Modern.az

“Sovqat” və  Ceyhun Hacıbəyli yaradıcılığının 10 illiyi

“Sovqat” və  Ceyhun Hacıbəyli yaradıcılığının 10 illiyi

17 May 2018, 13:14

1916-ci ildə Bakıda  Ağa Həsən Mirzəzadənin müdir və imtiyaz sahibi kimi “Siyasi, ədəbi, ictimai və iqtisadi gündəlik türk qəzetəsi” kimi nəşrə başlayan “Sovqat”ın ömrü qısa olsa da, Azərbaycan mətbuat tarixində müəyyən iz buraxmışdır. İlk nömrəsi 1916-cı il sentyabrın 1-də, sonuncusu 1917-ci il mayın 27-də (cəmi 210 nömrə) çıxmışdır. Qəzetdə Abbas Səhhət, M. Hadi, M. Sidqi və digər tərəqqipərvər ziyalılarımızın  maarif və mədəniyyət məsələlərinə dair yazıları da verilmişdir.

  
 Oxuculara təqdim etdyimiz “C. Dağıstaninin “yövmi-təqdir”i” adlı məqalədə göstərilir ki, “Kaspi” qəzetinin mühərriri Ceyhun bəyin yaradıcılığa başlamasının 10 illiyi münasibəti ilə “Nicat” maarif cəmiyyəti tərəfindən   Mehdi bəy Hacınskinin aparıcılığı ilə  tədbir keçirmişdir.  Mehdi bəy Hacınski  (Mehdi bəy Süleyman oğlu Hacınski (1879-1941) xalqımızın ictimai-siyasi həyatında silinməz iz buraxmış partiya və dövlət xadimi, aktyor, publisistdir. O, 1917-ci ildən  Zaqafqaziya Seyminin, “Müsəlman fraksiyası”nın üzvü olmuş, Milli Şuranın Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmiş 26 üzvündən biridir. Görkəmli ictimai-siyasi və dövlət xadimi, teatr tənqidçisi və sənətşünas Camo bəy Hacınski (1888-1942) Mehdi bəyin kiçik qardaşıdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü və 5-ci hökumət kabinetlərində poçt və teleqraf naziri olmuşdur. Camo bəy Hacınskinin adı eyni zamanda  təhsil və pedaqoji fikir tariximizdə  Cəmo Cəbrayılbəyli, Mehdi bəy Hacıbababəyov, Teymur bəy Bayraməlibəyov, Əlməmməd Mustafayev və başqaları  ilə bir cərgədə çəkilir.

     
Məqalə müəllifi məclisdə
Mehdi bəy Hacıbababəyovun çıxışına xüsusi diqqət yetirir. Natiq bir sıra qələm sahiblərinin millət üçün faydalı, gərəkli məsələlərdən yazmaqdansa, səmərəsiz işlərlə məşğul olduqlarını tənqid edir və yazır ki,  daha yaxşı olardı ki, mühərrirlərimiz, dərdlərimizi bir doktor kimi anlayıb ona görə çarə edəydilər. M.Hacıbababəyov çıxışında gimnaziyada  təhsil alan azərbaycanlı tələbələrin azlığına da diqqəti çəkir və bunun səbəbini araşdırılmasını, bu qüsurun aradan qaldırılmasının vacibliyini önə çəkir.Yeri gəlmişkən qeyd edək ki, görkəmli  ictimai-siyasi xadim M.Hacıbababəyovun adı Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri kimi tarixə düşmüşdür. O, Zaqafqaziya seyminin  süqutundan (191826 may) sonra Azərbaycan Milli Şurasının(191827 may) üzvü, Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən millət vəkillərindən biri olmuşdur.

         
“C. Dağıstaninin “yövmi-təqdir”i” məqaləsi həcmcə kiçik olsa da,  böyük maraq doğurur, günümüz üçün aktualdır, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ilk demokratik və dünyəvi dövlətimizin gələcək qurucularından Ceyhun Hacıbəylinin,
Mehdi bəy Hacınskinin, Mehdi bəy Hacıbababəyovun fəaliyyətini, dövrün mətbuatını, onun mövzu və problemlərini öyrənmək cəhətindən, ziyalıları qayğılandıran, düşündürən məsələlər barəsində səhih və dəqiq məlumat əldə emək nöqteyi- nəzərindən, eyni zamanda Ceyhun Hacıbəylinin yaradıcılıq yoluna daha yaxından bələd olmaq baxımından əhəmiyyətlidir.   

Mehdi Gəncəli,

dos.dr.

Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini

Abid Tahirli

filologiya elmləri doktoru

 

C. Dağıstaninin “yövmi-təqdir”i

     
 İşbu oktyabr ayının on ikisinde, “Nicat” maarif cəmiyyəti tərəfindən “Kaspi” mühərriri [yazıçısı] C. Dağıstaninin on sənə mühərrirliyi münasibəti ilə bir “yövmi-təqdir” [təqdir günü] icra edilmiş.

       
Məzkur “yövmi-təqdir”də  kəşidə edilən [verilən] ziyafəti hazirun tərəfindən intixab edilən [seçilən] Mehdi bəy Hacınski idarə ediyormuş. O gün hazirun tərəfindən bir çox nitqlər irad edilmiş və bunların arasında Mehdi bəy Hacıbababəyovun nitqi şayanı-diqqət bir mövqe ehraz eylemişdir. Zira müşarünileyh demiş ki, bizim mühərrirlərimizin çoxu millətimizə əlverişli ən böyük məsələləri bir tərəfdə qoyub yolsuz, səmərəsiz məqalələrin təhriri ilə iştiqal ediyorlar! Daha yaxşı olardı ki, mühərrirlərimiz, dərtlərimizi bir doktor kimi anlayıb ona görə çarə edəydilər. Məsələn bu gün birinci, ikinci gimnaziyalar müsəlmanlar tərəfində olduğu halda, nə səbəbə görə oralarda müsəlman mütəəllimləri [tələbələri] azdır? Şübhəsiz ki, buna böyük bir səbəb vardır. İştə, bu səbəbləri arayıb yazmalı! Bu məclisin sonunda “yövmi-təqdir” sahibi C. Dağıstani, “Nicat” maarif cəmiyyətindən və haziruni-kiramdan [hörmətli qonaqlardan] razılıq edərək məclisə xitam verilmişdir. 

“Sovqat” qezeti, № 25, 30 sentyabr 1916. 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi