Modern.az

İspaniyalı məşqçi Bakıda təlim keçdi

İspaniyalı məşqçi Bakıda təlim keçdi

16 May 2018, 16:58

Mayın 14-16-sı tarixlərində Bakıda Realmadrid Fondu məşqçilər üçün seminar keçirib.

Modern.az saytı xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Realmadrid Fondu ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Fondun beynəlxalq təlimatçısı David Gil Çapado 2014-cü ildən fəaliyyət göstərən sosial futbol məktəbinin məşqçi-müəllimləri üçün seminar keçib. Təlimdə sosial futbol məktəbinin 7 məşqçisi iştirak edib. Seminarın əsas məqsədi Realmadrid Fondunun təlim metodologiyasını təbliğ etmək, İspan futbol təcrübəsini paylaşmaq olub.

İspan məşqçi David Gil Çapado bu təlimin spesifik və praktik olduğunu deyib:

“Təlim müxtəlif hissələrdən ibarətdir: nəzəri və təcrübi hissələrdən. Biz çalışdıq ki, Realmadrid Fondunun Bakıdakı məşqçiləri üçün yeni imkanlar yaradaq, yeni vərdişlər və bacarıqlar öyrədək. Məşqçilərə stadionda uşaqlarla məşq etmək üçün strategiyalar öyrədildi. Bu, çox vacibdir. Bizim əsas məqsədimiz: futbol sayəsində uşaqlara dəyər öyrətməkdir”.

Təlimin nəzəri hissəsindən sonra praktik hissə futbol meydançasında keçirilib. David Gil Çapado meydançada müəllimlər üçün məşqlər təşkil edib.

Fəaliyyət dövründə bu artıq Realmadrid Fondunun 4-cü belə təlimidir.

Realmadrid Fondunun sosial futbol məktəbinin əsas məqsədi ölkədə futbolun inkişafı və kütləviliyinə dəstək verməkdir.

Qeyd edək ki, Realmadrid Fondunun sosial futbol məktəbi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Fondun 2013-cü il tarixində imzalanmış “Əməkdaşlıq Müqaviləsi” çərçivəsində yaradılıb. İlk layihə uğurlu nəticə göstərdiyinə görə, 2018-ci ilin yanvar ayında yeni müqavilə imzalanıb. Layihənin icraçı operatoru “İnkişaf Naminə İdman” ictimai birliyidir.

Realmadrid Fondunun Azərbaycandakı sosial futbol məktəbi MDB məkanında birinci, Avropada səkkizinci olaraq yaradılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər