Modern.az

Repressiyada keçən ömür və ya Əli Rza Abdullayevin acı taleyi

Repressiyada keçən ömür və ya Əli Rza Abdullayevin acı taleyi

Ədəbi̇yyat

16 May 2018, 13:01

Ötən əsrin qanlı repressiya maşını, qırmızı terror milyonlarla insanın həyatını qırdı, ailələri dağıtdı, evlərin ocağını söndürdü.                                                                                                                            
Bu qanlı-qadalı repressiya Azərbaycan xalqının həyatından da yan keçmədi. Neçə-neçə ziyalı, dövlət və ictimai xadim, elm və mədəniyyət adamları, ədiblər və s. ya cismən məhv edildi, ya da ki, uzaq Sibirə, Qazaxıstan çöllərinə sürgün olundu. Çoxu bu sürgündə işgəncələrdən, soyuq və aclıqdan, istismardan həyatlarını itirdilər. Bu barədə çox deyilib, çox yazılıb, filmlər çəkilib. Azərbaycanın dəyərli ziyalıları, böyük şairləri Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və digərləri bu qanlı repressiyanın qurbanı olmuşlar. Repressiyaya məruz qalmış belə simalardan biri də gənc şair, “Vətən uğrunda” jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində çalışmış Əli Rza Cəfər oğlu Abdullayevdir. O, 26 yaşında ikən qurama iş əsasında həbs edilmişdir.                                                    
Ə. Abdullayev barəsində bir müddət öncə “Xatirələrdə əbədiləşən şair” adlı bir məqalə yazmışdım. O məqalədən sonra mən Ə. Abdullayevin bu acı taleyi ilə yaxından maraqlandım. Nəhayət, onun haqqında vaxtilə açılmış cinayət işindən bəzi məlumatları əldə edə bildim. Onları nəzərdən keçirdim. Hörmətli oxucularım üçün maraq kəsb etdiyini nəzərə alıb, bəzi sənədləri Azərbaycan dilinə çevirib sizə təqdim etməyi qərara aldım. Buyurun, bu nakam taleli gənc şair Əli Rza Abdullayevin həyatını cəhənnəmə döndərən məlumatları sizə təqdim edirəm.                                             

İş №3667       
Hökm №2717                                   

1942-ci ilin noyabrın 20-də Bakı şəhərində Azərbaycan SSR üzrə XDİK- nın Ordusunun Hərbi Tiribunalı III dərəcəli hərbi hüquqşünas Abdullayevin sədrliyi və üzvlər III dərəcəli hərbi hüquqşünas Saturov və kiçik Serjant Polstyan, II dərəcəli texniki intendant Jurbinin katibliyi ilə tərəflərin iştirakı olmadan qapalı keçirilən məhkəmə iclasında 1916-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, azərbaycanlı, SSRİ vətəndaşı, kəndli mənşəli, subay, ali təhsilli, bitərəf, əvvəllər məhkum olunmamış Abdullayev Əli Rza Cəfər oğluna qarşı Az. SSR Cinayət Məcəlləsinin 72-ci maddəsinin II bəndi ilə təqsirli bilinməsinə dair işə baxaraq, İlkin və məhkəmə istintaqı materiallarınI araşdıraraq Sovet Sosialist Respublikalar İttifaqı adından                                                                                                                                
Müəyyən etdi:   
                                                                   
Böyük Vətən Müharibəsinin başlandlğı ilk günlərdən həbs olunduğu günə kimi, yəni 1942-ci ilin aprel ayına qədər Abdullayev əksinqlabçı Zülfüqar Abdullayevlə daimi əlaqədə olaraq, sistematik şəkildə əks-təşviqat işləri apararaq- alman, faşizminin, Hitlerin bandit siyasətini, kapitalist ölkələrindəki zəhmətkeşlərin həyatını vəsf edib, SSRİ –dəki iqtisadi həyata, sovet mətbuatına və s. qara yaxıb.                                                                         

Deyilənlərə əsasən, Hərbi Tiribunal Ə. Abdullayevi Az. SSR CM-nin 72-ci maddəsinin II bəndində nəzərdə tutulan cinayətdə təqsirli bilərək və Az. SSR CPM-nın 316-317-ci maddələrini rəhbər tutaraq                                                                                                          
Hökm etdi:   
                                                                       
Abdullayev Əli Rza Cəfər oğlu Az. SSR CM-nın 72-ci maddəsinə və 64-cü maddəsinin sanksiyalarına əsasən, şəxsi əmlakı müsadirə olunmaqla cəzasını İslah-əmək koloniyasında keçirməklə 10 il azadlıqdan, 5 il müddətinə isə hüquqlarından məhrum edilmə, cəzasına məhkum edilsin.                                                             
Cəza müddəti 1942-ci il aprel ayının 2-dən hesablanır. Hökmdən kassasiya şikayəti üzrə protest verilə bilməz.                                                                                                                      

Sədrlik edən: Abdullayev                                                    
Üzvlər: Saturov                                                                                  
Polstyan

 

Qərardad-74


Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası Qəhrəmanovanın sədrliyi və üzvlər Atakişiyev və Əhmədovun, prokuror Yusifovun iştirakı ilə Qəhrəmanovanın məruzəsilə 1966-cı il, sentyabrın 12-də keçirilən Məhkəmə İclasında Azərbaycan SSR prokurorunun müavininin protesti üzrə işə baxaraq 1916-cı il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, azərbaycanlı, bitərəf, subay, ali təhsilli, əvəllər məhkum olunmamış, həbs olunanadək “Vətən uğrunda“ jurnalı redaksiyasında ədəbi işçi vəzifəsində çalışmış Abdullayev Əli Rza Cəfər oğlunun Azərbaycan SSR CM-nın 72-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, şəxsi əmlakı müsadirə olunmaqla, cəzasını İslah-Əmək düşərgəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə Azərbaycan SSR XDİK Ordusu Hərbi Tribunalının 20.12.1942 il taxirli hökmünə baxaraq müəyyən etmişdir:             
Azərbaycan SSR prokurorunun müavini Hərbi Tribunalın hökmünü əsassız olduğunu iddia edərək özünün protestində həmin hökmün ləğv olunması və Abdullayevin əməllərində cinayət tərkibinin olmaması üzündən işə xitam verilməsi məsələsini qaldırmışdır.                                                                                                                 

Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası iş materiallarını yoxlayaraq, protesti müdafiə edən prokuroru və məruzəçini dinləyərək aşağıdakılara əsasən protestin təmin olunmasını məqsədəuyğun sayır.              
                                                                                                        
Ə. Abdullayev 1941-1942-ci illərdə əksinqilabçı Zülfüqar Abdullayevlə sistematik olaraq,əksinqilabçı təşviqat işi apararaq, faşist Almaniyasının Hərbi gücünü, kapitalist ölkələrindəki zəhmətkeşlərin həyatını vəsf etmiş, SSRİ -dəki həyatı və sovet mətbuatını ləkələmişdir.     
                                                                                                 
Abdullayev 20.11.1942-ci il tarixində Məhkəmə İclasında suallara cavab verərkən demişdir: “ “Vətən uğrunda” jurnalı redaksiyasında ədəbi işçi işləyən zaman 1942-ci ilin mart ayının 16-da işlər müdiri Sərkisova mənə bir məktub gətirdi. Mən məktubu açdım və oxumağa başladım. Məktubda antisovet xarakteri gördüyümdən onu Melik-Yeganovaya göstərdim və nə etməyi onunla məsləhətləşdim. Gecə XDİK orqanı əməkdaşları məktubu məndən alıb apardılar. Sonra Ə. Abdullayev göstərmişdir ki, o, Zülfüqar Abdullayevi Vətən  müharibəsində Sovet Ordusu sıralarında birgə iş zamanından tanıyıram. Onunla heç bir əksinqilabi təşviqat aparmamışam”.                               

1942-ci il noyabrın 20-si tarixli Məhkəmə İclasında şahid Melik-Yeganova Əli Rza Abdullayevin ifadələrini təsdiq edərək göstərmişdir ki, həqiqətən, 1942-ci ilin mart ayında Ə. Abdullayev antisovet təbliğatlı məktub almış və məsləhətləşmişdir ki, məktubla nə etməli və haraya xəbər verməli.                                               

İstintaq və məhkəmə Ə. Abdullayevin əməllərində digər cinayət tərkibli hərəkətləri müəyyən etməmişdir.                       

Beləliklə, iş materialları ilə Ə. Abdullayevə qarşı irəli sürülmüş ittiham sübuta yetirilməmişdir. Ə. Abdullayev əsassız olaraq məhkum edilmişdir.                                                                                             

Yuxarıdakılara əsasən, Azərbaycan SSR CPM-nin 409-411-ci maddələrini rəhbər tutaraq, Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası                                                                                                                                                         
Qərara aldı:                                                                           

Protest təmin edilsin Azərbaycan SSR üzrə XDİK Ordusunun Hərbi Tribunalının Abdullayev Əli Rza Cəfər oğlu barəsindəki 1942-ci il 20 noyabr tarixli hökmü ləğv edilsin və onun əməllərində cinayət tərkibli olmadığından işə xitam verilsin.                                                         

Sədrlik edən: Qəhramanova                                     
Məhkəmə üzvləri: Atakişiyev                                                                 
 Əhmədov

Bəli, minlərlə, on minlərlə repressiyaya məruz qalmış, məşəqqətli, əzab-əziyyətli həyat yolu keçmiş həmvətənlərimizdən birinin acı taleyindən söz açdım. Gənc şair öz arzu və istəklərinə nail ola bilmədi. Özü də bilmədən planlaşdırılmış məkrli bir oyuna salındı. Amma o da 5 il öncə repressiya olunaraq qətlə yetirilmiş qohumu gənc və istedadlı şair XX əsr Azərbaycan ədəbiyyatının görkəmli klassiki Mikayıl Müşfiq kimi mətin oldu, ona qarşı iddia edilən əksinqlabi təbliğatlı ittihamı qətiyyətlə rədd etdi. Amma repressiya maşını öz işini görmüşdü. Gənc 26 yaşlı Əli Rza Abdullayev məcburi şəkildə repressiya həyatını yaşamağa məhkum olunmuşdu.                                        

Sonralar 1966-cı il, Sentyabrın 12-də bəraət alan Ə. Abdullayevin irsi demək olar ki, öyrənilməmişdir. Tanınmış söz ustadı, şair Ağasəfa müəllimin onun haqqındakı yazılarını 1-2 televiziya verilişini çıxmaq şərtilə onun yaradıcılığına müraciət olunmamışdır.                                                                                                        

İnanıram ki, gənc alimlər, tədqiqatçılar Əli Rza Abdullayevin yaradıcılığına müraciət edəcək, dissertasiya işi müdafiə edəcəklər. Şerlərindən ibarət kitabın işıq üzü görməsi isə şairin ruhuna ehtiram, həm də gənc nəslin-oxucularının ümumiyyətlə, ictimaiyyətin onu yaxından tanımasına sirayət edərdi.      
                                                 
Burada şair Əli Rza Abdullayevin ruhuna dualar etməklə, yazıya hələlik nöqtə qoyuram.

 

Qafar Əsgərzadə
Əməkdar jurnalist,                            
Pedaqogika üzrə fəlsəfə doktoru,                                
“Tərəqqi”  medalçısı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi