Modern.az

Salatın Əhmədli dünyaya əsl azərbaycanlını təqdim edir

Salatın Əhmədli dünyaya əsl azərbaycanlını təqdim edir

15 May 2018, 20:00

Mərhum müəllimimiz Azad Nəbiyev universitet auditoriyası zalında məni ayağa qaldırıb dedi ki, “yay vaxtı rayonunuza gedəndə, yaşlı adamların dilindən bayatıları, el məsəllərini toplayıb gətirərsən”.  Gülümsədim. Azad müəllim bunun səbəbini soruşanda söylədim ki, “mənim yaşadığım Sabirabad rayonu bu cəhətdən elə də zəngin deyil”. Mərhum müəllim əsəbləşərək bildirdi ki, sizin rayon özündə Şamaxının, Qərbi Azərbaycanın, eləcə də qədim Muğanın adətlərinin toplumunu daşıyır”. Yayda rayona gedəndə xeyli bayatı topladım. Bu mənə zövq verdi. Həm də yaşlı insanlarlardan qədimliyi əxz etdim. Bu mənə yüksək zövq verdi.


Bu günlərdə Təbrizdən olan Facebook dostumla inboxda yazışırdım. Mənə bizim bayatılardan deməyə başladı. Zarafatla dedi ki, bunlar İran bayatılarıdır. Pis oldum. Qayıtdım ki, bu, bizim təmiz Azərbaycan bayatılarıdır. Əksəriyyətini ilk dəfə eşitsəm də, ancaq ruhundan, düzülüşündən, yanğısından, dövrün sosial anlayışından bilinirdi ki, xalis Azərbaycan bayatılarıdır. Sonra gülüş işarələri göndərdi ki, “əsəbləşmə, bu həqiqətən də sizin bayatılardır”. Soruşdum ki, bunları hardan bilirsən? Dedi ki, burada “Analar köç edəndə” adlı kitab dərc edilib. Kitabın müəllifi Salatın Əhmədlidir. Kitabın üz qabığının fotosunu da göstərdi. Çox sevindim. Azərbaycan bayatılarının tərcümə edilərək xarici ölkədə dərc olunması məni çox sevindirdi.


Bir var ki, müəllifin öz əsəri xaricdə dərc edilir. Bir də var ki, xalqının qan yaddaşına dair nümunələr xaricdə təbliğ olunur. Belə təşəbbüs üçün də vətənpərvər olmaq lazımdır. Tariximizə dair kitabların xaricdə nəşri və yayılması aydın məsələdir. Ancaq bayatılar o xalqın qədimliyindən, nəinki qədimliyindən həm də yüksək ədəbi zənginliyə malik olmasından xəbər verir.


Təbrizli dostum deyirdi ki, kitab o qədər anlaşıqlı dildə tərcümə edilib və bayatılar elə anlaşıqlı dildə tərtib edilib ki, həm oxumaq, həm də tez əzbərləyib yadda saxlamaq mümkündür. Buna görə Salatın Əhmədliyə təşəkkür düşür. Salatın Əhmədli folklora bağlı insandır. Onun yaradıcılığının əsas hissəsi qədimdən qaynaqlanır. Hiss olunur ki, torpağına bağlıdır, onun qan yaddaşı ilə nəfəs alır. Hazırda incəsənət və mədəniyyət nümayəndələri arasında belə bir sual üzərində tez-tez mübahisələr düşür: Azərbaycan insanını dünyaya necə təqdim etməli? Avropa təfəkkürlü, yəni tam qoca qitəyə uyğun insan, yoxsa özü kimi? Bu suala yapon rejissoru Akira Kurosava çoxdan cavab verib. O, “ Yeddi samuray” filmində yaponu palçıqlı halda göstərib. Necə var elə. Kurosava bilirdi ki, dünyaya əsl yaponun necə olması, nə ilə nəfəs alması, nə düşünməsi, mental dəyərləri lazımdır. Onsuz da Avropa hər gün avropalaşmış insan görür və bundan bezir. Məhz ona görə də Salatın Əhmədli bu fəlsəfəni çoxdan anlayıb. Dünyaya əsil azərbaycanlı lazımdır. Qədimdə palçıq kərpicli evlərdə yaşayan, əkinçiliklə, maldarlıqla məşğul olan azərbaycanlı. Onun qədim bayatıları bizə tanışdır. Əcnəbi üçünsə maraqlıdır, yenidir. Bayatıları, nağılları, rəvayətləri, el məsəlləri olan xalq. Belə zəngin xalqı dünyaya çıxarmaq daha maraqlıdır, nəinki avropalaşmış insanı. Dünya adamları muğamı ona görə sevir ki, fərqlidir. Mayasında bəşəri çağırışlar mövcuddur. Dünya yeni nağılları oxuyur. Çünki qayəsində zülmə qalib xeyirxahlıq var. Dünya çoxdan yadırğamış xeyirxahlığı qaytarmaq istəyir, onun həsrəti ilə yaşayır. Salatın Əhmədli Azərbaycan bayatılarını xarici dillərə tərcümə etməklə bizim keçmişimizi təqdim etdi. O bayatılar başdan-başa tarixdir.  O bayatılar dünya üçün maraqlıdır. Qayəsi saflıqla yoğrulub. O bayatılarda həm də tariximizin çoxsaylı səhifələri yer alıb.


Hazırkı dövrdə erməni diasporunun dırnaqarası xidmətləri sayəsində Azərbaycanın nağılları, bayatıları tamam başqa adlar altında dərc edilir. Əlbəttə ki, düşmən təkcə bizim torpaqları işğal etməyib. Eyni zamanda maddi-mədəniyyət abidələrimizi də özünküləşdirir. Məsələn, ötən ay dünya sərgilərindən birində Qarabağ xalçaları erməni xalçaları adı altında nümayiş etdirildi. Tariximizə aid kitabların müxtəlif xarici dillərə tərcüməsi öz yerində. Ancaq folklor nümunələrimizin də tərcümə edilərək xarici ölkələrdə tanıdılması günün vacib məsələlərindən biridir. İnanırıq ki, Salatın Əhmədli bayatılarımızı digər dillərə də tərcümə etdirəcək. Bu işdə ona yeni yaradıcılıq uğurları arzulayırıq.

Azər Qismət

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir