Modern.az

Orucluqda 1 günün söhbətini EDƏNLƏR: Mübahisə nədən qaynaqlanır?

Orucluqda 1 günün söhbətini EDƏNLƏR: Mübahisə nədən qaynaqlanır?

17 May 2018, 15:07

Ramazan ayı İslam tarixində müqəddəs aydır və bütün müsəlmanlar bu ayı sevir. O çox zaman "ayların şahı" adlandırılır.

 

Bu, İslam dünyasının müqəddəs kitabı Quranın Ramazan ayında nazil edilməsi ilə bağlıdır. Həmçinin bu barədə və bu ayda oruc tutulması ilə bağlı müqəddəs kitabda ayə də verilib.

 

Müqəddəs Ramazan ayının başlanması ilə bağlı müsəlman dünyasında fikir ayrılığının mövcudluğu bir çox möminləri narahat etməkdə davam edir. Burada maraqlı məqamlardan biri də bu gözəl ayın başlaması ilə yanaşı həmçinin onun bitməsi ilə də bağlıdır.

 

Hər bir cəmiyyət kimi İslam cəmiyyətinin fərdləri də bütün sahələrdə həmrəyliyin olmasını lazım bilir. Müqəddəs Ramazan ayında müsəlmanların birliyi ən gözəl əməllərdən sayılır. Ümumiyyətlə İslam aləmində müsəlmanların birliyi ciddi şəkildə alqışlanır. Ramazan ayında isə buna xüsusi diqqət yetirilir. İnsanlar bir-birini iftara dəvət edir, birgə dini ayinləri icra etməyə və hətta fikir mübadiləsində belə həmrəyliyə üstünlük verirlər. Axı həmrəylik istənilən cəmiyyət içərisində nifaq salmaq istəyən bütün qüvvələrə lazımi cavab verməyə imkan verir. 

Bəs bu fikir ayrılığının səbəbi nədir? Burada əsas məsələ təqvim və onun hesablanması ilə bağlı olsa da, mühafizəkar fikirlərin də öz yeri var. Təqvim məsələsi əsas rolu oynasa da, ikinci məsələ də coğrafi aspektdə böyük rola malikdir.

Əvvəlcə fikir ayrılığı ilə bağlı danışaq. Məsələ burasındadır ki, bu gözəl ayın başlanması müxtəlif ölkələrdə müxtəlif zamanlarda baş tutur. Misal üçün qeyd edək ki, Türkiyə may ayının 16-da Ramazan ayının başlamasını elan etsə də, Azərbaycan bu tarixin mayın 17-dən başladığını bildirib. Ən maraqlı məqamlardan biri isə bu ay İraq kimi ölkələrdə daha gec, yəni 18-də də başlayır.

 

Burada fikir ayrılığının əsas səbəbi hədisə müxtəlif dini liderlər tərəfindən müxtəlif cür açılış verilməsi ilə bağlıdır. Məsələ burasındadır ki, müqəddəs kitabda Ramazan ayında oruc tutulması və onun xeyirləri ilə bağlı ayələr olsa da həmin ayın necə hesablanması və ya oruca dəqiq nə zaman başlanması ilə bağlı məlumat verilməyib.

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilib. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar”(“Bəqərə”, 185).

Bu cür halların aydınlaşdırılması üçün din alimləri hədislərə müraciət edirlər. Başlanğıcla bağlı hədisdə isə yəni, Əbu Hüreyrə (r.a.) Allah Rəsulunun (s.ə.s.) belə buyurduğunu nəql edib:

 

“Hilalı görəndə oruca başlayın, növbəti hilalı görəndə isə bayram edin”.

 

O dövrdə ayın bədrlənməsini yəni hilalı yalnız gözlə müşahidə etmək mümkün idi. Çünki, həmin an cəmiyyət indiki texnoloji üstünlüklərə sahib deyildi. Bu dövrə kimi ayın hərəkəti ilə bağlı bir çox dəqiq hesablamalar və digər cədvəllər olsa da, ərəb cəmiyyəti həmin cədvəllərdən istifadə etmək imkanına malik olmayıb. Belə ki, həmin dövr ərəb cəmiyyəti necə deyərlər, hələ İslamla özünə mədəniyyət qazanmağa başlamışdı.

 

Qayıdaq hesablama məsələsinə. Rəvayətə görə, əgər hilalı gözlə görmək mümkün deyilsə, yəni müşahidə mümkün olmadıqda əvvəlki Şaban ayını 30 günlə tamamlayıb oruca başlamaq məsləhət görülür. Həmçinin burada ayın tamamlanması, yəni orucluğun bitməsi və bayramın qeyd edilməsi ilə də bağlı da eyni yanaşma təqdim olunur. Yəni hilal müşahidə edilə bilməsə yenə də başlanılmış tarixdən ayı 30 günlə tamamlayıb bayram edilməsi tövsiyə edilir.

 

“Nazmüd-dürer”də ki hədisdə isə “hər kəs oruca başlayanda siz də başlayın, hər kəs bayram edincə siz də bayram edin”- deyə ifadə olunur.

Burada həmçinin vurğulamaq lazımdır ki, möminlər çox zaman mühafizəkarlıq göstərərək verilən təqvimlərə uymayaraq hilalı gözlə görməyi üstün tuturlar. Bu cür yanaşma əsasən Yaxın Şərqdə müşahidə olunur. Məsələn Səudiyyə Ərəbistanında təqvimə uyğun, İran və İraq kimi ölkələrdə isə müşahidəyə və qeyd edilən hədislərə uyğun fətva verilir.

 

İslam aləmində ikinci yanaşmaya üstünlük verilməsi İslam təqviminin Ayın Yer kürəsi ətrafında hərəkəti ilə bağlı olmasıdır. Misal üçün miladi təqvim Yerin öz oxu ətrafında və Günəşin ətrafında dövrəsi ilə bağlıdır. Burada təzad doğuran məsələ yenə də Ayla bağlıdır. Belə ki, ayın Yer kürəsi ətrafında mürəkkəb hərəkət mexanizmi var.

 

Amma orta hesabla söyləsək Ay Yer kürəsi ətrafında bir tam dövriyyəni 29,5 günə tamamlayır. İnsanların Ayın hilalını yəni Günəşlə üz-üzə dayanaraq tam işıqlanmasını müşahidə etməsi 29 gün yarıma başa gəlir. Burada gün deyərkən Yerin öz oxu ətrafında fırlanması nəzərdə tutulur.

 

Daha dəqiq söyləsək Ay bir dövriyyəsini tam 30 günə vurmur. Buna görə də İslam təqvimində ayların bəzisi 29, bəziləri 30 gün hesablanır. Hesablamanın bu cür mürəkkəbliyi Ayın dövriyyəsi zamanı ona Günəş başda olmaqla müxtəlif göy cisimlərinin təsir etməsi ilə bağlıdır.

 

Bütün bunları nəzərə alaraq Ramazan ayının başlaması ilə bağlı fikir ayrılığının yuxarıda göstərdiyimiz səbəblərdən qaynaqlandığını deyə bilərik. Bu problemin yaxın zamanlarda həll olunması mümkün görünmür.

 

Əvəz ZEYNALOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?