin başında fəaliyyətiniz ölkələrimiz arasında dostluq, müttəfiqlik əlaqələrinin daha da möhkəmləndirəcək, Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində tərəfdaşlıq davam etdiriləcək" yazması, Azat Arşakyanı Paşinyanın "içi" barədə daha da azad danışmağa həvəsləndirib.

Baxın, teleqramın məzmunundan "ürəyi atılan" A.Arşakyan fikirlərini tam çılpaqlığı ilə necə bəyan edir: "Rusiya o qədər zəifləyib ki, hərbi xərclərini azaldıb, o artıq müflisləməyə yuvarlanır, onun uzaq erməni əyalətini saxlamağa gücü yoxdur. Rusiyanın Ermənistandakı kiçik bazası hətta erməniləri ovutmaq üçün heç Azərbaycana cavab verməyə kifayət deyil. Ona görə də Moskva geriyə addım atdı və bu ölkənin məmurları öz çıxışlarında Ermənistanın suverenliyinə hörmət etdiklərini dilə gətirib baş verənlərə "bu, Ermənistanın daxili işidir" dedilər. Amma Rusiya tərəfi Ermənistanla əvvəlki kimi əməkdaşlığın davam etdirilməsinə ümidlidir. Bu isə Ermənistanın yeni rəhbərliyinin Rusiya ilə bağlı olan "layihələrdən" çıxmayacağı bəyanatından irəli gəlib".

Tamamilə eyforiya dumanına düşən ermənilər az qala Rusiyanı onlardan asılı vəziyyətə düşdüyünü zənn edirlər.

Bu arada görün hələ Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan nə deyir: "Ermənistanın daha layiqli və əzmkar xarici siyasət aparması üçün ciddi şərait yaranıb. İndi Ermənistanla daha çox hesablaşacaqlar".  

Məlum məsələdir ki, Ermənistanın başına hansı "yan"ın gəlməsindən asılı olmayaraq Dağlıq Qarabağın həll olunması işində hər hansı bir "quş" buraxa bilməz. O zaman xalq onu elə quş kimi yolar. Ona görə də, Dağlıq Qarabağla bağlı Paşinyanın "xod etməsi" təbidir. Sözsüz ki, onun bu "xodu" nəticədə indiyədək ondan əvvəlki "ermənibaşların" "pas" olmalarından heç də fərqli olmayacaq. Yəni münaqişənin həlli istiqamətində gedən danışıqlarda qondarma "Dağlıq Qarabağ respublikası"nın tərəf kimi iştirak etməsi rəsmi Bakı tərəfindən haqlı olaraq həmişə rədd edilib. Əks təqdirdə bu "qondarmanı" tərəf kimi danışıqlara cəlb etmək və ya qəbul etmək Bakı tərəfindən onun dolayısı ilə tanınması demək olardı.   

Amma baş verənlərə digər tərəfdən baxanda görünür ki, inqilabını "məxməri" edən Nikol Paşinyan son bir ay ərzində "erməni ruhunu" Zori Balayandan da çox dirçəldə bildi.

Ermənistanda baş verən bütün gedişatlar onu təsdiq edir ki, zaman heç də Azərbaycanın xeyirinə işləmir. Çünki Dağlıq Qarabağı və ona bitişik olan rayonları əsir saxlayan ermənilər "Qarabağ klanına" dirəşərək özlərinə yeni "hökumətbaşı" seçdikdən sonra ən azı mənəvi baxımdan yüksək əhval-ruhiyyə əldə etmiş oldular. Doğrudur, artıq 30 ildir öz əl-qolunu "qara bağla" bağlayan Ermənistan iri miqyaslı regional layihələrdən kənarda qaldığından nə qədər cabalasa da, iqtisadi baxımdan inkişaf edə bilməyəcək. Çünki bu ölkənin mütləq iqtisadi inkişafı başda Dağlıq Qarabağ olmaqla, Azərbaycanın işğal altındakı digər rayonlarının azadlığından keçir.

Ancaq məsələyə digər tərəfdən baxanda, əgər bugünədək bütün beynəlxalq layihələri şüurlu şəkildə Qarabağa qurban verən ermənilər monopoliya, korrupsiya və rüşvət içində yarıac, yarıtox vəziyyətdə tab gətirib yaşaya bildilərsə, Paşinyanın monopoliyasız, korrupsiyasız, həmçinin rüşvətsiz dövlət quracağı təqdirdə qismən də olsa daha yaxşı yaşaya biləcəklərini güman etmək olar.

Hərçənd, Müstəqil Dövlətlər Birliyi respublikalarının xəmiri sovet korrupsiya mayası ilə yoğrulduğundan və sovetin "əziz" xələfi Rusiya başda olmaqla bu ölkələrin bu gün də "korrupsiya çörəyi" yediklərindən onların "ağız dadlarını" dəyişmək mümkün olmur. Monopoliya, korrupsiya və rüşvətxorluq kimi ağır "xəstəliklər" bu ölkələrin az qala idarəçilik sisteminin tərkib hissəsinə çevrilib. Bu sistemi dəyişməyə cəhd edənləri isə Gürcüstanın eks-prezidenti Saakaşvilinin timsalında "şimal küləyi" göyə sovurub didərgin salır. Bu mənada indi "göylə gedən" Paşinyanın da sonda göyə sovrulması güman ediləndir.   

Yeri gəlmişkən, Rosneftin vitse prezidenti Mixail Leontevin "...ermənilər, rədd olun! Siz bu dünyada bizdən başqa kimə lazımsınız?" deməsi sadəcə Azərbaycan üçün gəlişi gözəl olan söz deyil. Bu sözün arxasında Paşinyanın hələ mitinqlər zamanı öz xalqına bəyan etdiyi - "Ermənistanda monopoliya olmayacaq! Bu təkcə ölkəyə banan gətirən erməni oliqarxlarına aid deyil, həm də Rusiyanın Rosneft və Qazprom kimi nəhənglərinə aiddir" vədi dayanır.

Əlbəttə, siyasət çox "çirkin məsələdir", artıq Rosneftdən bildirilib ki, Leontevin Ermənstan barədə dedikləri kompaniyanın mövqeyi deyil. Bilmək olmaz, bəlkə də Putin mayın 14-də Paşinyanı Soçidə qılığlayaraq "Rusiya monopoliyasını" Ermənistanda saxlaya bildi. Yox əgər bu alınmasa, onda çox güman Rusiya əvvəlki Ermənistanla "vidalaşmalı" olacaq.

Belə olan halda isə Qarabağın azad olunmasında siyasi şəraitin Azərbaycan tərəfi üçün əlverişli olmasını gözləmək olar və Azərbaycan Kremlin məşhur ideoloqu Aleksandr Duqinin - "Rusiya qlobal geosiyasi maraqlarını Ermənistan kimi kiçik bir ölkənin xatirinə qurban verə bilməz" sözünü nəzərə alaraq hərəkətə keçməlidir. Nə qədər gözləmək olar axı, Paşinyan Rusiyanı aldadır, amma Azərbaycanı "urus qoymur".

Nə isə, zaman gedir, qulaqlarımızı öz səsi ilə deşən əqrəblər bizi həm də günbəgün ürəyimizdən "sancaraq" hələ ki, ermənilərin xeyirinə işləyir.

Son olaraq çıxış yolu ona qalır ki, əgər Arşakyanın dedikləri doğru olarsa, Paşinyan "erməniliyini" göstərən zaman rəsmi Bakı bu fürsətdən maksimum istifadə edib Azərbaycan cəmiyyətindəki "urus qoymur" sterotipini sındırıb və dillərdə gülüş hədəfinə çevrilmiş "lazım gəlsə" ifadəsini ermənilərin göz yaşına çevirə bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir