Modern.az

“Vurulan məmurlar” - Eks-nazirlərlə bağlı YANLIŞ DÜŞÜNCƏ  

“Vurulan məmurlar” - Eks-nazirlərlə bağlı YANLIŞ DÜŞÜNCƏ  

15 May 2018, 08:19

Onlar daha nə qədər işləməliydilər ki, “vurulan məmurlar” olmasınlar...

Azərbaycan cəmiyyətində yüksək vəzifələr tutan məmurlarla bağlı müəyyən düşüncələr formalaşıb. Məsələn, həmin şəxslər vəzifələrindən azad edilən zaman onların “vurulduğu” düşünülür. Halbuki,15, 20, hətta 25 ildir eyni postu tutan məmurun vəzifədən azad edilməsi bəlkə də gecikmiş addım hesab olunmalıdır.

Məsələn, sabiq baş nazir Artur Rasizadə 1996-cı ildən 2018-ci ilədək bu vəzifədə çalışdı. Bundan başqa, Abid Şərifov 1995-2018-ci illərdə baş nazirin müavini,  Hacıbala Abutalıbov 2001- 2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Nazim İbrahimov 2008-2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Aydın Əliyev 2006-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri, Əli Həsənov 1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işlədi. Bu şəxslər daha nə qədər eyni vəzifə kreslosunda əyləşməliydi ki, işdən çıxarılanda “vuruldu” ifadəsi işlədilməsin?

Bəs cəmiyyətdə formalaşan bu cür yanlış fikirlərin səbəbi nədir? Vəzifədən uzaqlaşdırılan bütün məmurlar “vurulurmu”?


Sosioloq-alim, professor Əhməd Qəşəmoğlu Modern.az
saytına açıqlamasında deyib ki, qeyd edilən məsələ bu gün cəmiyyətimizdə problem olaraq mövcuddur və bu, xoşagəlməyən bir göstəricidir:


“Bu cür düşüncələrin formalaşmasının səbəbləri var. Öncə demək lazımdır ki, ölkəmizdə hələ də məmurların öz vəzifələrini normal bir qanunauyğunluq əsasında dəyişməsi ilə bağlı işlənmiş mexanizm yoxdur. Lakin qeyd etmək lazımdır ki, bu fikir təzə yaranmayıb. Hələ Sovet dövründə cəmiyyətdə bu cür düşüncələr  var idi. Həmin vaxt da hansısa şəxs bir vəzifədə uzun müddət işləyə bilərdi, həmçinin, onun yerdəyişmə məsələsi ilə əlaqəli mexanizm mövcud deyildi. Və o vaxtdan üzü bu yana insanların müşahidə etdiyi bir məsələ var: hər hansı böyük vəzifədən uzaqlaşdırılan şəxslər sonradan çoxlu problemlərlə rastlaşır. Məhz buna görə belə ciddi münasibət yaranıb.

Əslində inkişaf etmiş ölkələrdə insanlar daim öz vəzifə pilləsində müəyyən dəyişikliklər edib. Bunun arxasında çox ciddi elmi prinsiplər dayanır. Sosial psixologiya elmi əsaslandırır ki, bir adam bir vəzifədə uzun müddət qalanda onun görəcəyi işlər adiləşir və bir azdan artıq etinasızlaşır. Cəmiyyət düşünür ki, əgər bir adam vəzifədən çıxdısa, onun bütün işgörmə imkanları məhdudlaşır və bu da “vurulmaq” sayılır”.


Sosioloq qeyd edib ki, bu istiqamətdə sosial psixologiya elminin müəyyən tövsiyələri mövcuddur:


“İnsanlar bir vəzifədə uzun müddət qalmamalıdırlar. Belə olan zaman işçilərə qarşı olan münasibət və başqa bu qəbildən olan məsələlər elə bir vəziyyətə gəlib çatır ki, idarəetmə üçün o qədər arzuolunan hal yaranmır. Əgər vəzifədən çıxandan sonra cəmiyyətdə həmin şəxslər üçün ciddi sosial, siyasi, iqtisadi, maddi problemlər yaranmasaydı, haqlarında “vuruldu” deyilməzdi. Təəssüf ki, bizdə bəzən belə hallar olur. Azərbaycanda elə adamlar var ki, bir vəzifədə 30 ildən artıqdır əyləşib. Digər tərəfdən insanlar həmişə müqayisə edir. Onlar hesab edir ki, 30 il işləyənlər seçilmiş, etibar olunası insanlardı, amma vəzifədən çıxarılanlarəksinə”.


Ə.Qəşəmoğlu  bildirib ki, ölkədə yeni vəzifəyə layiqli bir adam təyin olunanda əhali arasında canlanma olur, sabaha ümid artır:

“Əgər  yeni namizəd vəzifəsinin öhdəsindən layiqincə gələ bilirsə, ölkə rəhbərliyinə də hörmət artır. Bu mexanizmin formalaşmasına,dövlətin inkişafı naminə daha da təkmilləşməsinə böyük ehtiyac var.

Düşünürəm ki, bu sahədə bizim ölkəmizdə də get-gedə təkmilləşmə işləri gedəcək. Hazırda bu imkanların arzuolunan səviyyədə olmamasının səbəbi bir çox sahələrdə yeni addımların atılması, Qarabağ məsələsi ilə əlaqəli bir çox problemlərimizin olmasıdır. Görünür, etibar ediləsi insanlara daha çox ehtiyac var.

Digər tərəfdən, bu istiqamətdə fərqli situasiyalar da mövcuddur. Məsələn, mənim tanışlarım arasında yüksək vəzifədə işləyən məmurlar var. Bir çoxları vəzifədən getməyi özləri də arzulayırlar. Bu, səhhətləri, yaradıcılıq işləri ilə məşğul olmaq üçün və ya məmurluqdan yorulduğu üçün ola bilir. Qeyd etdiyim kimi,bu sahədə ictimai rəy formalaşmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər