Modern.az

Alpinistlərin meyiti ailələrinə verildi  

Alpinistlərin meyiti ailələrinə verildi   

17 May 2018, 09:51

2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.

Bu barədə Modern.az-a həlak olmuş alpinist Fəridə Cəbrayılzadənin anası Əsmayə Cəbrayılova məlumat verib.

 

Qəhərdən danışmaqda çətinlik çəkən Ə.Cəbrayılova bildirib ki, qızı Masallıda dəfn olunacaq:

“Hazırda yol üstəyik, balamı dəfn etməyə gedirik. Evimiz Bakıdadır, amma qohumlar ordadır deyə, Masallıya aparırıq”.

 

Anası qeyd edib ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Modern.az-a bildirib ki, Namin Bünyatzadənin cənazəsi Şəmkir rayonuna aparılıb:

“Babur Hüseynovun nəşi də bu saatlarda ailəsinə təhvil verilib”.


S.Əhmədova bildirib ki, cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Birliyi tərəfindən dərhal komissiya yaradılıb:

“Həmin komissiyaya Quba rayon şöbəsi ekspertizanın rəhbəri Çingiz İsgəndərov, Xaçmaz rayon ekspertizanın rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertizanın şöbə rəisi Nizami Qasımov rəhbərlik edib. Onlar istintaq araşdırma axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalıqda olub. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələr aparılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayionələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba rayon Prokrorluğuna veriləcək”.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir